Danbar rəqəmi

by 3:41 AM
İnsan yarandığı gündən etibarən özü kimi olanlarla ünsiyyətə girməyə başlamışdır. Bu əvvəllər fiziki ehtiyacdan yaransa da, sonradan sosial ehtiyaca çevrilmişdir. Buna əsaslanan İngilis antropoloqu Robin Danbar 1992-ci ildə insanların münasibətdə olduğu digər insanların effektiv sayı haqqında bir nəzəriyyə yaradır. Nəzəriyyəni yoxlamaq üçün isə uzun müddət ərzində meymunların öz aralarındakı “ictimai” əlaqələri araşdırır. Danbar insan neokorteksinin ancaq “müəyyən” sayda insan ilə “effektiv” münasibətlər qura biləcəyini aşkarlayır. Meymunlar üzərində apardığı həmin təcrübələr vasitəsilə meymunların birbaşa ünsiyyət qurduğu həmcinslərinin sayının məhdud olduğunu və bu rəqəmdən artıq kimsə ilə münasibət qurmadıqlarını müşahidə etmişdir. Bu qəlibin isə meymun beynindəki neokorteks bölgəsinin həcmi ilə əlaqəli olduğunu iddia edib.

Robin Danbar tərəfindən irəli sürülən bu rəqəm bir insanın keyfiyyətli münasibət qura biləcəyi insanların sayıdır. Belə bir sual yaranır ki, müasir dövrdə texnologiya və internetin sürətli inkişafı insanların Facebook, Twitter, İnstagram kimi sosial şəbəkələrdə 1000-lərlə dostunun olmasına şərait yaradır, bəs bu halda necə?

İnsan nə qədər texnologiya ilə yaxın olsa, öz həyatının hər hissəsində ondan istifadə etsə də, insan yenə də əvvəlki insandır. Danbarın dediklərini əsas götürərək bir neçə alim 2011-ci ildə Twitter üzərindən tədqiqat aparırlar. 4 il çəkən bu tədqiqatın nəticələri göstərir ki, 100.000 və ya 1.000.000 təqibçisinin olmasından asılı olmayaraq, insan təxminən 150 insanla mənalı ünsiyyətdə olur.

Eyni rəqəm biznes dünyası üçün də keçərlidir. Tədqiqatlara görə, 150 nəfərə qədər insanın işlədiyi şirkətlərdə həm qarşılıqlı əlaqələr, həm də məhsuldarlıq yüksək səviyyədə olur.

Bu rəqəmin az olduğunu düşünə bilərsiniz. Ancaq enerjinizin həcmini və vaxtınızı nəzərə alsanız, bunun səbəbini anlayacaqsınız. Danbarın nəzəriyyəsinə görə, ünsiyyətdə olduğunuz insanları aşağıdakı 4 qrupa bölmək mümkündür:

1. Sevdiyiniz, ancaq tez-tez ünsiyyət qurmadığınız insanlar;
2. Sevdiyiniz və tez-tez ünsiyyət qurduğunuz insanlar;
3. Sevmədiyiniz və tez-tez ünsiyyət qurmadığınız insanlar;
4. Sevmədiyiniz, ancaq ünsiyyət qurmağa məcbur olduğunuz insanlar.

Bu nəzəriyyəyə görə, əgər yeni bir insanla tanış olub, onunla ünsiyyətimizi davam etdiririksə, onda əvvəlki tanışlarımızdan biri ilə münasibətlərimiz avtomatik olaraq kəsilir. Yəni, yeni gələn fərd uzun müddətdir ünsiyyət qurmadığımız bir insanı əvəz edir.

Son 200 min ildir ki, Danbar sayımız olan 150 nəfərin sayı dəyişməyib. Bu səbəbdən bəzən qonşularımızın adını belə bilmirik. Bəzi alimlər bu rəqəmin 230-a qədər arta biləcəyini söyləsə də, bu çox nadir hallarda özünü göstərir. Çünki beynimizdəki neokorteksin həcmin bu qədər insan haqqında məlumatı əhatə edə bilmir. Bu da beynin digər sahələrinə təsir edir. Bu baxımdan, insan beyni öz-özünü tənzimləyir.

Bütövlükdə götürdükdə, vacib olan çox sayıda insanla ünsiyyət qurmaq deyil, az olsa da, mənalı ünsiyyət qura bilməkdir. Necə deyərlər, 10 ədəd 10 qəpik də 1 manat edir, iki ədəd 50 qəpik də.


http://readit.az/az/news/28

Disqus Shortname

Comments system

Powered by Blogger.