Endi Veyr - Yumurta (qısa hekayə)

by 8:43 AM


Öləndə evə gedən yolda idin.
Bu, avtomobil qəzası idi. Bu hadisədə sənin ölümünü çıxmaqla heç bir qeyri-adi hal yox idi. Arxanda həyat yoldaşını və iki uşağını qoydun. Ağrısız bir ölüm idi. Tibb işçiləri səni xilas etmək üçün əllərindən gələni etdilər, ancaq faydası olmadı. İnan mənə, bədənin elə parçalanmışdı ki, ölməyin daha yaxşı idi.
Beləliklə, mənimlə tanış oldun.
“Nə.. nə oldu?” deyə soruşdun, “Mən hardayam?”
“Öldün” dedim, birbaşa. Məsələni uzatmağın mənası yox idi.
“Orada... yük maşını var idi və maşınım fırlanırdı..”
“Elədir” dedim.
“Mən.. mən öldüm?”
“Bəli, ancaq narahat olmağa dəyməz, hamı bir gün ölür” dedim.
Ətrafına baxdın. Orada heçlik var idi. Təkcə sən və mən. “Bura haradır?” sən soruşdun. “Axirətdir?”
“Demək olar ki” mən dedim.
“Sən tanrısan?” sən soruşdun.
“Bəli” dedim, “Mən Tanrıyam”.
“Mənim uşaqlarım... mənim arvadım” sən dedin.
“Onlara nə oldu?”
“Onlar yaxşıdır?”
“Görmək istədiyim məhz bu idi” mən dedim. “Elə indicə ölmüsən, ancaq yeganə narahatlığın ailənlə bağlıdır. Bu qiymətləndirilən bir davranışdır.”
Mənə ovsunlanmış kimi baxırdın. Sənin fikrincə, mən Tanrıya oxşamırdım. Mən sadəcə digər adamlar, ya da qadınlar kimi idim. Yaxud da qeyri-müəyyən bir avtoritar şəxs kimi. Ya da, güclü ibtidai sinif müəlliməsi kimi.
“Narahat olma” dedim. “Onlar yaxşı olacaqlar. Övladların səni mükəmməl bir insan kimi xatırlayacaq. Həyat yoldaşın hamının yanında ağlasa da, təklikdə rahatlıq tapacaq. Əyri oturaq, düz danışaq, nigahınız dağılmağa tərəf gedirdi. Əgər bu səni rahatladacaqsa, deyim ki, arvadın bu rahatlıq hissi üçün özünü günahkar hiss edəcək.”
“Həə” sən dedin. “Bəs indi nə olacaq? Mən cənnətə gedəcəm, ya cəhənnəmə?”
“Heç biri” dedim. “Sən reankarnasiya olacaqsan.”
“Elə mi?” dedin. “Deməli Hinduistlər haqlı imiş?”
“Hər din özünə görə haqlıdır” dedim. “Ardımca gəl”.
Heçlikdə birlikdə addımlamağa başladıq. “Biz hara gedirik?”
“Əslində heç bir yerə” dedim. “Bu sadəcə söhbət edərkən həyata keçirdiyimiz kiçik bir gəzintidir”.
“Onda bunun əhəmiyyəti nədir?” sən soruşdun. “Mən yenidən doğulanda boş lövhə kimi olacam, elədir? Körpə olacam. Yəni, mənim bu həyatda əldə etdiklərimin və bütün təcrübələrimin heç bir dəyəri olmayacaq.”
“Elə deyil!” dedim. “Sənin daxilində bütün keçmiş həyatlarının bilik və təcrübəsi var. Sadəcə onları indi xatırlamırsan”.
Mən dayandım və sənin çiyinlərindən tutdum. “Sənin ruhun təsəvvür etdiyindən daha möhtəşəm, gözəl və böyükdür. Hər hansı bir insanın zehni sənin əslində nə olduğunla bağlı çox az şeyi dərk edə bilər. Bu bir stəkan suya barmağını salaraq onun soyuq və ya isti olduğunu müəyyənləşdirmək kimidir. Sanki özündən bir hissəni kiçik bir qaba qoyursan və onu geri götürəndə qazandığın bütün təcrübələr də sənə qayıdır”.
“48 ildir ki, bu insanın bədənində idin. Buna görə də, özünə gəlməyin bir qədər vaxt apara bilər. Burada kifayət qədər qalsan, hər şeyi xatırlayacaqsan. Ancaq iki həyat arasında belə bir şey etmək mənasızdır.”
“Mən neçə dəfə reankarnasiya olmuşam?”
“Dəfələrlə. Saysız-hesabsız dəfə. Üstəlik xeyli müxtəlif həyatlar yaşamısan” dedim. “Məsələn, indi miladdan sonra 540-ci ildə yaşayan bir çinli qız kimi dünyaya gələcəksən”.
“Dayan, nə?” deyə özünü itirdin. “Sən məni zamanda geriyə göndərirsən?”
“Texniki olaraq, bəli. Bildiyin kimi, zaman anlayışı ancaq sənin kainatında mövcuddur. Mənim gəldiyim yerdə işlər başqa cür cərəyan edir”.
“Sən hardan gəlmisən?” sən dedin.
“Həə, əlbəttə.” mən izah etdim, “Mən haradansa gəlmişəm. Haradansa başqa yerdən. Və orada hamı mənim kimidir. Bilirəm ki, sən oranın necə bir yer olduğunu öyrənmək istəyirsən, ancaq təəssüf ki, sən bunu anlamayacaqsan.”
“Həə” dedin və biraz dayandın. “Dayan. Əgər mən müxtəlif dövrlərə reankarnasiya olunuramsa, mənim özümlə qarşılaşmaq ehtimalım var?”
“Əlbəttə, bu həmişə baş verir. Ancaq öz həyatından xəbərdar olan iki həyatın qarşılaşır və heç nə anlamırlar.”
“Bəs onda bütün bunların mənası nədir?”
“Ciddisən?” dedim. “Həqiqətən, həyatın mənasının nə olduğunu soruşursan? Bu həddindən artıq şablon bir sual deyilmi?”
“Məncə məntiqli bir sualdır,” sən təkid etdin.
Gözlərinin içinə baxdım və dedim: “Həyatın mənası, bu kainatın yaradılma səbəbi sənin müdrikləşməyindir”.
“Bəşəriyyəti nəzərdə tutursan? Sən insanlığın müdrikləşməsini istəyirsən?”
“Yox, təkcə sənin. Mən bütün kainatı sənin üçün yaratmışam. Hər yeni həyatla sən daha da yetkinləşirsən, böyüyürsən və daha böyük və möhtəşəm bir idraka sahib olursan”.
“Təkcə mən? Bəs digər insanlar?”
“Başqa heç kəs yoxdur” dedim. “Bu kainatda təkcə sən və mən varıq.”
Sən boş gözlərlə mənə baxdın. “Bəs dünyadakı o qədər insan..”
“Hamısı sənsən. Onlar sənin müxtəlif inkarnasiyalarındır.”
“Dayan. Mən hamıyam!?”
“Artıq başa düşürsən” dedim və təbrik edirmiş kimi kürəyinə toxundum.
“İndiyə qədər yaşamış bütün insanlar mənəm?”
“Həm də gələcəkdə yaşayacaq bütün insanlar, bəli.”
“Mən Abraham Linkolnam?”
“Sən həm də Con Uliks Botsan.”
“Mən Hitlerəm?” dedin və həyəcanlandın.
“Və onun öldürdüyü milyonlarla insansan.”
“Mən İsayam?”
“Və onu izləyən bütün insanlarsan.”
Sükuta qərq oldun.
“Hər dəfə kimisə öldürəndə” dedim, “özünü öldürürdün. Hər dəfə yaxşılıq edəndə, özünə edirdin. İnsanların yaşadığı və yaxud gələcəkdə yaşayacağı hər xoşbəxt və ya kədərli anı sən yaşamısan.”
Sən uzun müddət düşündün.
“Niyə?” məndən soruşdun. “Bunları niyə edirsən?”
“Çünki bir gün sən də mənim kimi olacaqsan. Çünki sən busan. Sən mənim nəslimdənsən. Sən mənim övladımsan.”
“Necə?” sən dedin. “Mənim Tanrı olduğumu deyirsən?”
“Yox. Hələ yox” mən dedim, “Sən hələ rüşeymsən. Hələ inkişaf edirsən. Bütün insanların həyatını yaşadıqdan sonra doğulmaq üçün kifayət qədər böyümüş olacaqsan.”
“Deməli, bütün kainat,” sən dedin, “sadəcə..”
“Yumurtadır” mən cavab verdim. “İndi isə yeni həyata başlamaq vaxtıdır.”

Və səni öz yoluna göndərdim.


Tərcümə: Ramilə Bayramova.

Minimalizm: Azın gətirdiyi Çoxluq

by 10:34 AM


Minimalizm fəlsəfəsini ən gözəl izah edən fikirlərdən biri Platona məxsusdur: “Əsas məsələ, çox şeyə sahib olmaq deyil, az şey istəməkdir”. Bir çox insan tərəfindən ümumiyyətlə bilinməyən bu fəlsəfi baxışın formalaşma tarixi XIX əsr kimi göstərilsə də, əslində bundan daha əvvəlki dövr fəlsəfəsində də minimalist fikirlərə, ideyalara rast gəlinir (Platonun fikrindən də göründüyü kimi). Məhşur filosof Diogeni ilk minimalistlərdən biri hesab etmək olar. Bundan başqa, Buddizm, Stoisizm, Taosizm, Xristianlıq və digər bir çox din və cərəyanlarda minimalist həyat tərzinin elementlərinə rast gəlmək mümkündür.
Bəs minimalizm nədir? XIX əsrdə ilk növbədə sənət sahələrində özünü göstərən minimalizm, daha sonralar həyat tərzinə çevrilməyə başlamışdır. Bu fəlsəfi baxışın əsas ideyaları “Az çoxdur” şüarına əsaslanır. Minimalizm fəlsəfəsinin tərəfdarları sadəliyi tərənnüm edirlər. Ancaq bu sadəlik bəsitlik kimi başa düşülməməlidir. Əksinə, maddi asılılıqlardan imtina etmənin gətirdiyi mənəvi rahatlıq və ucalıq kimi anlaşılmalıdır.

Müasir dövrdə texnlogiyanın inkişafı, məhsul çeşidliliyi və s. kimi imkanlar insanları çoxsaylı seçimlərə vadar edir. Bu seçimlər istər əxlaqi, istərsə də vaxtın dəyərləndirilməsi baxımından çox vaxt faydasız olur.
Minimalizmin əsasında, maddiyyatçılıqdan imtina dayanır. İnsanların maddi nemətlərə (paltar, yemək, texnoloji avadanlıqlar və s.) olan asılılığı onların özlərini həqiqətən qiymətləndirməsinə imkan vermir. Belə ki, biz pul qazanmaq üçün çox işləyirik, buna görə də özümüzə ayırmaq üçün vaxt tapa bilmirik. Halbuki, maddi olanlardan imtina edib, özümüzü dəyərləndirməyə başlasaq həyat daha da mənalı olacaq.
Əgər dünyada maddi olan hər şey müvəqqətidirsə, onda qısa olan ömrünüzdə vaxtınızı və enerjinizi onlara xərcləməyə dəyərmi? Maddiyyatçı düşüncəyə sahib insanlar ömür boyu işləyir, yaşamaq əvəzinə işləməyə qurban etdikləri həmin saatların əvəzində aldıqları pulları isə müvəqqəti olanlara xərcləyirlər.
Bu fəlsəfi baxış həyatınızdakı hər şeydən imtina etməyi deyil, sadəcə həqiqətən ehtiyacınız olan şeyləri istifadə etməyi ifadə edir. Bu fəlsəfəni öz həyat tərzinə çevirən insanlar adətən, yalnız ehtiyacları olan şeylər üçün pul ödəyirlər. Ancaq, ucuzluq naminə keyfiyyətsiz məhsullardan istifadə heç də düzgün deyil. Belə ki, onlar gələcək vaxtlarda sizin üçün daha böyük xərc və problemlərə səbəb ola bilər. Minimalist həyat tərzi sizə hər mənada keyfiyyətli və mənalı bir həyat təklif edir.
Minimalizm fəlsəfəsini həyatınızın istənilən sahəsində tətbiq edə bilərsiniz. Evinizdə, işinizdə, nitqinizdə, düşüncə tərzinizdə və s. Bəs bu fəlsəfi baxışı necə vərdişə çevirə bilərik? Bu fəlsəfə sadəliyin fəlsəfəsidir. Buna görə də, onu mənimsəmək və həyat tərzinə çevirmək üçün maddiliyə olan asılılığımızı aradan qaldırmalıyıq. Həddindən artıq paltara, əşyaya sahib olmamalı, danışığımızda və düşüncələrimizdə sadə olmalıyıq. Vaxtımızı mənasız yerə xərcləyən fəaliyyətlərdən uzaq dayanmalı, yeyib-içməyə, pul xərcləməyə aludə olmamalı, pul yığmaq əvəzinə dost yığmalıyıq.
Bəs biz necə edirik? Qonşunun qızı Iphone 8 alıb, mən də almalıyam və yaxud, filan mağazadakı donu alıb, universitetdəkilərlə “yarışmalıyam”, bu məkanda şəklim yoxdur, orda oturaq və s. kimi düşüncələrə qapılırıq. Ancaq, əslində əşyaların formasına yox, məzmununa dəyər verməliyik. Telefon, paltar və yaxud yeməyin real funksiyası nədir? Bu cür mənasız və maddiyyatçı mübarizələr bizə stressdən başqa nə qazandırır?
Ətrafınızda vaxtınızı, pulunuzu və enerjinizi xərclədiyiniz bir çox şeyin əslində dəyərsiz olduğunu görmək o qədər də çətin deyil.

Bütün bu fikirlərdən elə bir təsəvvür yarana bilər ki, bu fəlsəfi baxış xəsislik və ya aşağı həyat səviyyəsi deməkdir. Xeyr, əksinə minimalizm sizə həyatı düzgün və mənalı formada dəyərləndirməyə və yaşamağa kömək edir. Həddindən artıq əşyadan, paltardan və s. xilas olmaq, stressdən xilas olmaq deməkdir.

Disqus Shortname

Comments system

Powered by Blogger.