Fəlsəfə, yoxsa elm? Culian Baqqini və Laurens Kraus (Müzakirə) - II Hissə

by 11:31 PM

Ardı..



J.B.: Əlbəttə, indi qeyri-mümkün görünən hər hansı bir sualın bir gün elm tərəfindən cavablandırıla biləcəyi ehtimalını istisna etmək ağılsızlıq olardı. Ancaq elmin nə qədər irəli gedə biləcəyi ilə bağlı təxminlərə skeptik yanaşmaq da vacibdir. Əgər vacib deyilsə, o zaman biz əhəmiyyətli fəlsəfi sualları vaxtından əvvəl alimlərə təhvil verməyə tələsməməliyik.
Sizin homoseksuallıqla bağlı misalınız mühüm məsələdir. Razıyam ki, bu düşüncə üçün əsas yanlış odur ki, o dəbdən düşmüş fikirlərlə bağlıdır. Ancaq sizin fikrinizə görə, elm göstərir ki, homoseksual davranışlar “tamamilə təbiidir”, “təkamülə heç bir mənfi təsiri yoxdur”, “bioloji əsaslıdır” və buradan belə nəticə çıxır ki, “təbii olaraq, yanlış deyil”. Ancaq bu nəticə müdafiənin etik və elmi formalarını qarışdırır. Homoseksuallıq əxlaqi cəhətdən qəbul edilə bilər, elmi səbəblərə görə yox. Doğru və yanlış sadəcə təkamülə təsir və ya təbiiliklə əlaqəli məsələ deyil. Məsələn, belə bir iddia var ki, təcavüz təbiidir və təkamülə faydası var. Ancaq tənqidçilər tərəfindən bunun qəti şəkildə inkarı, həmin iddiaları qaldıran insanların özündə də yanlış olduqlarına dair böyük stress yaradıb. Eyni cür iddialar zina üçün də irəli sürülmüşdü. Elm bizə müəyyən seksual hərəkətlərin təbiiliyi haqqında məlumat verir, ancaq onların nəticəsini müəyyənləşdirmir. Bunu aydınlaşdırmalıyıq. Bu bir daha göstərir ki, bu məsələlərin filosoflardan çox alimlərə ünvanlanması mümkündür, ancaq bunun üçün hələ çox tezdir.
L.K.: Bir daha deyirəm ki, bunlar “incə” fikir ayrılıqlarıdır. Bizim ağlımız var və buna görə də müxtəlif bioloji tendensiyaların üzərindən sosial harmoniya adı ilə keçə bilərik. Lakin mən düşünürəm ki, elm həmçinin, bizim əxlaqi əqidələrimizi dəyişdirə və müəyyənləşdirə bilər. Məsələn, zina faktı bioloji fakt kimi, hər bir düşünən insan üçün “mütləq” hökmünü dəyişdirməlidir. Üstəlik, əxlaqi əqidələrin cəmiyyətdən cəmiyyətə dəyişməsi göstərir ki, onlar bunu sonradan öyrəniblər və bu psixologiyanın sahəsidir. Digərləri daha universal xarakter daşıyırlar və bunun üçün də neyrobiologiya var. İnsanın öz azad iradəsi ilə əxlaqi mühakiməyə yönəlməsi bir növ illuziyalı inamdır və mən bunu sadəlövhlük hesab edirəm.
Mövzunu dəyişmək istəyirəm. Etiraf etməliyəm ki, “Niyə varlıq heçlikdən çoxdur?” sualının alimlərə ünvanlanması ilə razılaşmağınız xoşuma gəldi. Ancaq mən iddia edirəm ki, ümumilikdə götürdükdə, “niyə?” sualları əslində “necə?” suallarıdır. Razısınız?
İcazə verin, mövzu çərçivəsində bir misal çəkim. Astronom Con Kepler 1595-ci ildə “Niyə?” sualına cavab tələb edirdi: Niyə altı planet var? Onun fikrincə, bəlli olan beş bərk cismin quruluşları müxtəlif çoxbucaqlılarla - üçbucaqlı, kvadrat və s. ilə oxşardır, ancaq onların bucaqlarının sayının artıb-artmaması kürələr tərəfindən məhdudlaşdırıla bilər. O zənn edirdi ki, həmin kürələrin sonradan planetlərin peyklərinə çevrilməsi, onların günəşdən oxşar məsafələrdə yerləşməsi və sırası, dərin mənada, Tanrının zəkasının təcəssümü ola bilər.
“Niyə?” sualı kainatın məqsədini aşkar etdiyi üçün məna kəsb edirdi. İndi isə bu sualın mənasızlığını dərk edirik. İndi biz nəinki sadəcə altı planet olmadığını, həmçinin, Günəş sistemimizin unikal və mütləq olmadığını da bilirik. Buradan belə bir sual ortaya çıxır: “Necə oldu ki, bizim günəş sistemimizdə planetlər indiki sıra ilə yayıldılar?” Bu sualın cavabı kainatın başqa bir hissəsində həyatın mövcudluğu məsələsinə də aydınlıq gətirəcək. “Niyə” sualı sadəcə olaraq “Necə” sualına keçməyib, həmçinin artıq bu sual heç bir faydalı mahiyyət kəsb etmir.
J.B. : Bunun qəbahət yoxsa məziyyət olduğunu bilmirəm, ancaq fəlsəfədə sadəcə “incə” fikir ayrılıqları yoxdur! Ancaq bizə verilən mövzu etikaya olduqca yaxındır, gəlin onu “necə” və “niyə” suallarına doğru çevirək.
Mən burada bir çox şeylə razıyam. Ancaq mən, məsələn, “necə” sualı ilə, ondan əvvəlki “niyə” sualı arasında sonuncu fikrinizdə din və elm arasında heç vaxt mübahisənin olmaması məsələsi ilə razı deyiləm. Bu ikisi belə asanlıqla həll oluna bilməzdi. Əgər xristian Tanrının Böyük Partlayışı izah etməsi ilə bağlı mübahisə edirsə, labüd olaraq onun kainatın əmələ gəlməsində rolu ilə bağlı fikirlər söyləyir. Ancaq mən bütün “niyə” suallarının “necə” sualları kimi anlaşılması ilə razılaşmıram. Buna adi bir misal olaraq, insanın fəaliyyətini göstərmək olar. Belə ki, insan çox nadir hallarda səbəbsiz hərəkətlər edir. Digər hallarda isə biz müəyyən səbəblərə görə davranırıq.
Bəzi utanmaz filosoflar və alimlər bunu əlverişli uydurma və ya illuziya kimi izah edirlər. Onlar iddia edirlər ki, insan fəaliyyətinin əsası “necə” sualının altında yatır, xüsusilə də, beyin informasiyanı necə qəbul və emal edir, sonrasında isə fəaliyyəti necə istehsal edir. Ancaq birisinin ona yaxın olan biri üçün özünü qurban etməsini izah etməyə neyroloji cavab kifayət etmir. Məsələn: Sevginin həqiqəti tamamilə “niyə” sualı ilə açılır. Əslində, sevginin kökündə neyronların və hormonların hərəkətə keçməsi dayanır. Sizin baxışınıza görə, biokimyəvi və psixoloji yanaşmaların uyğunluğu olduqca təəccübblü və insan iradəsi və azadlığı haqqında baxışlar tamamilə yanlışdır. Ancaq bizim, elmin bir gün insan fəaliyyəti ilə bağlı “niyə” suallarını verməyi lazımsız hala gətirəcəyini düşünməyimiz üçün heç bir səbəb yoxdur, çünki sevgi kimi anlayışlar buna cavabdır. Yoxsa bu romantik uydurmadır? Bu söhbət sizi bezdirirsə, niyə davam etdirirsiniz? Beyniniz yanlız bu cür işlədiyi üçün?
L.K.: Mən bu söhbətdən həzz alıram, bu da mənim “niyə” davam etdirdiyimin səbəbidir. Belə ki, mənim bu əyləncəm fəlsəfi və linqivistik dolaşıqlıqları insanlar üçün əyləncəli edən mürəkkəb proseslərdən gəlir. Düşünürəm ki, mən sizin sualınıza qayıtmalı və sevgi kimi anlayışların niyə (əgər bu sualı verməyə icazə varsa) neyronlar və biokimyəvi reaksiyalarla izah oluna bilməyəcəyini düşündüyünüzü soruşmalıyam. Bu vəziyyətdə, şüurumuzu idarə edən “fiziki” olmayan nəsə olmaldır. Düşünürəm ki, mən bu məsələdə belə bir şey görmürəm. Əlbəttə ki, biz artıq təkamül biologiyası baxımından fədakarlığın bir çox aspektlərini anlayırıq. Fədakarlıq və ya qurban vermə, bir çox hallarda, bir qrupun və ya tayfanın yaşaması üçün yaxşıdır. Əgər bu genlərin yayılmasında əsas təkanverici qüvvə rolunu oynayırsa, onda bu cür alturistik fəaliyyət təkamül xarakteri daşıyır. Ancaq mikro miqyaslı bioloji reaksiyaların makro miqyasda öyrənilməsini nəzərə alaraq deyə bilərik ki, bizim bu sosial fəaliyyətləri aradan qaldırmağa nail olacağımız gün çox da uzaqda deyil.
Sırf praktiki mənada, bəlkə bu məsələ yaxın gələcək üçün olduqca çətin olacaq və ya həmişə indi olduğu kimi qalacaq, ancaq mənim kainat haqqında bildiklərim məni “həmişə” sözünü istifadə etməyə utandırır. Çünki, fizika qanunları ilə idarə olunmayan heç nə yoxdur. Belə ki, mən hal-hazırda təsəvvür edə bilmirəm ki, mən nəfəs aldığım otaqdakı bütün hissəciklərin hərəkətini hesablaya bilərəm. Bunun üçün orta kəmiyyətlər götürməli və fiziki fəaliyyətin statistikasını aparmalıyam. Lakin bəlkə də bir gün bacararam, hardan bilmək olar?
J.B.: Həqiqətən də, hardan bilmək olar? Fəlsəfənin bir gün gərəksiz ola biləcəyi ilə yanaşı, elmin sərhədlərinin də olduğunu qəbul etmək lazımdır.
Kainatdakı maddələrin fiziki elmlərdəki maddələrdən çox olduğunu düşünmürəm. Ancaq mən insan davranışının təkbaşına fizika və ya biologiya tərəfindən açıqlana biləcəyindən şübhəliyəm. Baxmayaraq ki, biz hərfi mənada ulduzlarla eyni maddədən hazırlanmışıq, şüur kimi bu maddənin özü də elə mürəkkəb təşkil olunmuşdur ki, onu bozonların və fermiyonların əsas süxurları ilə izah etmək mümkün deyil. Ən azından mən belə düşünürəm. Fiziklərin gediləsi yollarının olmasına sevinirəm. Ancaq uğur qazanmazdan əvvəl, düşünürəm ki, onlar yeganə həqiqi sualların elmi suallar olması və digərlərinin mənasız olması ilə bağlı iddialardan çəkinməlidirlər. Çünki əgər bu iddialar doğru olsaydı, bizim bu söhbətimiz də mənasız olmazdımı?
L.K.: Belə olan halda, biz bu müzakirəni sonlandıra bilərik. Mən insanların mənim söhbətlərimi mənasız hesab etdiyindən şübhəliyəm, ancaq hər halda biz deyə bilmərik ki, elm reallığın bütöv rəsmini görməyə nail olacaq. Buna baxmayaraq, biz  bunun üçün çalışırıq. Siz və mən, ümumilikdə, fiziki reallığın hər yerdə olması fikri ilə razıyıq, ancaq aramızda gerçəkliyin hansı metodlarla daha səmərəli və tam öyrənilməsi məsələsində müəyyən fərqlər var. Mən təbiətə sual verməyə və təcrübədən keçirərək onları cavablandırmağa və beləcə mümkün inkişafa təəccüblənməyə davam edəcəm. Ulduzları anlamaq insanları anlamaqdan daha asandır, ancaq bu həmin mövcudluğu öyrənməyi daha həyəcanverici edir. Sirlər həyatı çətinləşdirən şeylərdir və mən cavablandırıla biləcəyimiz suallar qalmadığı və bütün tapmacaların tapıldığı zaman çox kədərlənəcəm. Məni təəccübləndirən odur ki, biz, ən azından bəzi sahələrdə, necə olub ki öz uğurumuzun qurbanına çevrilmişik. Bütövlükdə kainata gəldikdə isə, bəlkə də bizim idrakımıza rəhbərlik edən empirik araşdırmalar artıq öz limitinə yaxınlaşır. Bundan əlavə, biz yalnız yaxşı ideyalara inanmalıyıq ki, bu da həmişə çox çətin və daha az etibarlıdır.


Mənbə: https://www.theguardian.com/science/2012/sep/09/science-philosophy-debate-julian-baggini-lawrence-krauss

Disqus Shortname

Comments system

Powered by Blogger.