Endi Veyr - Yumurta (qısa hekayə)

by 8:43 AM


Öləndə evə gedən yolda idin.
Bu, avtomobil qəzası idi. Bu hadisədə sənin ölümünü çıxmaqla heç bir qeyri-adi hal yox idi. Arxanda həyat yoldaşını və iki uşağını qoydun. Ağrısız bir ölüm idi. Tibb işçiləri səni xilas etmək üçün əllərindən gələni etdilər, ancaq faydası olmadı. İnan mənə, bədənin elə parçalanmışdı ki, ölməyin daha yaxşı idi.
Beləliklə, mənimlə tanış oldun.
“Nə.. nə oldu?” deyə soruşdun, “Mən hardayam?”
“Öldün” dedim, birbaşa. Məsələni uzatmağın mənası yox idi.
“Orada... yük maşını var idi və maşınım fırlanırdı..”
“Elədir” dedim.
“Mən.. mən öldüm?”
“Bəli, ancaq narahat olmağa dəyməz, hamı bir gün ölür” dedim.
Ətrafına baxdın. Orada heçlik var idi. Təkcə sən və mən. “Bura haradır?” sən soruşdun. “Axirətdir?”
“Demək olar ki” mən dedim.
“Sən tanrısan?” sən soruşdun.
“Bəli” dedim, “Mən Tanrıyam”.
“Mənim uşaqlarım... mənim arvadım” sən dedin.
“Onlara nə oldu?”
“Onlar yaxşıdır?”
“Görmək istədiyim məhz bu idi” mən dedim. “Elə indicə ölmüsən, ancaq yeganə narahatlığın ailənlə bağlıdır. Bu qiymətləndirilən bir davranışdır.”
Mənə ovsunlanmış kimi baxırdın. Sənin fikrincə, mən Tanrıya oxşamırdım. Mən sadəcə digər adamlar, ya da qadınlar kimi idim. Yaxud da qeyri-müəyyən bir avtoritar şəxs kimi. Ya da, güclü ibtidai sinif müəlliməsi kimi.
“Narahat olma” dedim. “Onlar yaxşı olacaqlar. Övladların səni mükəmməl bir insan kimi xatırlayacaq. Həyat yoldaşın hamının yanında ağlasa da, təklikdə rahatlıq tapacaq. Əyri oturaq, düz danışaq, nigahınız dağılmağa tərəf gedirdi. Əgər bu səni rahatladacaqsa, deyim ki, arvadın bu rahatlıq hissi üçün özünü günahkar hiss edəcək.”
“Həə” sən dedin. “Bəs indi nə olacaq? Mən cənnətə gedəcəm, ya cəhənnəmə?”
“Heç biri” dedim. “Sən reankarnasiya olacaqsan.”
“Elə mi?” dedin. “Deməli Hinduistlər haqlı imiş?”
“Hər din özünə görə haqlıdır” dedim. “Ardımca gəl”.
Heçlikdə birlikdə addımlamağa başladıq. “Biz hara gedirik?”
“Əslində heç bir yerə” dedim. “Bu sadəcə söhbət edərkən həyata keçirdiyimiz kiçik bir gəzintidir”.
“Onda bunun əhəmiyyəti nədir?” sən soruşdun. “Mən yenidən doğulanda boş lövhə kimi olacam, elədir? Körpə olacam. Yəni, mənim bu həyatda əldə etdiklərimin və bütün təcrübələrimin heç bir dəyəri olmayacaq.”
“Elə deyil!” dedim. “Sənin daxilində bütün keçmiş həyatlarının bilik və təcrübəsi var. Sadəcə onları indi xatırlamırsan”.
Mən dayandım və sənin çiyinlərindən tutdum. “Sənin ruhun təsəvvür etdiyindən daha möhtəşəm, gözəl və böyükdür. Hər hansı bir insanın zehni sənin əslində nə olduğunla bağlı çox az şeyi dərk edə bilər. Bu bir stəkan suya barmağını salaraq onun soyuq və ya isti olduğunu müəyyənləşdirmək kimidir. Sanki özündən bir hissəni kiçik bir qaba qoyursan və onu geri götürəndə qazandığın bütün təcrübələr də sənə qayıdır”.
“48 ildir ki, bu insanın bədənində idin. Buna görə də, özünə gəlməyin bir qədər vaxt apara bilər. Burada kifayət qədər qalsan, hər şeyi xatırlayacaqsan. Ancaq iki həyat arasında belə bir şey etmək mənasızdır.”
“Mən neçə dəfə reankarnasiya olmuşam?”
“Dəfələrlə. Saysız-hesabsız dəfə. Üstəlik xeyli müxtəlif həyatlar yaşamısan” dedim. “Məsələn, indi miladdan sonra 540-ci ildə yaşayan bir çinli qız kimi dünyaya gələcəksən”.
“Dayan, nə?” deyə özünü itirdin. “Sən məni zamanda geriyə göndərirsən?”
“Texniki olaraq, bəli. Bildiyin kimi, zaman anlayışı ancaq sənin kainatında mövcuddur. Mənim gəldiyim yerdə işlər başqa cür cərəyan edir”.
“Sən hardan gəlmisən?” sən dedin.
“Həə, əlbəttə.” mən izah etdim, “Mən haradansa gəlmişəm. Haradansa başqa yerdən. Və orada hamı mənim kimidir. Bilirəm ki, sən oranın necə bir yer olduğunu öyrənmək istəyirsən, ancaq təəssüf ki, sən bunu anlamayacaqsan.”
“Həə” dedin və biraz dayandın. “Dayan. Əgər mən müxtəlif dövrlərə reankarnasiya olunuramsa, mənim özümlə qarşılaşmaq ehtimalım var?”
“Əlbəttə, bu həmişə baş verir. Ancaq öz həyatından xəbərdar olan iki həyatın qarşılaşır və heç nə anlamırlar.”
“Bəs onda bütün bunların mənası nədir?”
“Ciddisən?” dedim. “Həqiqətən, həyatın mənasının nə olduğunu soruşursan? Bu həddindən artıq şablon bir sual deyilmi?”
“Məncə məntiqli bir sualdır,” sən təkid etdin.
Gözlərinin içinə baxdım və dedim: “Həyatın mənası, bu kainatın yaradılma səbəbi sənin müdrikləşməyindir”.
“Bəşəriyyəti nəzərdə tutursan? Sən insanlığın müdrikləşməsini istəyirsən?”
“Yox, təkcə sənin. Mən bütün kainatı sənin üçün yaratmışam. Hər yeni həyatla sən daha da yetkinləşirsən, böyüyürsən və daha böyük və möhtəşəm bir idraka sahib olursan”.
“Təkcə mən? Bəs digər insanlar?”
“Başqa heç kəs yoxdur” dedim. “Bu kainatda təkcə sən və mən varıq.”
Sən boş gözlərlə mənə baxdın. “Bəs dünyadakı o qədər insan..”
“Hamısı sənsən. Onlar sənin müxtəlif inkarnasiyalarındır.”
“Dayan. Mən hamıyam!?”
“Artıq başa düşürsən” dedim və təbrik edirmiş kimi kürəyinə toxundum.
“İndiyə qədər yaşamış bütün insanlar mənəm?”
“Həm də gələcəkdə yaşayacaq bütün insanlar, bəli.”
“Mən Abraham Linkolnam?”
“Sən həm də Con Uliks Botsan.”
“Mən Hitlerəm?” dedin və həyəcanlandın.
“Və onun öldürdüyü milyonlarla insansan.”
“Mən İsayam?”
“Və onu izləyən bütün insanlarsan.”
Sükuta qərq oldun.
“Hər dəfə kimisə öldürəndə” dedim, “özünü öldürürdün. Hər dəfə yaxşılıq edəndə, özünə edirdin. İnsanların yaşadığı və yaxud gələcəkdə yaşayacağı hər xoşbəxt və ya kədərli anı sən yaşamısan.”
Sən uzun müddət düşündün.
“Niyə?” məndən soruşdun. “Bunları niyə edirsən?”
“Çünki bir gün sən də mənim kimi olacaqsan. Çünki sən busan. Sən mənim nəslimdənsən. Sən mənim övladımsan.”
“Necə?” sən dedin. “Mənim Tanrı olduğumu deyirsən?”
“Yox. Hələ yox” mən dedim, “Sən hələ rüşeymsən. Hələ inkişaf edirsən. Bütün insanların həyatını yaşadıqdan sonra doğulmaq üçün kifayət qədər böyümüş olacaqsan.”
“Deməli, bütün kainat,” sən dedin, “sadəcə..”
“Yumurtadır” mən cavab verdim. “İndi isə yeni həyata başlamaq vaxtıdır.”

Və səni öz yoluna göndərdim.


Tərcümə: Ramilə Bayramova.

Minimalizm: Azın gətirdiyi Çoxluq

by 10:34 AM


Minimalizm fəlsəfəsini ən gözəl izah edən fikirlərdən biri Platona məxsusdur: “Əsas məsələ, çox şeyə sahib olmaq deyil, az şey istəməkdir”. Bir çox insan tərəfindən ümumiyyətlə bilinməyən bu fəlsəfi baxışın formalaşma tarixi XIX əsr kimi göstərilsə də, əslində bundan daha əvvəlki dövr fəlsəfəsində də minimalist fikirlərə, ideyalara rast gəlinir (Platonun fikrindən də göründüyü kimi). Məhşur filosof Diogeni ilk minimalistlərdən biri hesab etmək olar. Bundan başqa, Buddizm, Stoisizm, Taosizm, Xristianlıq və digər bir çox din və cərəyanlarda minimalist həyat tərzinin elementlərinə rast gəlmək mümkündür.
Bəs minimalizm nədir? XIX əsrdə ilk növbədə sənət sahələrində özünü göstərən minimalizm, daha sonralar həyat tərzinə çevrilməyə başlamışdır. Bu fəlsəfi baxışın əsas ideyaları “Az çoxdur” şüarına əsaslanır. Minimalizm fəlsəfəsinin tərəfdarları sadəliyi tərənnüm edirlər. Ancaq bu sadəlik bəsitlik kimi başa düşülməməlidir. Əksinə, maddi asılılıqlardan imtina etmənin gətirdiyi mənəvi rahatlıq və ucalıq kimi anlaşılmalıdır.

Müasir dövrdə texnlogiyanın inkişafı, məhsul çeşidliliyi və s. kimi imkanlar insanları çoxsaylı seçimlərə vadar edir. Bu seçimlər istər əxlaqi, istərsə də vaxtın dəyərləndirilməsi baxımından çox vaxt faydasız olur.
Minimalizmin əsasında, maddiyyatçılıqdan imtina dayanır. İnsanların maddi nemətlərə (paltar, yemək, texnoloji avadanlıqlar və s.) olan asılılığı onların özlərini həqiqətən qiymətləndirməsinə imkan vermir. Belə ki, biz pul qazanmaq üçün çox işləyirik, buna görə də özümüzə ayırmaq üçün vaxt tapa bilmirik. Halbuki, maddi olanlardan imtina edib, özümüzü dəyərləndirməyə başlasaq həyat daha da mənalı olacaq.
Əgər dünyada maddi olan hər şey müvəqqətidirsə, onda qısa olan ömrünüzdə vaxtınızı və enerjinizi onlara xərcləməyə dəyərmi? Maddiyyatçı düşüncəyə sahib insanlar ömür boyu işləyir, yaşamaq əvəzinə işləməyə qurban etdikləri həmin saatların əvəzində aldıqları pulları isə müvəqqəti olanlara xərcləyirlər.
Bu fəlsəfi baxış həyatınızdakı hər şeydən imtina etməyi deyil, sadəcə həqiqətən ehtiyacınız olan şeyləri istifadə etməyi ifadə edir. Bu fəlsəfəni öz həyat tərzinə çevirən insanlar adətən, yalnız ehtiyacları olan şeylər üçün pul ödəyirlər. Ancaq, ucuzluq naminə keyfiyyətsiz məhsullardan istifadə heç də düzgün deyil. Belə ki, onlar gələcək vaxtlarda sizin üçün daha böyük xərc və problemlərə səbəb ola bilər. Minimalist həyat tərzi sizə hər mənada keyfiyyətli və mənalı bir həyat təklif edir.
Minimalizm fəlsəfəsini həyatınızın istənilən sahəsində tətbiq edə bilərsiniz. Evinizdə, işinizdə, nitqinizdə, düşüncə tərzinizdə və s. Bəs bu fəlsəfi baxışı necə vərdişə çevirə bilərik? Bu fəlsəfə sadəliyin fəlsəfəsidir. Buna görə də, onu mənimsəmək və həyat tərzinə çevirmək üçün maddiliyə olan asılılığımızı aradan qaldırmalıyıq. Həddindən artıq paltara, əşyaya sahib olmamalı, danışığımızda və düşüncələrimizdə sadə olmalıyıq. Vaxtımızı mənasız yerə xərcləyən fəaliyyətlərdən uzaq dayanmalı, yeyib-içməyə, pul xərcləməyə aludə olmamalı, pul yığmaq əvəzinə dost yığmalıyıq.
Bəs biz necə edirik? Qonşunun qızı Iphone 8 alıb, mən də almalıyam və yaxud, filan mağazadakı donu alıb, universitetdəkilərlə “yarışmalıyam”, bu məkanda şəklim yoxdur, orda oturaq və s. kimi düşüncələrə qapılırıq. Ancaq, əslində əşyaların formasına yox, məzmununa dəyər verməliyik. Telefon, paltar və yaxud yeməyin real funksiyası nədir? Bu cür mənasız və maddiyyatçı mübarizələr bizə stressdən başqa nə qazandırır?
Ətrafınızda vaxtınızı, pulunuzu və enerjinizi xərclədiyiniz bir çox şeyin əslində dəyərsiz olduğunu görmək o qədər də çətin deyil.

Bütün bu fikirlərdən elə bir təsəvvür yarana bilər ki, bu fəlsəfi baxış xəsislik və ya aşağı həyat səviyyəsi deməkdir. Xeyr, əksinə minimalizm sizə həyatı düzgün və mənalı formada dəyərləndirməyə və yaşamağa kömək edir. Həddindən artıq əşyadan, paltardan və s. xilas olmaq, stressdən xilas olmaq deməkdir.

Böyük Partlayış nəzəriyyəsi

by 11:31 PM

Alimlər təxminən 15 milyard il əvvəl meydana gələn böyük bir partlayışın kainatımızı yaratdığına inanırlar. Həmin dövrdə maddənin, enerjinin, kosmosun və zamanın bir saniyə içərisində yarandığı düşünülür. 15 milyard il əvvəl baş verən həmin hadisədən sonra yüksək miqdarda istilik meydana gəlmişdir.

Kainatın yaranmasına səbəb olan bu hadisə haqqında indi də davam etməkdə olan tədqiqatlar bizə ancaq partlayışdan sonrakı dövrün hadisələri haqqında məlumat verə bilir. Partlayışdan əvvəlki dövrü öyrənmək imkanı olmadığından ona nəyin səbəb olduğunu müəyyənləşdirmək hələ ki mümkün deyil. Belə bir fikir var ki, partlayışın ardınca ilk saniyələrdə kainat noxud boyda olsa da, ardınca hələ də davam edən genişlənmə prosesi başlamışdır. Sıx birləşmiş müxtəlif hissəciklərdən ibarət olan ilkin kainat modelinin istiliyi trilyonlarla ℃ dərəcəyə bərabər olub.

Hal-hazırda kainatda mövcud olan helium nüvələrinin böyük bir hissəsi Böyük Partlayışdan sonrakı 15 dəqiqə ərzində yaranıb. Partlayışdan sonra kainat genişləməyə və soyumağa başladı. İlk növbədə hidrogen və helium (kainatdakı ən geniş yayılmış iki atom) meydana gəldi. Bir milyard il sonra ilk ulduzlar və qalaktikalar, bunun ardınca isə planetlər yaranmağa başladı.

Alimlər yaxın bir neçə qalaktikadan başqa kosmosdakı hər şeyin bizdən sürətlə uzaqlaşdığını müəyyənləşdirib. Bu isə Böyük Partlayışın başlanğıcında özünü göstərən kainatdakı bütün maddələrin və enerjinin bir nöqtədə toplanmasını xatırlatmaqdadır. Kainat sonsuza qədər böyüyə bilər, yaxud da gec-tez böyüməsini dayandıraraq daxilə tərəf darala bilər.

Böyük partlayışdan sonrakı ilk anda yeni yaranan kainatın istiliyi nəticəsində ilk maddələr yaranmağa başladı. Kainat soyuduqca protonlar, neytronlar və elektronlardan ibarət olan sıx bir atom buludu formalaşmışdı. Partlayışdan sonrakı mərhələləri sadə şəkildə aşağıdakı kimi göstərmək olar:
1. Big bang (Böyük Partlayış) meydana gəlir.
2. Bir saniyə sonra istilik azalmağa, protonlar və neytronlar yaranmağa başlayır.
3. Üç dəqiqə sonra protonlar və neytronlar birləşərək hidrogen və helium nüvələrini meydana gətirir.
4. 300.000 il sonra atomların meydana gələ bilməsi üçün elektronlar nüvənin ətrafında fırlanmağa başlayır. Kainat işıqla dolur.
5. Bir milyard il sonra cazibə qüvvəsi maddələri cəzb etməyə başlayır və qalaktikalar meydana gəlir.
6. 15 milyard il sonra fasiləsiz olaraq inkişaf edən kainatımız yaranır.

Bəs Böyük Partlayış nəzəriyyəsini dəstəkləyən əsas sübutlar hansılardır?
- İlk növbədə, hamımız əminik ki, kainatın başlanğıcı olmuşdur.
- İkincisi, qalaktikalar ölçülərinə uyğun bir sürətlə bizdən uzaqlaşırlar. Bu Habbl qanunu adlanır. Qanun 1929-cu ildə bu fenomeni kəşf edən Edvin Habblın (1889-1953) şərəfinə belə adlandırılıb. Həmin qanun kainatın genişlənməsi nəzəriyyəsini dəstəkləyir və kainatın bir zamanlar sıxılmış olması fikrini irəli sürür.
- Üçüncüsü, əgər kainat başlanğıcda böyük partlayış nəzəriyyəsində bildirildiyi kimi çox isti olubsa, biz bu istiliyin qalıqlarını aşkarlamalıyıq. 1965-ci ildə radioastronomlar Arno Penzias və Robert Uilson kainata nüfuz edən -270.425 dərəcə kosmik mikrodalğa fon radiyasiyasını kəşf etdilər. Güman edilir ki, bu, alimlərin axtardığı istiliyin qalığıdır.
- Nəhayət, kainatda işıq elementləri - hidrogen və heliumun bol miqdarda mövcud olması Böyük partlayışın başlanğıc modelini dəstəkləyir.


Ramila Bayramova
http://readit.az/az/news/31

Domino Effekti

by 7:28 AM

Hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. Buna domino effekti deyilir.

“Domino effekti” nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950-1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi. Xüsusilə, kommunist ölkələrə qarşı istiqamətlənən bu nəzəriyyənin siyasi mahiyyəti həmin dövr üçün belə idi: “Bir bölgədə kommunizmin yayılması, ona qonşu olan dövlətlərdə də eyni ideologiyanın yayılmasına səbəb ola bilər.”

Northwestern Universitetindəki tədqiqatçılar tərəfindən 2012-ci ildə aparılan bir tədqiqatda insanların hər gün hərəkətsiz keçirdikləri boş vaxtlarını azaltmağın onların yağ qəbulunu azaltmasına gətirib çıxardığını müəyyənləşdirdilər. Halbuki, iştirakçılara daha az yağ istehlak etmələri deyilməmişdi, ancaq fəaliyyətin təbii təsiri ilə onların yemək vərdişləri yaxşılaşdı. Çünki divanda televizor izləmək və necə gəldi yemək yemək üçün daha az vaxt xərcləyirdilər. Bir vərdiş digərinə səbəb oldu, yəni bir domino digərini aşırdı.

Öz həyatınızda da bənzər hadisələri görə bilərsiniz.

Domino effekti mənfi vərdişlər üçün də keçərlidir. Telefonunuza nəzarət etmə vərdişlərinin sosial mediaya tez-tez baş çəkmə vərdişinizə, onun sosial media bildirişlərini oxumaq vərdişinə və bunun da daha bir başqa 20 dəqiqəlik vaxt itkisinə səbəb olduğunu görə bilərsiniz.

Stanford Universitetinin professoru B.C.Foqun sözlərinə görə, “Bir davranışı əsla dəyişdirə bilməzsiniz. Davranışlarımız bir-birinə bağlıdır, bu səbəblə bir davranışı dəyişəndə ​​digər davranışlarınız da dəyişir”.

Domino effekti necə yaranır?

Domino effekti iki səbəbdən yaranır.

Birincisi, gündəlik həyatımızı formalaşdıran bir çox vərdiş və fəaliyyətlərimiz bir-biri ilə əlaqəlidir. Həyat sistemləri və insan davranışları arasındakı qeyri-adi əlaqə yeni bir şey deyil. Şeylərin təbiətindəki fərqlilik qurduğunuz planlardan asılı olmayaraq, həyatın bir sahəsindəki seçimin digər sahələrdə təəccüblü nəticələr yaratmağının əsas səbəbidir.

İkincisi, Domino effekti insan davranışının əsas qanunlarından birini istifadə edir: öhdəlik və ardıcıllıq. Bu fenomen, Robert Cialdininin “Təsir” adlı insan davranışı haqqında klassik kitabında şərh olunur. Bu təsir təkcə yeni fəaliyyətlər yaratmaqla qalmır, eyni zamanda fərdi inanclarda da dəyişikliklər yaradır. Hər kiçik domino düşdükcə özünüz haqqında yeni şeylər düşünməyə və şəxsiyyət əsaslı vərdişlər yaratmağa başlayırsınız.

Domino Effektinin Qaydaları.

Domino effekti təkcə qarşılaşdığınız yox, eyni zamanda yaradılan bir fenomendir. Buna görə də, növbəti uğurlu hərəkətə səbəb olan yeni davranışlar yaradaraq yaxşı vərdişlərin zəncirvari reaksiyasını sürətləndirmək sizin gücünüzdən asılıdır.

Bu işi real həyatda reallaşdırmaq üçün üç əsas qayda var. Domino Effektinin üç qaydası:

Sizi ən çox motivasiya edən şeylə başlayın. Bu davranış kiçik belə olsa, onu ardıcıllıq reallaşdırın. Bir domino düşdüyü müddətcə hansının birinci düşdüyü vacib deyil.

Sürətinizi qoruyun və dərhal növbəti vəzifəyə keçin. Bir vəzifənin bitirilməsi sizi dərhal növbəti fəaliyyətə yönləndirməlidir. Proses hər dəfə təkrarlandıqca yeni imicinizi daha çox sevəcəksiniz.

Şübhələriniz varsa, fəaliyyətinizi daha kiçik hissələrə ayırın. Yeni vərdişləri sınayarkən, onların kiçik və idarə oluna bilən olmasına fokuslanın. Domino effekti inkişaf ilə əlaqədardır, nəticələrlə deyil. Bir domino avtomatik olaraq digərini aşırdığı müddətcə proses təkrarlanır.

Bir davranış növbəti davranışa səbəb olmursa, onda o ümumiyyətlə bu üç qaydaya uyğun gəlmir. Dominoların aşması üçün bir neçə fərqli üsul var. Sizi həyəcanlandıran davranışa fokuslanın və onun həyatınız boyunca davam etməsinə icazə verin.


P.S. Məqaləni həmçinin aşağıdakı linkdən də oxuya bilərsiniz
http://readit.az/az/news/33

Kəpənək effekti

by 11:49 PM
k effekti nədir?
Kəpənək effekti kiçik hadisələrin böyük təsirlərə səbəb ola biləcəyini ifadə edən bir anlayışdır. Başlanğıcda hava proqnozu üçün istifadə edilən bu nəzəriyyə daha sonra elm daxilində və ondan kənarda istifadə edilən bir məcaza çevrildi. Bəzən Xaos nəzəriyyəsi və ya onun tərkib hissəsi hesab edilən kəpənək effekti nəzəriyyəsinə əsasən, hər hansı qeyri-xətti sistemdəki kiçik bir dəyişiklik sonrakı mərhələdə böyük fərqliliklərə səbəb ola bilər.

Tarixi
“Kəpənək effekti” nəzəriyyəsi 1963-ci ildə Edvard N. Lorens kompüter vasitəsilə havanın vəziyyəti ilə bağlı hesablamalar apararkən müəyyənləşdirildi. Alim ilk hesablamada 0,506127 sayını ilkin məlumat kimi istifadə edir. İkinci hesablamada isə 0,506 sayını əldə edir. Bu iki rəqəm arasındakı təxminən 1/1000 (mində bir), yəni bir kəpənəyin qanad çırpmasının yaratdığı küləklə ekvivalent olan fərq olmasına baxmayaraq, proses daxilində ikinci hesablama birinci hesablamaya nəzərən çox fərqli nəticələr verdi.
Lorensin bu kəşfi dünyadakı bütün hadisələrin və həyatın özünün müəyyən bir qanunauyğunluğa tabe olması ilə əlaqədar məlum olan bütün faktları kökündən sarsıtdı.

qiq proqnoz vermək olarmı?
İş əsnasında Lorens bir şeyi anladı: onun modeli nə qədər güclü olsa da, gələcəkdə baş verəcək hər hansı bir şeyi dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür. Doğrudur, hər sistemdə səhvlər ola bilər, ancaq bu sistemdəki səhvlər böyük və qlobal məsələlərə yol açmaq iqtidarına malikdir. Qısası, nəticələr ilk məlumatlardan və şərtlərdən asılıdır.

Lorens Kəpənək effektini belə izah edir: “Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər.Bu cümlə, kəpənəyin qanadlarının atmosferdə bir qasırğanın yolunu gec, ya tez dəyişdirə biləcək kiçik dəyişikliklər yaratması və ya başqa bir yerdə bir qasırğanın meydana gəlməsini gecikdirməsi, sürətləndirməsi, hətta qarşısını alması fikrini ifadə edir.
Kəpənək qasırğaya güc vermir və ya birbaşa qasırğa yaratmır, ancaq bu termin kəpənəyin qanadlarını çırpmasının qasırğaya səbəb ola biləcəyi mənasına gəlir: Kəpənək qanadlarını çırpmasaydı, sistemin orbiti çox fərqli ola bilərdi. Başqa sözlə, hər şey bir-birinə təsir edir və bu həyatın təməlini təşkil edən bir tsikldır. Lorens haradasa bir kəpənəyin qanad çırpmasının hava proqnozunu əbədi olaraq dəyişdirə biləcəyini söyləyirdi.
Bu qanun kainatın işləmə prinsipinin ən əsas nöqtələrindən biridir. Çünki əks təqdirdə, tək bir fərdin, millətin və ya tək bir planetin inkişafından danışardıq ki, bu da mümkün deyil.
Kəpənək effekti nəzəriyyəsi, eyni zamanda, aparılan tədqiqatlar nəticəsində əldə edilən sxemlərin bir çox adam tərəfindən kəpənəyə bənzədilməsi sayəsində bu adı alıb.



P.S. Məqaləni həmçinin aşağıdakı linkdən də oxuya bilırsiniz: http://readit.az/az/news/35

Danbar rəqəmi

by 3:41 AM
İnsan yarandığı gündən etibarən özü kimi olanlarla ünsiyyətə girməyə başlamışdır. Bu əvvəllər fiziki ehtiyacdan yaransa da, sonradan sosial ehtiyaca çevrilmişdir. Buna əsaslanan İngilis antropoloqu Robin Danbar 1992-ci ildə insanların münasibətdə olduğu digər insanların effektiv sayı haqqında bir nəzəriyyə yaradır. Nəzəriyyəni yoxlamaq üçün isə uzun müddət ərzində meymunların öz aralarındakı “ictimai” əlaqələri araşdırır. Danbar insan neokorteksinin ancaq “müəyyən” sayda insan ilə “effektiv” münasibətlər qura biləcəyini aşkarlayır. Meymunlar üzərində apardığı həmin təcrübələr vasitəsilə meymunların birbaşa ünsiyyət qurduğu həmcinslərinin sayının məhdud olduğunu və bu rəqəmdən artıq kimsə ilə münasibət qurmadıqlarını müşahidə etmişdir. Bu qəlibin isə meymun beynindəki neokorteks bölgəsinin həcmi ilə əlaqəli olduğunu iddia edib.

Robin Danbar tərəfindən irəli sürülən bu rəqəm bir insanın keyfiyyətli münasibət qura biləcəyi insanların sayıdır. Belə bir sual yaranır ki, müasir dövrdə texnologiya və internetin sürətli inkişafı insanların Facebook, Twitter, İnstagram kimi sosial şəbəkələrdə 1000-lərlə dostunun olmasına şərait yaradır, bəs bu halda necə?

İnsan nə qədər texnologiya ilə yaxın olsa, öz həyatının hər hissəsində ondan istifadə etsə də, insan yenə də əvvəlki insandır. Danbarın dediklərini əsas götürərək bir neçə alim 2011-ci ildə Twitter üzərindən tədqiqat aparırlar. 4 il çəkən bu tədqiqatın nəticələri göstərir ki, 100.000 və ya 1.000.000 təqibçisinin olmasından asılı olmayaraq, insan təxminən 150 insanla mənalı ünsiyyətdə olur.

Eyni rəqəm biznes dünyası üçün də keçərlidir. Tədqiqatlara görə, 150 nəfərə qədər insanın işlədiyi şirkətlərdə həm qarşılıqlı əlaqələr, həm də məhsuldarlıq yüksək səviyyədə olur.

Bu rəqəmin az olduğunu düşünə bilərsiniz. Ancaq enerjinizin həcmini və vaxtınızı nəzərə alsanız, bunun səbəbini anlayacaqsınız. Danbarın nəzəriyyəsinə görə, ünsiyyətdə olduğunuz insanları aşağıdakı 4 qrupa bölmək mümkündür:

1. Sevdiyiniz, ancaq tez-tez ünsiyyət qurmadığınız insanlar;
2. Sevdiyiniz və tez-tez ünsiyyət qurduğunuz insanlar;
3. Sevmədiyiniz və tez-tez ünsiyyət qurmadığınız insanlar;
4. Sevmədiyiniz, ancaq ünsiyyət qurmağa məcbur olduğunuz insanlar.

Bu nəzəriyyəyə görə, əgər yeni bir insanla tanış olub, onunla ünsiyyətimizi davam etdiririksə, onda əvvəlki tanışlarımızdan biri ilə münasibətlərimiz avtomatik olaraq kəsilir. Yəni, yeni gələn fərd uzun müddətdir ünsiyyət qurmadığımız bir insanı əvəz edir.

Son 200 min ildir ki, Danbar sayımız olan 150 nəfərin sayı dəyişməyib. Bu səbəbdən bəzən qonşularımızın adını belə bilmirik. Bəzi alimlər bu rəqəmin 230-a qədər arta biləcəyini söyləsə də, bu çox nadir hallarda özünü göstərir. Çünki beynimizdəki neokorteksin həcmin bu qədər insan haqqında məlumatı əhatə edə bilmir. Bu da beynin digər sahələrinə təsir edir. Bu baxımdan, insan beyni öz-özünü tənzimləyir.

Bütövlükdə götürdükdə, vacib olan çox sayıda insanla ünsiyyət qurmaq deyil, az olsa da, mənalı ünsiyyət qura bilməkdir. Necə deyərlər, 10 ədəd 10 qəpik də 1 manat edir, iki ədəd 50 qəpik də.


http://readit.az/az/news/28

E-kitabların üstünlükləri

by 11:50 PM

Müasir dövrdə elektron kitablar çox sürətlə həyatımıza daxil olub. Digər texnoloji inkişaflar kimi onun da qarşısını almaq bizim əlimizdə deyil. Ən yaxşı üsul e-kitabların müsbət cəhətlərinə fokuslanmaqdır. Hər kəs sizə e-kitabın mənfi cəhətlərindən danışa bilər. Mən isə bu postda sizə elektron kitab oxumağın üstün cəhətlərindən danışmağı planlaşdırıram.
E-kitab oxumağın aşağıdakı üstünlükləri var:
1.     E-kitablar daha ucuzdur. Xaricdə e-kitablar çap olunmuş kitabların üçdə biri qiymətinə satılır. Bir dəfə e-reader əldə etdikdən sonra kitaba verəcəyiniz pul daha az olacaq. Əlbəttə ki, pulsuz kitablar da var.
2.     E-kitablar sayəsində daha az kağız istifadə oluna bilər. Bu da öz növbəsində daha az ağacın kəsilməsi deməkdir. Bu cəhət çox əhəmiyyətlidir.
3.     E-kitabların daşınması da olduqca asandır. Bir e-reader vasitəsilə onlarla e-kitab daşıya bilərsiniz. Beləliklə kitablarınızı çətinlik çəkmədən özünüzlə götürə və istədiyiniz zaman oxuya bilərsiniz.
4.     E-kitablar az yer tutur. 1-2 kitab problem olmasa da, yüzlərlə kitabı saxlamaq üçün böyük bir yer lazımdır. E-kitablar bu problemi tamamilə aradan qaldırır (Əlbəttə, bu fiziki kitab ehtiyacından imtina etmək demək deyiı).
5.     E-kitablarda axtarış və qeyd götürmək daha asandır. Elektron mühitdə olmağın verdiyi bir sıra digər üstünlüklər də var. Məsələn, axtarış panelində axtarış etdiyiniz kimi kitabda da axtarış edə bilərsiniz. İstədiyiniz yerə qeyd yerləşdirə və ya bookmark əlavə edə bilərsiniz.
6.     E-kitab oxuyarkən yazının ölçüsünü də dəyişdirə bilərsiniz. Elektron mühitdə olmağın avantajlarından biri olan bu xüsusiyyət sayəsində gözünüzü xırda bir ölçüyə zilləmək məcburiyyətində qalmırsınız.
7.     Eyni zamanda, e-kitabları əldə etmək çox sürətli və asandır. Bir e-kitabı bəyənəndən 5 dəqiqə sonra oxumağa başlaya bilərsiniz. Oturduğunuz yerdən tərpənmədən kitabı alın, yükləyin və oxumağa başlayın. Bu qədər sadə.
8.     E-kitabların saxlanması və qorunması çox daha asandır. Buna kiçik bir nümunə göstərək: İsgəndəriyyə Kitabxanası e-kitab olaraq saxlana bilsəydi, müasir dövrdə elm və texnika bəlkə də daha çox inkişaf etmiş olardı.
9.     E-kitabları istədiyiniz vaxt çap etdirə bilərsiniz.

Azərbaycanda e-kitab bazarı o qədər inkişaf etməsə də, bu sahədə canlanma özünü göstərməyə başlayıt. Belə ki, ölkəmizdə e-kitab satışı ilə məşğul olan ilk saytlardan biri www.readit.az saytıdır. Siz buradan, müxtəlif janrda olan kitabların əsas ideyaları ilə zəngin qısa məzmununu çox ucuz qiymətə əldə edərək, həm vaxtınıza, həm də büdcənizə qənaət edə bilərsiniz.

Biraz da e-readerlər haqqında.
Müasir dövrdə çap olunmuş kitabları oxumaq tutduğu yer, həcm, daşımaq baxımından müəyyən qədər əlverişsiz olduğundan gənclərin bir hissəsi elektron oxuyuculara üstünlük verir. Onların böyük hissəsini mobil telefonların oxuyucu proqramları, həmçinin planşet, noutbuk, netbuk və ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadalananların əksəriyyəti şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən bizim üçün ziyanlı və yorucudur. Ona görə də kitab oxumağın sürəti və müddəti adi kitab oxuyarkən olanda xeyli geri qalır. Məhz buna görə də, artıq bir neçə ildir ki, Qərbdə gözə demək olar ki, zərərsiz olan elektron-kitab oxuyucularının (e-readerlərin) istehsalına başlanılıb.
Müasir dövrdə ən geniş yayılmış və tanınmış e-readerlərə Amazon Kindle, Barners and Noble, Booken, Ectaco, Onyx, Pocketbook və s.-ni göstərmək olar. E-readerləri Azərbaycanda da online saytlar və ya mağazalardan əldə etmək mümkündür.

Disqus Shortname

Comments system

Powered by Blogger.