Featured

Fəlsəfə, yoxsa elm? Culian Baqqini və Laurens Kraus (Müzakirə) - II Hissə

by 11:31 PM

Ardı..



J.B.: Əlbəttə, indi qeyri-mümkün görünən hər hansı bir sualın bir gün elm tərəfindən cavablandırıla biləcəyi ehtimalını istisna etmək ağılsızlıq olardı. Ancaq elmin nə qədər irəli gedə biləcəyi ilə bağlı təxminlərə skeptik yanaşmaq da vacibdir. Əgər vacib deyilsə, o zaman biz əhəmiyyətli fəlsəfi sualları vaxtından əvvəl alimlərə təhvil verməyə tələsməməliyik.
Sizin homoseksuallıqla bağlı misalınız mühüm məsələdir. Razıyam ki, bu düşüncə üçün əsas yanlış odur ki, o dəbdən düşmüş fikirlərlə bağlıdır. Ancaq sizin fikrinizə görə, elm göstərir ki, homoseksual davranışlar “tamamilə təbiidir”, “təkamülə heç bir mənfi təsiri yoxdur”, “bioloji əsaslıdır” və buradan belə nəticə çıxır ki, “təbii olaraq, yanlış deyil”. Ancaq bu nəticə müdafiənin etik və elmi formalarını qarışdırır. Homoseksuallıq əxlaqi cəhətdən qəbul edilə bilər, elmi səbəblərə görə yox. Doğru və yanlış sadəcə təkamülə təsir və ya təbiiliklə əlaqəli məsələ deyil. Məsələn, belə bir iddia var ki, təcavüz təbiidir və təkamülə faydası var. Ancaq tənqidçilər tərəfindən bunun qəti şəkildə inkarı, həmin iddiaları qaldıran insanların özündə də yanlış olduqlarına dair böyük stress yaradıb. Eyni cür iddialar zina üçün də irəli sürülmüşdü. Elm bizə müəyyən seksual hərəkətlərin təbiiliyi haqqında məlumat verir, ancaq onların nəticəsini müəyyənləşdirmir. Bunu aydınlaşdırmalıyıq. Bu bir daha göstərir ki, bu məsələlərin filosoflardan çox alimlərə ünvanlanması mümkündür, ancaq bunun üçün hələ çox tezdir.
L.K.: Bir daha deyirəm ki, bunlar “incə” fikir ayrılıqlarıdır. Bizim ağlımız var və buna görə də müxtəlif bioloji tendensiyaların üzərindən sosial harmoniya adı ilə keçə bilərik. Lakin mən düşünürəm ki, elm həmçinin, bizim əxlaqi əqidələrimizi dəyişdirə və müəyyənləşdirə bilər. Məsələn, zina faktı bioloji fakt kimi, hər bir düşünən insan üçün “mütləq” hökmünü dəyişdirməlidir. Üstəlik, əxlaqi əqidələrin cəmiyyətdən cəmiyyətə dəyişməsi göstərir ki, onlar bunu sonradan öyrəniblər və bu psixologiyanın sahəsidir. Digərləri daha universal xarakter daşıyırlar və bunun üçün də neyrobiologiya var. İnsanın öz azad iradəsi ilə əxlaqi mühakiməyə yönəlməsi bir növ illuziyalı inamdır və mən bunu sadəlövhlük hesab edirəm.
Mövzunu dəyişmək istəyirəm. Etiraf etməliyəm ki, “Niyə varlıq heçlikdən çoxdur?” sualının alimlərə ünvanlanması ilə razılaşmağınız xoşuma gəldi. Ancaq mən iddia edirəm ki, ümumilikdə götürdükdə, “niyə?” sualları əslində “necə?” suallarıdır. Razısınız?
İcazə verin, mövzu çərçivəsində bir misal çəkim. Astronom Con Kepler 1595-ci ildə “Niyə?” sualına cavab tələb edirdi: Niyə altı planet var? Onun fikrincə, bəlli olan beş bərk cismin quruluşları müxtəlif çoxbucaqlılarla - üçbucaqlı, kvadrat və s. ilə oxşardır, ancaq onların bucaqlarının sayının artıb-artmaması kürələr tərəfindən məhdudlaşdırıla bilər. O zənn edirdi ki, həmin kürələrin sonradan planetlərin peyklərinə çevrilməsi, onların günəşdən oxşar məsafələrdə yerləşməsi və sırası, dərin mənada, Tanrının zəkasının təcəssümü ola bilər.
“Niyə?” sualı kainatın məqsədini aşkar etdiyi üçün məna kəsb edirdi. İndi isə bu sualın mənasızlığını dərk edirik. İndi biz nəinki sadəcə altı planet olmadığını, həmçinin, Günəş sistemimizin unikal və mütləq olmadığını da bilirik. Buradan belə bir sual ortaya çıxır: “Necə oldu ki, bizim günəş sistemimizdə planetlər indiki sıra ilə yayıldılar?” Bu sualın cavabı kainatın başqa bir hissəsində həyatın mövcudluğu məsələsinə də aydınlıq gətirəcək. “Niyə” sualı sadəcə olaraq “Necə” sualına keçməyib, həmçinin artıq bu sual heç bir faydalı mahiyyət kəsb etmir.
J.B. : Bunun qəbahət yoxsa məziyyət olduğunu bilmirəm, ancaq fəlsəfədə sadəcə “incə” fikir ayrılıqları yoxdur! Ancaq bizə verilən mövzu etikaya olduqca yaxındır, gəlin onu “necə” və “niyə” suallarına doğru çevirək.
Mən burada bir çox şeylə razıyam. Ancaq mən, məsələn, “necə” sualı ilə, ondan əvvəlki “niyə” sualı arasında sonuncu fikrinizdə din və elm arasında heç vaxt mübahisənin olmaması məsələsi ilə razı deyiləm. Bu ikisi belə asanlıqla həll oluna bilməzdi. Əgər xristian Tanrının Böyük Partlayışı izah etməsi ilə bağlı mübahisə edirsə, labüd olaraq onun kainatın əmələ gəlməsində rolu ilə bağlı fikirlər söyləyir. Ancaq mən bütün “niyə” suallarının “necə” sualları kimi anlaşılması ilə razılaşmıram. Buna adi bir misal olaraq, insanın fəaliyyətini göstərmək olar. Belə ki, insan çox nadir hallarda səbəbsiz hərəkətlər edir. Digər hallarda isə biz müəyyən səbəblərə görə davranırıq.
Bəzi utanmaz filosoflar və alimlər bunu əlverişli uydurma və ya illuziya kimi izah edirlər. Onlar iddia edirlər ki, insan fəaliyyətinin əsası “necə” sualının altında yatır, xüsusilə də, beyin informasiyanı necə qəbul və emal edir, sonrasında isə fəaliyyəti necə istehsal edir. Ancaq birisinin ona yaxın olan biri üçün özünü qurban etməsini izah etməyə neyroloji cavab kifayət etmir. Məsələn: Sevginin həqiqəti tamamilə “niyə” sualı ilə açılır. Əslində, sevginin kökündə neyronların və hormonların hərəkətə keçməsi dayanır. Sizin baxışınıza görə, biokimyəvi və psixoloji yanaşmaların uyğunluğu olduqca təəccübblü və insan iradəsi və azadlığı haqqında baxışlar tamamilə yanlışdır. Ancaq bizim, elmin bir gün insan fəaliyyəti ilə bağlı “niyə” suallarını verməyi lazımsız hala gətirəcəyini düşünməyimiz üçün heç bir səbəb yoxdur, çünki sevgi kimi anlayışlar buna cavabdır. Yoxsa bu romantik uydurmadır? Bu söhbət sizi bezdirirsə, niyə davam etdirirsiniz? Beyniniz yanlız bu cür işlədiyi üçün?
L.K.: Mən bu söhbətdən həzz alıram, bu da mənim “niyə” davam etdirdiyimin səbəbidir. Belə ki, mənim bu əyləncəm fəlsəfi və linqivistik dolaşıqlıqları insanlar üçün əyləncəli edən mürəkkəb proseslərdən gəlir. Düşünürəm ki, mən sizin sualınıza qayıtmalı və sevgi kimi anlayışların niyə (əgər bu sualı verməyə icazə varsa) neyronlar və biokimyəvi reaksiyalarla izah oluna bilməyəcəyini düşündüyünüzü soruşmalıyam. Bu vəziyyətdə, şüurumuzu idarə edən “fiziki” olmayan nəsə olmaldır. Düşünürəm ki, mən bu məsələdə belə bir şey görmürəm. Əlbəttə ki, biz artıq təkamül biologiyası baxımından fədakarlığın bir çox aspektlərini anlayırıq. Fədakarlıq və ya qurban vermə, bir çox hallarda, bir qrupun və ya tayfanın yaşaması üçün yaxşıdır. Əgər bu genlərin yayılmasında əsas təkanverici qüvvə rolunu oynayırsa, onda bu cür alturistik fəaliyyət təkamül xarakteri daşıyır. Ancaq mikro miqyaslı bioloji reaksiyaların makro miqyasda öyrənilməsini nəzərə alaraq deyə bilərik ki, bizim bu sosial fəaliyyətləri aradan qaldırmağa nail olacağımız gün çox da uzaqda deyil.
Sırf praktiki mənada, bəlkə bu məsələ yaxın gələcək üçün olduqca çətin olacaq və ya həmişə indi olduğu kimi qalacaq, ancaq mənim kainat haqqında bildiklərim məni “həmişə” sözünü istifadə etməyə utandırır. Çünki, fizika qanunları ilə idarə olunmayan heç nə yoxdur. Belə ki, mən hal-hazırda təsəvvür edə bilmirəm ki, mən nəfəs aldığım otaqdakı bütün hissəciklərin hərəkətini hesablaya bilərəm. Bunun üçün orta kəmiyyətlər götürməli və fiziki fəaliyyətin statistikasını aparmalıyam. Lakin bəlkə də bir gün bacararam, hardan bilmək olar?
J.B.: Həqiqətən də, hardan bilmək olar? Fəlsəfənin bir gün gərəksiz ola biləcəyi ilə yanaşı, elmin sərhədlərinin də olduğunu qəbul etmək lazımdır.
Kainatdakı maddələrin fiziki elmlərdəki maddələrdən çox olduğunu düşünmürəm. Ancaq mən insan davranışının təkbaşına fizika və ya biologiya tərəfindən açıqlana biləcəyindən şübhəliyəm. Baxmayaraq ki, biz hərfi mənada ulduzlarla eyni maddədən hazırlanmışıq, şüur kimi bu maddənin özü də elə mürəkkəb təşkil olunmuşdur ki, onu bozonların və fermiyonların əsas süxurları ilə izah etmək mümkün deyil. Ən azından mən belə düşünürəm. Fiziklərin gediləsi yollarının olmasına sevinirəm. Ancaq uğur qazanmazdan əvvəl, düşünürəm ki, onlar yeganə həqiqi sualların elmi suallar olması və digərlərinin mənasız olması ilə bağlı iddialardan çəkinməlidirlər. Çünki əgər bu iddialar doğru olsaydı, bizim bu söhbətimiz də mənasız olmazdımı?
L.K.: Belə olan halda, biz bu müzakirəni sonlandıra bilərik. Mən insanların mənim söhbətlərimi mənasız hesab etdiyindən şübhəliyəm, ancaq hər halda biz deyə bilmərik ki, elm reallığın bütöv rəsmini görməyə nail olacaq. Buna baxmayaraq, biz  bunun üçün çalışırıq. Siz və mən, ümumilikdə, fiziki reallığın hər yerdə olması fikri ilə razıyıq, ancaq aramızda gerçəkliyin hansı metodlarla daha səmərəli və tam öyrənilməsi məsələsində müəyyən fərqlər var. Mən təbiətə sual verməyə və təcrübədən keçirərək onları cavablandırmağa və beləcə mümkün inkişafa təəccüblənməyə davam edəcəm. Ulduzları anlamaq insanları anlamaqdan daha asandır, ancaq bu həmin mövcudluğu öyrənməyi daha həyəcanverici edir. Sirlər həyatı çətinləşdirən şeylərdir və mən cavablandırıla biləcəyimiz suallar qalmadığı və bütün tapmacaların tapıldığı zaman çox kədərlənəcəm. Məni təəccübləndirən odur ki, biz, ən azından bəzi sahələrdə, necə olub ki öz uğurumuzun qurbanına çevrilmişik. Bütövlükdə kainata gəldikdə isə, bəlkə də bizim idrakımıza rəhbərlik edən empirik araşdırmalar artıq öz limitinə yaxınlaşır. Bundan əlavə, biz yalnız yaxşı ideyalara inanmalıyıq ki, bu da həmişə çox çətin və daha az etibarlıdır.


Mənbə: https://www.theguardian.com/science/2012/sep/09/science-philosophy-debate-julian-baggini-lawrence-krauss

Fəlsəfə, yoxsa elm? Culian Baqqini və Laurens Kraus (Müzakirə) - I Hissə

by 12:44 AM

Fəlsəfə və elm arasındakı münasibətlər hər dövrdə müzakirələrə səbəb olub. Müasir dövrün ən əsaslı müzakirələrindən birini sizə təqdim edirəm:

Culian Baqqini: Elmin kainat haqqında bizə dediklərindən bir az belə anlayan kimsə kosmos və elmdən qorxa bilər. Fizika humanitar və sosial elmlərdən ayrıldıqdan sonra, alimlər üçün harınlamış, bizim üçün isə biraz qısqanc hiss etmək asandır. Filosoflar, xüsusilə də, laboratoriya xələtinə həsəd apara bilərlər. Kaş ki, bizim nailiyyətlərimiz də bu qədər aydın və mübahisəsiz olaydı. Müvəffəqiyyətinin dəyərini tez-tez haqlı çıxarmaq vəzifəsindən azad olmaq necə gözəl olardı.
Hər nəysə, (əminəm ki, etirazın gəldiyini görə bilirsiniz) mənə maraqlıdır ki, elm son vaxtlar öz məqsədinə çatmaqda çətinlik çəkirmi? Əldə etdikləri nailiyyətlərlə kifayətlənməyən bəzi alimlər digər sahələrdə də ağalıq etmək istəyirlər.
Mən fəlsəfənin problemləri ilə bağlı məsuliyyət hiss etmirəm. Tarix bizə öyrədib ki, bir çox fəlsəfi məsələlər “böyüyə, evi tərk edə və başqa yerdə yaşamağa başlaya bilər”. Elm, bir vaxtlar, metafizikanın tərkibində naturfəlsəfə və psixologiya ilə yanaşı inkişaf edirdi. Ancaq insanın varlığı ilə bağlı bəzi məsələlər var ki, onlar elmi deyillər. Məsələn, mən heç cür təsəvvür edə bilmirəm ki, faktlar hər hansı bir məsələnin əxlaqi cəhətdən doğru və ya yanlış olmağını necə sübut edə bilər.
Dediyiniz və yazdığınız bəzi şeylər sizin də alimlərə xas şöhrətpərəstliyi bölüşdüyünüz təsəvvürü yaradır. Beləliklə deyin mənə, Elm nə qədər uzağa gedə bilər və o hələ də fəlsəfənin “mülkiyyətində” olan məsələlərə cavab verə bilərmi?
Laurens Kraus: Elm haqqında bu cür sözlər və alicənab münasibət üçün təşəkkürlər. Sizin etirazınıza və mənim şöhrətpərəstliyim haqqında hisslərinizə gəldikdə isə, deyə bilərəm ki, mən burada şöhrətpərəstlik görmürəm. Burada sadəcə cavablandırılması mümkün olan və mümkün olmayan sualları fərqləndirmək lazımdır. İlk yanaşma üçün onu deyə bilərəm ki, bütün cavablandırıla bilinən suallar elm olaraq bilinən empirik biliyə daxil olur.
Əxlaq haqqında sualınıza gəldikdə isə, məsələn, elm hissi və ya empirik səbəblərə əsaslanan əxlaqi qərarlar üçün əsas rolunu oynayır. Hər hansı bir fəaliyyət müəyyən bir empirik biliyə əsaslanmadıqda, onun nəticələri üçün “səbəb” axtarmaq lazım olur. Əgər mən hərəkətlərimin nəyə səbəb olacağını bilmirəmsə, onların əxlaqi olub-olmaması haqqında düzgün qərar verə bilmərəm. Nəticə etibarilə, mən fikirləşirəm ki, bizim neyrobiologiya, təkamül biologiyası və psixologiya haqqında anlayışımız, əxlaq anlayışımızı yaxşı təşkil olunmuş bioloji konstruksiyalara çevirəcəkdir.
“Böyüyən” əsas fəlsəfi suallar “evi tərk edənlərdir”. Bu xüsusilə fizika və kosmologiyada eynidir. Səbəb və nəticə, varlıq və yoxluq haqqındakı qeyri-müəyyən fəlsəfi müzakirələr (yeni kitabımda bəhs etdiyim kimi) bunlara yaxşı misaldır. İddia edə bilərəm ki, kiminsə “qeyri-mövcudluq” haqqında digərinin üzü göyərənə qədər apardığı müzakirə (bu, heç nəyə baxmayaraq, maraqlı fəlsəfi sual ola bilər) kifayət qədər yararsızdır. Bu, məni həqiqətən maraqlandıran mövzu olan şeylərin necə yaranması və inkişaf etməsi haqqında məlumat verə bilməz.
C.B.: Mənim sizin mövqeyinizə düşündüyünüzdən daha çox rəğbətim var. Mən razıyam ki, hazırda metafizikanın bir çox ənənəvi suallarına alimlər daha çox yaxınlaşıb və sizin üzərində mübahisə apardığınız “Niyə varlıq yoxluqdan daha çoxdur” sualı da onlardan biridir. Ancaq biz sizin dediyiniz kimi, ““Böyüyən” əsas fəlsəfi suallar “evi tərk edənlərdir”” desək, bəzi şeyləri diqqətdən qaçırmış olarıq. Düşünürəm ki, sizin belə deməyinizin səbəbi odur ki, siz həmin suallar arasındakı əsas fərqin empirik sualların cavablandırıla bilinən olması və qeyri-empirik sualların isə cavablandırıla bilinməməsi olduğunu təsdiq edirsiniz.
Mənim fikrimcə, əsas fəlsəfi suallar “evi tərk etmədən böyüyənlərdir”, çünki mühüm suallar bütün faktlar ortada olsa da cavablandırılmamış qalır. Əxlaqi suallar buna misal ola bilər. Heç bir faktiki kəşf hətta bu müddəanın doğru və ya yanlış olmasını belə müəyyənləşdirə bilməz. Ancaq bu o demək deyil ki, əxlaqi suallar mənasız, ya da psevdo-suallardır. Biz onlar haqqında daha dərindən düşünə, həmçinin, yeni faktlar öyrənərək daha geniş məzmunlu müzakirələr apara bilərik. Məsələn, qeyri-insani idrakı öyrənmək üçün heyvanların həyatına diqqət yetirə bilərik.
Elm alçaldıcı bir formada elmi həlli olmayan sualların ciddi sual olmadığını iddia edir. Mən buna cavab vermək istərdim; insan həyatının dəyişməz xüsusiyyətlərindən biri odur ki, biz çox sayıda elmi həlli olmayan problemlərlə üzləşirik, ancaq biz bununla mübarizə apara, ağlımızın dəqiqliyi və əzmi ilə onu bacardığımız qədər yaxşı anlaya bilərik.
Bu belədir, hərçənd siz bunu qəbul etməyə və elmi nöqteyi-nəzərdən yoxlaya bilərsiniz.
L.K.: Faktiki olaraq, mənim də sizin mövqeyinizə düşündüyünüzdən daha çox rəğbətim var. Mən düşünürəm ki, fəlsəfi diskusiyalar qərar qəbuletmənin çox mühüm yollarından biridir, lakin faktların mənbəyi yanlız empirik tədqiqat vasitəsilə aşkara çıxa bilər. Sizinlə razıyam ki, insan həyatının qərarlar qəbul edilməli olan məsələlərdə elmi sübuta ehtiyac duymayan cəhətləri var. İnsan münasibətləri və varlığı bir səbəbdən ötrü nizamsızlıqdan və hətta bizə bütün mərhələlərdə rəhbərlik edən empirik sübutdan uzaqdır. Mən demişəm ki, Levis Karolun, Alis vasitəsilə ilə, səhər yeməyindən əvvəl bir neçə qeyri-mümkün şeyə inanmağı təklif etməkdə haqlı olduğunu düşünürəm. Hər birimiz bunu səhər yatağımızdan çıxa bilmək üçün edirik - yəqin ki, biz işimizi, həyat yoldaşımızı və özümüzü bu səbəbdən xoşlayırıq.
Mən zamanın dəyişilməz qalması ideyası ilə razılaşmaya bilərəm. Bu gün elmi izahı olmayan məsələnin sabah da izahı olmaya bilər. Bu anlayışların haradan gələcəyini bilməməyimiz kəşf səyahətini daha maraqlı edir. Və mən düşünürəm ki, faktiki kəşflər əxlaqi sualları da cavablandıra bilər.
Misal üçün homoseksuallığı götürək. Dəmir dövrünə aid kitabələrdə homoseksuallıq yanlış hesab oluna bilər, ancaq müxtəlif növlərdə aşkarlanan homoseksual davranışların sıxlığı ilə bağlı elmi kəşflər göstərir ki, bu, populasiyanın müəyyən bir qismi daxilində olduqca təbii bir hadisədir və təkamülə aşkar mənfi təsir göstərmir. Bu bizə əminliklə deyir ki, homoseksuallıq bioloji əsasa malikdir, zərərli və “yanlış” deyil. Faktiki olaraq, düşünürəm ki, siz bizim qeyri-insani idrak axtarışlarımızın əxlaqi görüşlərimizə təsir etməsi ilə bağlı mübahisə apararkən, əslində elmin bu cür təsirini qəbul etmiş olursunuz.
Qəbul etməliyəm ki, “niyə varlıq yoxluqdan daha çoxdur” sualının alimlərə ünvanlanmış ən yaxşı sual olması ilə razılaşmanızı oxuyarkən həzz aldım. Ancaq, mən bu mövzuda, “niyə” suallarının “necə” sualları olduğunu iddia edirəm. Siz də razılaşarsınız ki, “niyə” suallarının mənası yoxdur, çünki onlar “məqsədi” olmayan sual təsiri bağışlayır.

 Ardı var...

Mənbə: https://www.theguardian.com/science/2012/sep/09/science-philosophy-debate-julian-baggini-lawrence-krauss

Əgər - Redyard Kiplinq (şeir)

by 11:42 PM


Əgər ətrafındakı bütün insanlar başlarını itirdikləri
Və bunda səni günahlandırdıqları vaxt
Sən başını dik tuta bilsən,
Əgər heç kəs sənə inanmadığı vaxt, özünə inansan
Və onların inamsızlığını bağışlaya bilsən,
Əgər gözləməyi bacarsan və bundan yorulmasan,
Və ya haqqında yalan deyilsə, sən isə yalanla işləməsən,
Yaxud sənə nifrət etsələr də, sən nifrətə qoşulmasan,
Bütün bunlarla yanaşı, nə çox yaxşı, nə də çox ağıllı görünməsən,
Əgər xəyal qurmağı bacarsan və onların köləsi olmasan,
Əgər düşünə bilib, onları məqsədə çevirməsən,
Əgər qələbə və məğlubiyyət ilə qarşılaşıb
Hər iki saxtakarla eyni cür davrana bilsən,
Əgər ağzından çıxan həqiqətin bəzi alçaqlar tərəfindən
Axmaqlara tələ qurmaq üçün dəyişdirilməsinə dözə bilsən,
Yaxud ömrünü həsr etdiyin şeylərin bir gün dağıldığını görüb
Əyilib köhnəlmiş alətlərlə onları yenidən qura bilsən,
Əgər bütün qazancını bir yerə toplayıb
Qəpik atma oyununda hamısını riskə ata bilsən,
Onları uduzub yenidən başlaya
Və bu itki üçün bir dəfə olsun deyinməsən,
Əgər ürək, sinir və əzələlərin zəiflədikdən sonra belə
Onları işləməyə məcbur edə bilsən,
Və özündə “Döz” deyən bir iradədən
Başqa gücün qalmadığı vaxt dözə bilsən,
Əgər çoxluq qarşısında danışıb şərəfini qoruya bilsən,
Yaxud krallarla gəzib xarakterini itirməsən,
Əgər nə düşmənlərin, nə də sevimli dostların səni incidə bilməsə,
Əgər həddini aşmadan bütün insanları sevə bilsən,
Əgər bir də geri qayıtmayan bir dəqiqəni
Altmış saniyə qaçmaqla doldura bilsən,
Dünya və üzərindəkilər sənindir,
Ən əsası isə
İNSAN olarsan, oğlum...

Tərcümə: Ramilə Bayramova

Stiq Daqerman - Uşaq öldürən adam (qısa hekayə)

by 10:35 PM


Günəşli bir gün idi və gün işığı düzənliyə yayılırdı. Birazdan zənglər çalınacaq, çünki bu gün bazar günüdür. Çovdar tarlalarının arasında iki uşaq əvvəllər görmədikləri bir cığırı kəşf edir. Düzənliyin kənarındakı üç kəndin pəncərələri par-par parıldayır. Kişilər mətbəx masasının üzərinə qoyduqları portativ aynaların qarşısında üzünü qırxır, qadınlar zümzümə edərək səhər yeməyi üçün çörək dilimləyir, uşaqlar isə mətbəxin döşəməsində oturub jiletlərinin yaxasını düymələyir. Bu xoşbəxt səhər əslində pis bir günün başlanğıcıdır, çünki uşaqlardan biri üçüncü kənddə xoşbəxt bir insan tərəfindən öldürüləcək. Buna baxmayaraq, uşaq mətbəxin döşəməsində oturub yaxasını düymələyir, kişi üzünü qırxarkən bu gün dərədə qayıqla gəzəcəklərindən bəhs edir, qadın zümzümə edərək kəsdiyi dilimləri mavi bir boşqaba yığır.
Mətbəxə heç bir kölgə düşmür və uşağı öldürəcək olan adam birinci kənddəki qırmızı bir yanacaqdoldurma nasosunun yanında dayanıb. O xoşbəxt bir adamdır, fotokameranın obyektivindən baxanda mavi bir maşın və gülümsəyərək maşının yanında dayanan gənc bir qadın görür. Qadın gülür, kişi isə bu gözəl mənzərənin şəklini çəkir. Bu vaxt yanacaqdoldurma məntəqəsinin işçisi benzin tankının ağzını bərk-bərk bağlayır və cütlüyə baxaraq bu gün havanın yaxşı olacağını deyir. Qadın maşına minir, uşağı öldürəcək olan adam isə cibindən pulqabını çıxarır və işçi ilə söhbət edir. Dəniz kənarına gedəcəklərindən, qayıq kirayələyib üzəcəklərindən bəhs edir.
Ön oturacaqda oturan qadın maşının açıq pəncərəsindən kişinin dediklərini eşidir, gözlərini bağlayır, dənizi və qayıqda yanında oturan kişini təsəvvüründə canlandırır. O pis adam deyil, xoşbəxt və şad adamdır, maşına minməmişdən əvvəl buxarının qabağında bir anlıq dayanır, onun parıltısından və meşəgilası ağaclarının ətrinə qarışan benzin qoxusundan zövq alır. Maşının üstünə heç bir kölgə düşmür, parıldayan kapotun üzərində isə nə əziklik, nə də qırmızımtıl qan ləkəsi var.
Birinci kənddəki adam maşına minib qapısını örtdükdən sonra mühərriki işə saldığı vaxt üçüncü kənddəki qadın mətbəx şkafının qapısını açır və evdə qənd olmadığını görür. Jiletini düymələməyi və ayaqqabılarının kəndirlərini bağlamağı bitirən uşaq divana çıxıb dizlərinin üstündə dayanaraq pəncərədən baxdıqda, qızılağacların arasından axan dərəni və sahildəki otların üzərində dayanan qara qayığı görür. Uşağını itirəcək olan kişi təraşını bitirir və portativ aynanı qatlayıb yerinə qoyur. Masanın üstündə kofe fincanları, çörək, qaymaq və milçəklər var. Çatışmayan yeganə şey şəkər olduğundan ana uşağını şəkər istəmək üçün Larsongilə göndərir. Uşaq qapını açıb bayıra qaçdığı vaxt kişi arxasınca qışqırır, qayığın sahildə onları gözlədiyini, bu gün həmişəkindən daha uzağa gedəcəklərini deyir. Uşaq həyəti qaçaraq keçərkən fikri dərədə, qayıqda və suda üzən balıqlarda idi. Heç kəs onun qulağına ömrünün səkkiz dəqiqə sonra bitəcəyini, qayığın nə bu gün, nə də başqa vaxt yerindən tərpənməyəcəyini demir.
Larsongilin evi uzaq deyil, yolun düz qarşı tərəfindədir. Uşaq qaçaraq yolu keçdiyi vaxt kiçik mavi avtomobil də ikinci kənddən keçir. Kiçik qırmızı evlərlə dolu olan bu kəndin təzəcə oyanan əhalisi mətbəxlərində oturub kofe fincanını ağızlarına apararkən hasarların o biri tərəfindən arxasınca böyük bir toz buludu yaradaraq keçən avtomobili görürlər. Avtomobil çox sürətlidir, alma ağacları və yenicə qətranlanan telefon dirəkləri sükanın arxasındakı kişinin görüş sahəsindən boz kölgələr kimi keçib gedir. Yay fəsli avtomobilin pəncərələrindən içəri daxil olur. Onlar kənddən sürətlə keçirlər, rahatlıqla və təhlükəsiz bir halda yolun ortası ilə irəliləyirlər. Yolda ancaq onlar var – hələ ki. Yumşaq və geniş bir yolda bu cür təkbaşına irəliləmək xoşdur, çəmənliklərin arasından keçərkən bu xoşluq daha da artır. Kişi xoşbəxt və güclüdür, qolunun yanında qadının bədənini hiss edir. O pis bir adam deyil. Sadəcə dənizə çatmaq üçün tələsir. Başqa vaxt ən adi canlını belə incitməz, ancaq birazdan bir uşağı öldürəcək. Üçüncü kəndə tərəf sürətlə irəliləyərkən qadın gözlərini bağlayır və dənizə çatana qədər açmamağı düşünür. Avtomobil aradabir yavaşca silkələnərkən xəyalında dənizin necə görünəcəyini canlandırır.
Həyat o qədər qəddarcasına qurulub ki, xoşbəxt bir insan bir uşağı öldürməzdən bir neçə dəqiqə əvvəl belə xoşbəxtliyini qoruyub saxlayır, bir qadın dəhşətlə qışqırmazdan bir dəqiqə əvvəl dənizlə bağlı xəyallar qura bilir, bir uşağın həyatının son dəqiqəsində belə valideynləri mətbəxdə oturub qənd gözləyə, uşaqlarının dişlərinin necə ağ olmasından və qayıq gəzintisindən danışa bilir. Bu zaman haqqında danışılan uşaq qonşunun qapısını bağlayıb küçəni keçməyə başlayır. Sağ əlində ağ kağıza bükülmüş bir neçə kub qənd var. Son dəqiqəsinin qalanında onun gözləri içərisində böyük balıqlar üzən, uzun və parıltılı dərə və onun kənarındakı qayıqdan başqa heç bir şeyi görmür.
Daha sonra olan olur. Mavi bir avtomobil yolun ortasında çarpaz şəkildə dayanır, qışqıran bir qadın əlini ağzından çəkir, əlində qan var. Sonra avtomobilin qapılarından biri açılır və bir kişi ayağa qalxmaq istəyir, ancaq elə bil daxili dəhşətdən oyulub. Daha sonra bir neçə kub qəndin yoldakı qanlı daşların arasına qəddarcasına dağıldığı görünür. Bir uşaq üzü üstə uzanıb, hərəkət etmir və sifəti yola tərəfdir. Ardınca hələ kofelərini içməmiş iki nəfər ağappaq sifətlə özünü həyətin qapısından çölə atır və yolun kənarında heç vaxt unuda bilməyəcəkləri bir mənzərə ilə qarşılaşırlar. Vaxtın hər dərdin əlacı olması fikri doğru deyil. Vaxt ölü bir uşağı sağaltmır, nə qənd almağı unudan bir ananın, nə də əvvəllər xoşbəxt olmuş olsa da, bir uşağı öldürən kişinin ağrısını azaltmır.
Bir uşağı öldürən kişi dənizə getmir. Bir uşağı öldürən kişi sakitcə evinə tərəf yönəlir. O, səssizdir, yanında əli sarınmış susqun bir qadın var. Keçdikləri kəndlərdə bir nəfər də olsun xoşbəxt adam görmürlər. Qaranlıq kölgələrin arasında sağollaşarkən belə səssizliklərini qoruyurlar, çünki uşağı öldürən adam bu səssizliyin onun düşməni olduğunu anlayır. Bunun öhdəsindən gələ bilmək üçün illərlə günahın onda olmadığını bağırmalı olacaq. Halbuki, bunun yalan olduğunu bilir, hər gecə yuxusunda həyatın o qısa dəqiqəsini geri çəkdiyini və baş verənləri dəyişdirdiyini görür. Ancaq həyat bir uşağı öldürənlərə elə qəddar davranır ki, arxasınca gələn hər şey üçün həddindən artıq gec olur.


Tərcümə: Ramilə Bayramova

Atvudun sevmək qadağan edilən qadınları

by 6:11 AM


Distopiya (antiutopiya) termini ilk dəfə Con Stuart Mil tərəfindən istifadə edilib. Mahiyyət etibarilə, distopiya anlayışı utopik cəmiyyətlərin əksinə, pis, avtoritar cəmiyyətləri xarakterizə edir. Bu janrın ən gözəl nümunələri: Corc Oruel “1984”, Oldous Haksli “Cəsur yeni dünya”, Marqaret Atvud “Damazlıq qızın hekayəti”, Cek London “Dəmir daban” və s.-dir.
Bu romanlar sırasında “Damazlıq qızın hekayəti” xüsusi yer tutur. Əsərin başlıca ideyası təhlükəsizlikdə olmaq naminə azadlığımızdan necə və nə dərəcədə əl çəkməyimizdir.
Əsərin qısa məzmunu belədir: ABŞ-ın yeritdiyi siyasət hökumətin hər gün daha çox gözdən düşməsinə səbəb olur. Əsgərlər bunun qarşısını almaq üçün dövlət çevrilişi edərək prezidenti öldürür, daha sonra isə günahı müsəlmanların boynuna atırlar. Yeni hökümətin qarşısına qoyduğu ilk məqsəd isə “nizamı yenidən qurmaq” olur. Onlar bu məqsədlə Yakobun oğulları adlı hərəkat yaradır və ölkədəki bütün qadınların bank hesablarını donduraraq hüquqlarını əllərindən alırlar.
Yeni sistem ölkəni teokratik, irqçi və şovinist əsaslarla idarə etməyə başlayır. Qadınlardan ibarət kasta sisteminin ən yüksək pilləsində uşaq doğa bilməyən evli qadınlar, ən aşağı pilləsində isə fahişəlik edən qadınlar dayanırdı. Aralıq təbəqələr isə Qız övladlar (övladlıq götürülən qızlar), Martalar (ev işləri ilə məşğul olan sonsuz qadınlar), Xalalar (Damazlıq qızları yetişdirən xüsusi rütbəli qadınlar) və həyatdakı yeganə vəzifəsi uşaq doğmaq olan Damazlıq qızlardan təşkil olunurdu. Romanın baş qəhrəmanı Ofred Damazlıq qızları “iki ayaqlı uşaqlıq” adlandırırdı. Damazlıq qızların sevmək, aşiq olmaq kimi hüquqları yox idi; onlar hətta müəyyən ifadələrdən başqa sözlər də işlədə bilməzdi.
1985-ci ildə yazılan romanın motivləri əsasında 1990-cı ildə “Damazlıq qızın hekayəti” (The Handmaid's Tale) adlı 109 dəqiqəlik film çəkilib, 2000-ci ildə eyniadlı opera tamaşaya qoyulub. 2017-ci ildə isə “Hulu” şirkəti tərəfindən eyniadlı serial çəkilməyə başlanıb.
Bundan başqa, 2015-ci ildə Anna və Yelena Balbusso tərəfindən əsərin sujet xəttinə uyğun çəkilmiş illustrasiyalar da böyük maraq doğurur:

"Baş küçəyə dönürük, burada hərəkət daha çox və canlıdır. Yaxınlıqdan maşınlar keçir - əksəriyyəti qara, bəziləri boz və qəhvəyi rənglidir. Əllərində səbət olan qadınlar var, bəziləri qırmızı, bəziləri zolaqlı donlar geyiniblər; qırmızı, göy, yaşıl, ucuz, köhnə - bunlar yoxsul kişilərin arvadlarının əlamətidir. Onları Ekonoqadın adlandırırlar."

"İki sıralı növbədə dayanarkən qapı açılır, içəri iki qadın girir, hər ikisində Damazlıq Qızların ağ qanadları və qırmızı papaqları var. Birinin qarnı burnuna dəyir, geniş donunun altında qarnı fəxrlə şişib. Mağazada tərpəniş, pıçıltı və dərindən köks ötürmələr eşidilir. Yaxşı görə bilmək üçün istər-istəməz başımızı çeviririk, barmaqlarımız ona toxunmaq üçün can atır. Bizim üçün o sehirli bir varlıq, həsəd və arzu obyektidir. O, qüllədəki bayraqdır, bizə azad olmağın mümkün olduğunu göstərir."

"Çılpaqlığım artıq özümə qəribə gəlir. Bədənim sanki köhnəlib. Doğurdan mı, mən nə vaxtsa çimərlik paltarı geyinib sahildə gəzmişəm? Geyinərdim, özü də fikirləşmədən, kişilərin arasında və bütün bədənimi nümayiş etdirərək geyinərdim. Bədənimə baxmamağa çalışıram. Ayıb və ədəbsizlik olduğu üçün yox, onu görmək istəmədiyim üçün. Məni bütünlüklə ifadə edən bir şeyə baxmaq istəmirəm."

"İki əl oynayırıq. Mən Larynx sözünü düzürəm. Valance. Quince. Zygote. Parlaq daşların kənarlarından tutub hərflərə toxunuram. Bu çox şəhvətli bir hissdir. Bu bir azadlıqdır, azadlığın bir anıdır. Limp sözünü düzürəm. Gorge. Nə gözəl. Daşlar nabat kimidir, nanəli, sərinləşdirici. Onları ağzıma atmaq istərdim. Limon dadı verirlər. K hərfi. Kəskin, biraz turş, ancaq ləziz."

"Divar bir neçə yüz ildir ki, burdadır. Səkilər kimi o da qırmızı kərpicdəndir və yəqin ki, bir vaxtlar sadə və gözəl olub. İndi qapıda keşikçilər var, divarın üstündə dəmir sütunlara yeni projektorlar quraşdırılıb, aşağıdan tikanlı tel çəkilib, yuxarıda isə betonun içərisinə şüşə qırıntıları səpilib. Heç kəs bura öz xoşu ilə gəlməz. Bu tədbirlər çıxmağa çalışanlara üçün nəzərdə tutulub; hərçənd elektron siqnalizasiya sisteminin yanından keçib divara yaxınlaşmaq qeyri-mümkündür."

"Yoxlama məntəqəsindən keçmək üçün sıraya düzülürük, qoşa-qoşa; qızlar məktəbinin gəzintiyə çıxıb qayıdarkən çox yubanan şagirdləri kimi. Uzun illər yubanmışıq, buna görə də hər şey böyüyüb - ayaqlarımız, bədənlərimiz, paltarlarımız. Tilsimlənmiş kimi. Bunun nağıl olduğuna inanmaq istəyərdim, amma yoxlanış qurtardıqdan sonra bizi qoşa-qoşa buraxırlar və biz yolumuza davam edirik."

"-Hə, budur, - deyirəm və o çevrilir. Özümü axmaq kimi hiss edirəm; güzgüyə baxmaq istəyirəm.
- Gözəldir, - o deyir: - İndi də üzün.
Onda yanlız köhnə, ərimiş və süni üzüm qoxusu verən dodaq boyası, göz üçün qələm və kirpiklər üçün tuş var. Bir anlığa qorxuram ki, bunlardan necə istifadə edəcəyimi xatırlaya bilməyəcəm."



“O, qalmağa gəldi” və ya “Qonaq qız”

by 5:55 AM
Ekzistensializmin tanınan qadın nümayəndələrindən biri Simona de Bovuarın ilk romanı “O, qalmağa gəldi” (“She came to stay” / "L`invitee") əsəri 1943-cü ildə nəşr olunub. Sonrakı əsərlərinin əksəriyyəti kimi avtobioqrafik səciyyə daşıyan bu kitabda müəllif bir məhəbbət üçbucağından bəhs edir. Bu məhəbbət üçbucağına Simona, tələbəsi Olqa Kosakieviç və Sartr daxildir. Oxucular bu romanın onun ilk əsəri olduğunu rahatlıqla anlaya bilər. İstər əsərin dili, istərsə də hadisələrin təsviri Simonanın öz üslubunu tam formalaşdırmamış olduğunu göstərir. Bütün bunlara baxmayaraq, əsər kifayət qədər oxucu qazandı və müəllifin sonrakı uğurlarının təməlini təşkil etdi.


Romandakı hadisələr İkinci Dünya Müharibəsindən əvvəlki dövrdə Parisdə baş verir. Piyer və François Parisin incəsənət cameasında populyar teatr xadimləridir. Onların sevgi münasibətləri azadlıq prinsipləri üzərində qurulub. Bu sevgililər bir-birinə sadiq olmağa deyil, birlikdə olmağa əhəmiyyət verirlər. Bu isə Sartrla Simonanın öz həyatlarında yaşadıqlarının eynisi idi. Obrazlar da öz prototipləri kimi istədikləri vaxt başqaları ilə münasibətə girə bilirdilər. Bu cütlük üçün əsas məsələ birgə həyatları, birlikdə qurduqları xəyallar və reallaşdırdıqları işlər idi.
Uzun müddətdir davam edən Piyer-François sevgi macərasına kənddən gələn gənc bir qız – Xaviyer də daxil olur. Bu cütlük ətraflarınddakı tanışlarını boş və mənasız insan hesab edirdilər. Ancaq Xaviyer onları cəlb edir. Beləliklə, bir qədər sonra bu üçlük arasında xüsusi bir yaxınlaşma başlayır. Əksəriyyətimizin əxlaq anlayışına xeyli yad olan bu münasibət forması həmin dövr üçün də yeni idi. Ancaq bu üçlü münasibət heç də gözlənilən nəticəni vermir. Xaviyerin münasibətə daxil olması François ilə Piyer arasındakı tarazılığı pozur və əlaqələrini çətinləşdirir. Hadisələrin gedişatı romanının əvvəlində öz sakitliyi və laqeydliyi ilə seçilən Françoisi sonda Xaviyeri öldürmə həddinə qədər gətirib çıxarır.


Romanın bu səthi təsvirindən sonra orada ifadə olunan əsas məsələlərə diqqət yetirə bilərik. Əsər müəllifin ekzistensialist baxışlarını müəyyən qədər əks etdirir. Burada obrazlar arasındakı söhbətlərdə ekzistensializm fəlsəfəsinin əsas mövzularından olan mövcudluq, ölüm, həyat, məna, sevgi, qayğı, özgələşmə, pislik və s. kimi mövzulara rast gəlinir. Simona və Sartr da daxil olmaqla, ekzistensialistlərin bir çoxu düşünür ki, insanlar doğulduqları vaxt, əslində heç tanımadıqları bu dünyaya atılırlar. Onlar ünsiyyətdə olduğumuz ilk insanları özümüzün seçə bilmədiyini, ancaq həyatımızın sonrakı dövründəki insanları öz iradəmizlə seçdiyimizi, bunun da xarakterimizi formalaşdıran əsas amillərdən biri olduğunu deyirdilər.
Həyatımız boyunca özümüzü tapmaq üçün digər insanlarla mübarizə aparırıq. Bu zaman hər hansı uğursuzluğa düçar olduqda isə əvəzini pislik etməklə çıxırıq. Romandakı hər bir obraz da hadisələrin gedişatında bu və ya digər formada öz daxilindəki pisliyi üzə çıxardır. Müəllif buna nail olmaq üçün həmin obrazları müəyyən vəziyyətlərdə (“sərhəd situasiyaları”) təsvir edir.
Əsərin ən maraqlı və dərin fikirləri, xüsusilə François və Piyerin söhbətləri zamanı ifadə olunur. Məsələn, kitabın bir hissəsində Françoisin dilindən deyilir: “Sən heç digər insanların varlığını hiss etmisənmi? Bu, həqiqətən dözülməzdir”.
Kitabdan sizi düşünməyə vadar edəcək bir neçə sitatı bölüşmək istəyirəm:
- “Dünyada özümə yer tapmaq üçün xüsusi bir cəhd göstərmək fikrində deyiləm, burada onsuz da bir yerim olduğuna inanıram”.
- “Bu rəqs zalının mərkəzində heç nədən asılı olmadan oturan “Mən” varam. Eyni vaxtda, bu simaların, həyatların hər birini izləyirəm. Ancaq mən üzümü çevirən kimi onların hamısı əriyib yox olacaq”.
- “Sövdələşmələrə nifrət edirəm. İnsan istədiyi kimi yaşaya bilməyəcəksə, ümumiyyətlə yaşamasa yaxşıdır”.

Müəllifin bu əsəri “İkinci cins” və “Mandarinlər” qədər ön plana çıxmasa da, mütiliyə qarşı çıxması və azad qadın obrazları yaratması, ekzistensialist baxışların ifadəsi baxımından ədəbiyyatda və fəlsəfədə xüsusi yerə malikdir.

Gəncədən SSRİ-yə açılan qapı

by 6:52 AM
Gəncənin mərkəzində bir məkan və bu məkana açılan bir qapı. Siz bu qapı vasitəsilə birbaşa 50-60 il əvvələ gedə, SSRİ-yə səyahət edə bilərsiniz. Ancaq bunun üçün gərək parolu biləsiniz...
Haqqında bəhs etdiyim yer Gəncə şəhərində yerləşən “Zirzəmi” restoranıdır. Restoran ötən ilin yanvar ayından etibarən fəaliyyətə başlayıb. Məkanın özəlliyi onun başdan ayağa 1945-1991-ci illər Sovet dövrü abu-havasında dizayn olunmasındadır. 90-cı illərə qədər doğulan hər kəs bu məkanda öz xatirələrinə uyğun bir simvol, əşya və ya abu hava tapa bilər. Restoran rəhbərliyi ilə apardığım kiçik söhbət əsasında qeyd etdilər ki, məkanın bu formada dizayn edilməsinin əsas məqsədi insanları tarixə yaxınlaşdırmaqdır. Onlar qeyd edirlər ki, bir çox hallarda orta nəslin nümayəndələri müasir məkanlara getməkdən narahat olur və ya orada özlərini rahat hiss etmirlər. Ancaq bu yer hər nəsildən olan şəxsləri istər dizaynı, istər yeməkləri, istərsə də yüksək səviyyəli xidməti ilə özünə cəlb edir.
Bəs restoranın fərqliliyi sadəcə dizaynla bitir mi? Xeyr. Deməli, buranın qaydalarına əsasən, gəlməzdən 5 dəqiqə əvvəl belə olsa, zəng edib yer rezerv etməli, neçə nəfər gələcəyinizi deməli və parol almalısınız. Qapıda parolu deyə bilməsəniz və ya rezervdə göstərilən müştəri sayından bir nəfər belə çox şəxslə gəlsəniz, həmin şəxs yenidən parol alana qədər məkana buraxılmayacaq. İçəri girərkən, əgər ilk dəfədir restorana gəlirsinizsə, girişdə yazılan restoran “and”ını oxumalısınız.
Restoranda ümumi məkanla yanaşı, xüsusi kupelər də fəaliyyət göstərir. Bunlardan üçü “Sovet Azərbaycanı otağı”, “Sovet kinosu otağı” və “Qəhrəmanlar” kimi adlanırılıb və ada uyğun dizayn olunub. Burada həmçinin, xüsusi selfi və şəkil guşələri var ki, orada Sovet geyimləri və əslinin uğurlu imitasiyası olan silahlarla şəkillər çəkdirə bilərsiniz. Bir sözlə, özünüzü qısa müddətlik Sovet dövründə hiss edəcəksiniz :)
P.S. Bu məkanı açanların məqsədi Sovet dövrünü tərifləmək, ya da hər hansı bir ideologiya təlqin etmək deyil. Sadəcə insanların istirahətini xoş və mənalı keçirməsini təmin etməkdir.
P.S.S. Bu yazı reklam deyil. Gəncəyə gələnlər mütləq “Zirzəmi”yə ensin :) 








"Sovet Azərbaycanı" otağı:





"Sovet kinosu" otağı:



"Qəhrəmanlar" otağı:



"Selfi" guşəsindən:






Disqus Shortname

Comments system

Powered by Blogger.