Həqiqətənmi fəlsəfə elmə uduzur?
Müasir
dövrün qarşıya qoyduğu ən mühüm suallardan biri budur: Fəlsəfə, yoxsa Elm
həyatla bağlı ən vacib suallara cavab verə bilər?
Bir
dünyagörüşü və metodologiya kimi fəlsəfənin dəyəri onun həyatla əlaqəsi ilə
ölçülür. Bu əlaqə həm birbaşa, həm də dolayı yolla elm, incəsənət, hüquq,
əxlaq, din və siyasət də daxil olmaqla bütöv mədəniyyət sistemini əhatə edir.
Fəlsəfə
və elm arasındakı münasibətlər əsrlər boyu müzakirə mövzusu olsa da, hələ də
heç bir vahid görüş yoxdur. Bəzi baxışlar onların münasibətini ayrılmaz hesab
edir, digərləri isə fəlsəfənin öz, elmin isə öz yolu olduğunu müdafiə edirlər.
Bu baxışın tərəfdarları hesab edirlər ki, elm heç bir aktual fəlsəfi problemi
nəzərə almadan bütün suallara cavab verə biləcək qədər inkişaf edib.
Fransız
sosioloqu Oqyust Kont tərəfindən irəli sürülən pozitivizm nəzəriyyəsinə görə,
elmə heç bir fəlsəfə lazım deyil. Hər bir elm özü üçün fəlsəfədir. Buna görə
ayrıca bir sahəyə ehtiyac yoxdur. Kontun fəlsəfə ilə barışmazlığı onun praktik,
təcrübi biliyə üstünlük verməsində irəli gəlirdi. Bildiyimiz kimi fəlsəfə isə
ilk olaraq nəzəri biliklərin yaradıcısı kimi çıxış edir. Ancaq Kont fəlsəfənin
empirik tərəflərini nəzərə almamaqla onu məhdudlaşdırır və yanlış təsvir
edirdi.
Bəs
fəlsəfə elmin dəstəyi olmadan inkişaf edə bilərmi? Və ya elm fəlsəfəsiz bu
surətini saxlaya bilərmi?
Fəlsəfədən
imtina etmənin əsassızlığını izah etmək üçün ortaya belə bir məsələ qoyaq. Hər
hansı bir alim atomun nə olduğunu bilmədən, onu dərk etmədən, xüsusiyyətlərinə
bələd olmadan hansı təcrübəni apara bilər? Bu sualı elmi terminologiyanın bütün
anlayışlarına şamil etmək olar. Məhz, fəlsəfə həmin termin və anlayışları şərh
və izah edir. Ən sadə dillə, əgər insanlar tarix başlayandan bəri
düşünməsəydilər, səbəblərlə maraqlanmasaydılar, indi necə bir dünyada
yaşayardıq? Bu sual bəlkə də məsələnin həlli üçün əsas suallardan biridir və
özü ilə digər çoxsaylı sualları gətirir. Düşünmək sənəti olan fəlsəfə, məhz, bu
səbəbdən elmdən kənarlaşdırıla, ayrıla bilməz. Spirkinin təbirincə desək, elm
və fəlsəfə daim bir-birindən öyrənib. Elm fəlsəfənin qoyduğu suallar sayəsində
saysız kəşflər edir. Fəlsəfə isə elmin nailiyyətləri sayəsində yenilənir, yeni
ideyalar ortaya qoyur. Spirkin fəlsəfə tarixinə yaxşı bələd idi və hələ
elmin fəlsəfədən ayrılıb müstəqil bir sahəyə çevrilmədiyi dövrlərdə bütün
alimlərin həm də filosof olduğunu bilirdi. Demək olar ki, bir çox həyati əhəmiyyətli
kəşflər fəlsəfi ideyalar vasitəsilə irəli sürülüb. Məsələn, atomun müəyyən
quruluşa malik olması haqqında ideya Antik dövr filosofu Demokrit tərəfindən
irəli sürülmüşdü. Təbii seçmə haqqında ilk ideyalar isə qədim dövrdə Lukretsi,
onun ardından isə yeni dövrdə fransız filosofu Deni Didro tərəfindən ortaya
atılmışdı. Materiyanın vahidliyi, hərəkət, məkan və zaman, fasiləlilik və
fasiləsizlik, sonluluq və sonsuzluq haqqında ideyalar fəlsəfi düşüncənin
məhsuludur.
Fəlsəfi
prinsiplər, konsepsiyalar və qanunlar müxtəlif elm sahələri üçün təkanverici
qüvvə rolunu oynayır. Məsələn, Evklid həndəsəsi, əsrlər boyu insanların
düşüncələrinə təsir edən Qaliley və Nyutonun mexanikası, Kopernikin kainatın
mərkəzini yenidən “yaradan” heliosentrik sistemi, insanın təbiətdəki yerini
göstərən Darvinin təkamül nəzəriyyəsi, materiyanı daha yaxşı anlamağımıza səbəb
olan Mendeleyevin kimyəvi elementlər sistemi, materiya, hərəkət, zaman və məkan
arasındakı əlaqələri izah edən Eynşteynin nisbilik nəzəriyyəsi, kvant fizikası,
əqli fəaliyyətin maddi əsasları haqqında biliklərimizi formalaşdıran İ.Pavlov
və M.Seçenovun ali sinir fəaliyyəti nəzəriyyəsi, texnologiya və cəmiyyət
arasındakı münasibətlərdə yeni üfüqlər açan kibernetika nəzəriyyəsi və digər
bir çox dünya əhəmiyyətli kəşflər elm və fəlsəfənin ortaq məhsuludur.
Fəlsəfə
elmi əvəz etmək niyyətində deyil. Əksinə o, elmi anlayışları şərh və izah edir,
elmi nəzəri təfəkkürün prinsipləri və metodları ilə silahlandırır.
İxtisaslaşdırılmış və inteqrasiyalaşmış elm sahələrinə nəzərən fəlsəfə daha
ümumi və geniş məzmun kəsb edir. Mahiyyət etibarilə ilə bütün elmlərə xas
məlumatları bu və ya digər şəkildə birləşdirib əlaqələndirməsini nəzərə alaraq
onu “elmlər elmi” adlandırmaq olar.
Son
dövrlər belə bir fikir ortaya atılır ki, fəlsəfə elmin ardıcıl və sürətli
nailiyyətləri ilə ayaqlaşa bilmir. Ancaq bu haqsız iraddır. Bildiyimiz kimi,
elmin və texnologiyanın bu cür inkişafı özü ilə birlikdə qlobal problemləri
gətirib. Məsələn, elmi-texniki inqilab nəticəsində təbiətin şiddətli istismarı,
zavod və avtomobillərin havaya buraxdığı zəhərli maddələr şiddətli ekoloji
problemlərə və xəstəliklərə səbəb olur. Həmçinin texnologiyanın sürətli
inkişafı insanların mənəvi aləminə də mənfi təsir göstərir, texnoloji inkişaf
nəticəsində iş yerlərində insanların maşınlarla əvəz olunması dünya miqyasında
işsizlik və özgələşmə problemi yaradır.
Müasir
dövrdə elm öz axarı ilə getsə də, fəlsəfə öz ənənəvi məsələləri ilə yanaşı, həm
də qlobal miqyaslı həmin problemlərin həlli ilə də məşğul olur. Və bu onun məzmununu
bir tərəfdən genişləndirir, digər tərəfdən isə daha da zənginləşdirir. Belə ki,
müasir fəlsəfə elmin inkişaf istiqamətlərini və törədə biləcəyi nəticələri
əvvəlcədən proqnozlaşdıraraq həm cəmiyyətin, həm də yaşadığımız dünyanın
gələcəyini formalaşdırır.
http://xeber365.com/
Post a Comment