Reankarnasiya haqqında ümumi məlumat
İnsan
ruhunun ölməzliyi, bir bədəndən digər bədənə keçərək yaşamını davam etdirməsi
haqqında ideyalar ən qədim dövrlərdən bəri mövcuddur. Bu fikirlər ilk əvvəl Şərqdə,
daha dəqiq desək, Misir və Hindistanda yaranmışdır. Ruhun bir bədəndən digər bədənə
keçməsi müasir elmdə “reankarnasiya” olaraq bilinir. Ruhun köç etməsi
ideyasının tarixi Qədim Misir və Hindistana gedib çıxır. Bununla yanaşı, qədim
skandinav və kelt mifologiyalarında da ruhun köçü, reankarnasiya ilə bağlı müəyyən
ideyalar vardır. Bu mifologiyalarda daha çox müqəddəslərin ruhunun köçməsi
ideyası özünü göstərir. Misirdə isə ölən insanın yenidən dünyaya gələcəyinə
inandıqları üçün onun yanına müxtəlif əşyalar qoyurdular. Bir çox Misir
mifologiyalarında günahkar insanların ölümdən sonra Tanrılar qarşısında öz əməllərinə
görə cavab verəcəyi göstərilir. Ruhun bir bədəndən digər bədənə keçməsi ideyası
(reankarnasiya) Hinduizm, Caynizm və Buddizmdə “sansara”, İslamda və digər səmavi
dinlərdə “tənasüh” adı ilə bəllidir. Qədim Hind dini kitabları olan Vedaların fəlsəfi
hissəsi Upanişadlarda ruhun köçməsi ilə bağlı məsələlər şərh edilir. Burada
ruhun köçməsi (sansara) və insanın əməllərinə görə cavab verməsi (karma)
prosesləri səbəbiyyət zəncirinin halqaları kimi təsvir olunur. Daha sonra bu
ideyalar Buddizm və Hinduizmdə inkişaf etdirilib.
Bəzi
inanclara görə, reankarnasiyanın əsas məqsədi ruhun kamilləşməsidir, yəni öz
varlığını və mahiyyətini dərketməsidir. Çünki insan ruhu bir həyatla kamilləşə
bilməz. Hinduizm və buddizm də reankarnasiya və ya sansara prosesi insan ruhunun
yerdəyişməsini ifadə edir. Bu qanuna görə, ruhun dünyaya yenidən qayıdışı təkcə
insan formasında yox, heyvan, bitki, hətta daş və digər cansız cisimlər
formasında da ola bilər. Buna görə bəzi hindu təlimlərində “heç bir canlıya
ziyan verməmək” kimi əxlaq qanunları inkişaf etdirilir. Əlavə məlumat üçün demək
olar ki, caynizm ( insanın öz nəfsinə qalib gəlməsini əsas götürən təlim) təliminin
davamçıları canlıları hətta təsadüfən belə incitməmək üçün ağızlarını parça ilə
bağlayır və ət yeməkdən imtina edirlər. Hinduizmin davamçılarına görə insanın
ruhu cisimləri dəyişməkdə davam edir, yəni dəyişən ruh deyil, cisimdir. Həmin
proses insanın öz varlığını və bu dünyanı dərk etməsinə, yəni “Nirvana”ya
çatmasına qədər davam edir.
Karma
və Sansara bir-biri ilə əlaqəli proseslərdir. Karma sözünün mənası “hərəkət, fəaliyyət”
deməkdir. Karmanın iki növü fərqləndirilir: qara və ağ karma. Buddizm nəzəriyyəçilərinə
görə, qara karma və ya xeyirxah olmayan karma insanın etdiyi pis əməllərin nəticəsidir.
Yaşadığı həyatı boyu pis əməllərlə məşğul olan insan bununla öz gələcək
karmasını, qara karmasını formalaşdırır. Yəni növbəti həyatında o daha eybəcər,
kasıb, indi mənsub olduğu kastadan (təbəqədən) daha aşağı kastaya mənsub biri
olaraq doğula bilər. Ağ karma isə yalnız yaxşı əməllərin nəticəsi kimi ortaya çıxır. Yəni yaşadığı dövr ərzində
xeyirxah əməllərlə məşğul olan insan növbəti həyatında daha yaraşıqlı, daha
varlı, daha yüksək kastaya mənsub biri kimi, hətta müqəddəs olaraq doğula bilər.
Karma qanunu yalnız insanın əməli fəaliyyətinə deyil, həm də düşüncələrinə də
aiddir. Bu isə o deməkdir ki, insan ağ karmaya malik olmaq üçün həm də yaxşı
şeylər, əməllər haqqında fikirləşməlidir. İnsanın pis və ya yaxşı karmaya malik
olması, təkcə onun əməllərindən deyil, düşüncələrindən də asılıdır. Buddizmdə
karma anlayışı insanın başa düşərək etdiyi əməllərin nəticəsini ifadə edir. İlk
buddist fikir toplusu olan “Dhammapada”da belə deyilir: “Biz bu gün, dünənki fikirlərimizik. Bugünkü fikirlərimiz isə
bizim sabahımızı yaradır. Beləliklə, bizim həyatımız bizim fikirlərimizin,
ağlımızın yaradıcılıq məhsuludur.” Deməli, karma qanunlarına əsasən insanlar öz gələcək
həyatlarını özləri formalaşdırırlar. İnsanın heç bir əməli qarşılıqsız qalmayacaq və
onlar gələcək həyatlarının birində mütləq yaxşı əmələ görə mükafatlandırılacaq,
pis əmələ görə isə cəzalandırılacaq. Hinduistlərə görə, karma gələcək həyatda
kasta (təbəqə) sistemində yüksəlişi və enməni də şərtləndirir.
Bütünlükdə
reankarnasiya haqqındakı fikirlərin yaranma səbəbi insanın qəlbindəki sonsuz
yaşama meylidir. Həyatın sonluluğunu qəbul etməmə cəhdidir. Sonralar səmavi
dinlərə də təsirini göstərən bu fikirlər Yəhudilikdə, Xristianlıqda və İslamda
Cənnət, Cəhənnəm, “O biri dünya”-axirət dünyası, yenidən dirilmə, əməllərə görə
cavab verilməsi və s. kimi məsələlərdə öz əksini tapıb.
Post a Comment