Humanizm anlayışı və onun mahiyyəti
“Humanizm” anlayışı
birincisi elə bir dünyagörüşünü ifadə edir ki, onda insan hüquq və ləyaqətinə
hörmət, onun şəxsiyyət kimi dəyəri, insanların rifahına, onların harmonik
inkişafına qayğı, insanlara əlverişli ictimai həyat şəraitinin yaradılması, yer
üzündəki bitki və heyvan aləminin, ekoloji cəhətdən əlverişli mühitin qorunmasına
qayğı, biosferin normal, stabil vəziyyətinin mühafizə edilməsi qeyd edilir.
İkincisi, fərdlərin, millətin, bütövlükdə cəmiyyətin fiziki sağlamlığının və intellektual
inkişafının möhkəmlənməsinə, cəmiyyətin və biosferin normal fəaliyyətinin təmininə
istiqamətin ifadə olunduğu fəaliyyətin motivləri və sövqedici qüvvələri ifadə
edilir. Üçüncü, elə fəaliyyət və onların həyata keçmə vasitələrini özündə
ehtiva edir ki, onların tamamlayıcı effekti biosferin vəziyyətindəki tarazlığı
və cəmiyyətin normal həyat fəaliyyətini təmin edir.
Humanizmin təzahür dərəcəsinə
müxtəlif faktorlar təsir edir. Humanizmin təzahürünün xarateri və dərəcəsinin
asılı olduğu əsas faktorlar insanların tələbatları, maraqları və dəyər oriyentasiyalarıdır. Bu və
ya digər konkret insanın heç də tələbatları, maraqları və dəyər oriyentasiyalarını
humanist adlandırmaq olmaz. Məsələn, narkomanların narkotikə olan tələbatlarını, insanın xuliqan
davranışını humanist hesab etmək olmaz. Buna görə də söhbət ağıllı tələbatlar və
onların meyarlarından getməlidir. Təbii ki, bunların əsasında da humanizmin
mahiyyəti ifadə olunur.
Şəxsiyyətin bu və ya digər
marağının humanistliyi onun tələbatlarının
və bu tələbatların təmin edilməsi vasitələrinin humanistliyi ilə müəyyən
olunur. Ağıllı tələbatlar və maraqlar əsasında formalaşan dəyərlər humanist
xarakter daşıyır.
Müasir dövrün elmi-texniki
inqilabla şərtlənən ziddiyyətlərinə gerçəkliyin
humanist anlaşılması nöqteyi-nəzərindən baxan bəzi müəlliflər belə qənaətə gəlirlər
ki, bütün “günahlarda” humanizm günahkardır. Humanizm haqqında mühakimələr ya
senimentallıq, real qəddar gerçəkliyin tam başa düşülməməsi, ya da şüurlu
riyakarlıqdır; hər bir humanist
frazeologiya həyat reallıqlarını qaraldır, ondan imtina etmək lazımdır, belə
ki, humanizm idealının qəbul edilməsi təhlükəli nəticələrə gətirir, məhz
humanizm varlığın harmoniyasına təcavüzü təmin etmişdir. Humanizm probleminə dair müasir ədəbiyyatda
olan mübahisələr humanizmin dar mənada
anlaşılması və müasir ictimai proseslərin
və onların dəyişilməsi tendesiyayalarına
humanist baxışın hələ kifayət qədər nəzəri işlənməməsi ilə bağlıdır. Humanist baxış humanizmin ümumiləşdirilmiş anlaşılması əsasında
həyata keçirildikdə bütün bu anlaşmazlıqlar aradan qaldırılır.
Beləliklə də,
humanizm anlayışı mədəniyyət və fəlsəfə tarixində yüksək əhəmiyyət daşıyan,
insanın bir fərd və şəxsiyyət olaraq mükəmməl inkişafına istiqamətlənən
baxışların və nəzəriyyələrin məcmusunu əhatə edir. "Humanitas"
sözünün latın dilində ilk dəfə e.ə. 83-84-ci illərdə yazarı məlum olmayan
"Rhetor ika ad Herennium" adlı mətndə istifadə edildiyi güman edilir.
Lakin bu sözə Latın dilində tam mənasıyla hüquq qazandıran Siseron olmuşdur və
o, həmin anlayışı təxminən e.ə. 80-ci illərində istifadə etmişdir. Müasir mənada
bu anlayış fransız sözü olan “humanisme” sözündən götürülmüş və “insan təbiətinə
xas özəlliklərin tamlığı” mənasına gəlir. Bu söz Azərbaycan dilində “insansevərlik”
mənasını ifadə edir. Hal-hazırda ədəbiyyatlarda
humanizm daha çox aşağıdakı iki mənada işlədilir:
1. Antik
Yunan mədəniyyətinə və Latın dilinə bələd olan şəxs;
2. İnsansevərlik.
Humanizm anlayışına toxunarkən ağla ilk gələn insan
məhfumudur. Bu da təsadüfi deyil. İntibah dövründən bəri humanist
dünyagörüşünün əsas mahyyətini insan, onun təbiəti və həyatı təşkl edir. Bu
dünyagörüşünə görə insan özünü və
dünyadakı yerini axtaran bir varlıqdır. Humanizm əxlaqi əsaslara malik olan bir
dünyagörüşüdür. Bəzi ədəbiyyatlarda insanın azad olmaq üçün mübarizəsinin
humanizmin əsl məqsədi olduğu fikri irəli sürülür. Bu fikir müəyyən qədər
doğrudur, çünki azadlıq insanın varlığının əsas meyarlarından biridir.
Humanizm insanın qabiliyyət və bacarıqlarına
optimist mövqedən yanaşır. Bu o deməkdir ki, hər bir insan mütləq şəkildə yaxşı
və ya fədakar deyil. Lakin o, öz daxilindəki yaxşı tərəfləri inkişaf etdirmək
potensialına malikdir. Humanizm fəlsəfəsinin əsas məsələlərindən biri məhz
insan potensialının tədqiq və inkişaf etdirilməsi məsələsidir.
Minilliyin əvvəllərindən etibarən insanlar və bəşəriyyət
ciddi problemlərlə qarşı-qarşıya idi. Bu problemləri iqtisadi, siyasi, naturfəlsəfi
və mənəvi olmaq etibarilə bir neçə qrupda təsnif etmək mümkündür.
Bir çox filosoflar qeyd
edir ki, dinlər bəşəriyyətin qarşılaşdığı problemləri həll etməyə qadir
deyildir. Buna sübut kimi, bu günə qədər insanlıq tarixində dinin həll etdiyi tək
bir problemin olmamasını göstərirlər. Hər hansı bir problemi həll etməyə
çalışdıqları zamanlarda isə terrordan istifadə etmişlər. Məsələn, müsəlman ölkələrində
baş verən terror hadisələrində müsəlmanlar çarəsiz qalmış, əks qruplaşma
yaratmaqdan başqa bir şey edə bilməmişlər. Tarixin səhifələrinə nəzər saldıqda
xristian dünyasının da işğallarının mənəvi dəstəyi kimi dindən istifadə etdiyi
aydın olur. Ancaq bütün bunların insanlar tərəfindən həyata keçirildiyi unudulmamalıdır.
Humanizm termini hərfi mənada “sevgi”
anlayışını deyil, daha fəlsəfi və elmi bir təməli ifadə edir. Bunu “insanmərkəzçilik”
də adlandırmaq olar. Yəni tanrı mərkəzçillik müəyyən mənada arxa planda qalır,
insan mərkəzçilik əsas götürülür. Məsələn, bir hərəkətin qiymətləndirməsində
“tanrının və ya tanrıların məmnuniyyəti” deyil, həmin hərəkətin və ya fəaliyyətin
“insana faydası, onun məmnuniyyəti” əsas götürülür. Bu baxımdan da onun
sekulyarizmlə möhkəm bir əlaqəsi olduğu qeyd oluna bilər. Ümumiyyətlə deizm,
ateizm və aqnostisizm ilə oxşarlıq təşkil edə bilər, lakin humanizm anlayışı
onlarla eyni deyil. Humanizm fövqəltəbii qüvvələrin varlığına əsaslanmayan etik
əsaslı bir dünyagörüşüdür. Dünyəvi həyat
mövqeyi və insanı azad etmək səyləri humanizmin mahiyyətini qısa olaraq ifadə
edir.
Humanizmə görə həqiqəti axtarmaq insanın ən mühüm
xüsusiyyətlərindəndir. Lakin həqiqəti mistik, qeyri-elmi və ya ümumi müddəalarla
tapmaq mümkünsüzdür. Bu baxımdan gerçəklik axtarışında humanistlərin seçdiyi
yol və ya metod mütləq elmi əsaslara malik olmalıdır. Avtoritarlığı və taleyin
hadisələr üzərində təsirini qəbul etməyən humanistlər, həqiqi və ya yalan
biliklərin sadəcə fərdi şəkildə dərk oluna biləcəyi fikrini müdafiə edirlər. Həqiqətə olan istək elmi skeptisizm və elmi üsullarla təmin
olunmalıdır. Bu fəlsəfi baxış, həmçinin, nüfuzu və həddən artıq şübhəni,
taleyin insan həyatına təsirini də qəbul etmir.
Humanizm insanın digər canlılardan üstün
varlıq olması iddiası ilə razılaşmır. Filosof Piter Singer “İstisna halların olmasına baxmayaraq,
humanistlərin bir çoxu özlərini ən böyük qəlibdən, yəni növlərə görə (insan və
heyvan) münasibətdən azad ola bilmir. Humanistlər bütün canlı növlərinə
qarşı düşüncəsiz istismarın əleyhinə mübarizə aparmalıdır." deyərək
humanizmin təbiət və heyvan sevgisini də birləşdirdiyini göstərir. O, insanın digər
canlılar üzərində əzəldən verilmiş bir üstünlüyü olmadığını əlavə edir.
İnsanı yüksək dəyər kimi qiymətləndirən humanizm insan
ləyaqətinin iqtisadi, siyasi, mənəvi, ideoloji, dini və digər cəhətlərdən
qorunmasını tələb edir, inkişaf edən dünyada kəşflərin, yeniliklərin insanlıq
mövqeyindən qiymətləndirilməsi üçün çalışır.
Post a Comment