Albert Enşteyn - "Mənim gözümdən dünya"

Biz fanilərin vəziyyəti necə də qəribədir! Hər birimiz dünyada müvəqqəti olaraq mövcuduq; niyə burada olduğumuzu bilmədən və bəzən bu məqsədin nə olduğunu bildiyimizi zənn edərək. Ancaq çox dərinə getmədən, gündəlik həyatdan çıxış edərək digər insanlar üçün mövcud olduğumuzu deyə bilərik; ilk növbədə, xoşbəxt ola bilmək üçün üzlərinin gülməsini və rifahının yaxşı olmasını arzuladığımız yaxınlarımız üçün, sonra isə şəxsən tanımadığımıza baxmayaraq, emosional əlaqələrlə ortaq taleyi bölüşdüyümüz digərləri üçün.
Hər gün dəfələrlə öz-özümə, həm daxili, həm də zahiri yaşantılarımın həyatda olan və ya olmayan bir çox insanın əməyinə bağlı olduğunu və onlardan aldığım qədərini yenidən onlara qaytara bilmək üçün çalışmalı olduğumu xatırladıram. Mən sadə bir həyat arzusundayam və eyni taleyi bölüşdüyüm insanların əməklərini boş yerə sərf edib, onlara əziyyət verdiyimi düşündükcə sıxılıram. Məncə, siniflər arasındakı fərqlər ədalətli deyil və son nəticədə məcburiyyətə söykənir. Hesab edirəm ki, sadə həyat həm fiziki, həm də psixi cəhətdən ən yaxşı həyatdır.
Fəlsəfi mənada insan azadlığına qətiyyən inanmadığımı qeyd etmək istəyirəm. Bütün davranışlarımız yalnız xarici təsirlərlə deyil, eyni zamanda daxili məcburiyyətlərlə də istiqamətləndirilir. Şopenhauerin “İnsan istədiyi kimi davrana bilər, ancaq istədiyi kimi istəyə bilməz” fikri gəncliyimdən bəri məni ilhamlandırmış və həyatın çətinlikləri qarşısında daim təsəlli və səbr mənbəyi olmuşdur. Bu hiss insanın həyatını asanlıqla iflic edə biləcək məsuliyyət hissini yüngülləşdirir, həm özümüzü, həm də başqalarını həddən artıq ciddi qəbul etməyimizin qarşısını alır, yumor hissinin bunlardan yüksəkdə durduğu bir dünyagörüşünə sahib olmağımıza şərait yaradır.
İnsanın öz mövcudluğunun və ya ümumi mənada, yaradılışının məqsəd və mənasını tapmağa çalışması mənə həmişə mənasız görünüb. Ancaq nəzərə almaq lazımdır ki, hər kəsin səy və qərarlarına istiqamət verən idealları var. Bu mənada, hər şeydən uzaq, öz daxilində məqsəd olan şeylərə çox da yaxşı baxmıram. Onları daha çox bir donuz sürüsü üçün uyğun olan əxlaqi əsas olaraq görürəm. Yolumu işıqlandıran və vaxt keçdikcə mənə həyatı təbəssümlə qarşılamaq cəsarəti verən ideallarım Həqiqət, Xeyirxahlıq və Gözəllikdir. Bu cür düşünənlərlə yanaşı, qəbul etməyənlər də ola bilər, ancaq elm və incəsənətin əlçatmaz görünən məqsədləri üçün heç bir zəhmət çəkilməyən həyat boş və mənasız olardı. İnsanların mülkiyyət, şöhrət və dəbdəbə kimi məqsədlərini hər zaman nifrətə layiq hesab etmişəm.
Mənim sosial ədalətə və ictimai məsuliyyətə olan sarsılmaz inamım, məni insanlar və insan birlikləri ilə birbaşa əlaqə ehtiyacından uzaq saxlayan azadlığımla qəribə bir ziddiyyət içərisindədir. Mən həmişə tənha olmağı seçmişəm. Özümü heç vaxt bütün qəlbimlə ölkəmə, evimə, dostlarıma və hətta ailəmə aid hiss etməmişəm. Bütün bu münasibətlərdən təkidlə uzaq durmaq istəyim heç vaxt azalmadı və yalnızlıq ehtiyacım hər il daha da artdı. İnsan öz növündən olanlara qarşı hiss etdiyi yaxınlıq və qarşılıqlı anlaşmanın sərhədlərini çox ciddi şəkildə müəyyənləşdirir və buna çox da heyfslənmir. Belə bir insan, əlbəttə ki, həyat enerjisi və qayğısızlıq baxımından bəzi şeyləri itirmişdir, ancaq digər tərəfdən özünü başqalarının baxışlarından, adətlərindən və qərarlarından azad edərək vəziyyətini bu cür təhlükəli əsas üzərində qurmağı qəbul etməmiş olur.
Demokratiyanı, yəni hər insana bir fərd olaraq hörmət edilməsini və heç kəsə pərəstiş edilməməsini siyasi idealım olaraq mənimsəyirəm. Mənim layiq olmadığım qədər heyranlıq və hörmət qazanmağım isə taleyin ironiyasıdır. Bunun səbəbi, əlbəttə ki, taqətdən düşənə qədər işləyərək irəli sürdüyüm bir-iki baxışı anlamaq arzusu ola bilər. Ancaq bu bəziləri üçün mümkünsüz bir arzudur. Çətin vəzifələrin uğurla reallaşdırılması üçün düşünmə, istiqamətləndirmə və məsuliyyət kimi məsələləri yalnız bir nəfərin öhdəsinə götürməli olduğunu bilirəm. Ancaq idarə edilənlər heç bir şeyə məcbur edilməməli və liderlərini özləri seçməlidirlər. Fikrimcə, məcburiyyətə əsaslanan despotik hakimiyyət qısa müddət ərzində məhv olmağa məhkumdur. Çünki güc hakimiyyəti yalnız əxlaqsızlar üçün əlverişlidir və tiranların fırıldaqçılar vasitəsilə uğur qazanması dəyişilməz qaydadır. Bu səbəblə, indiki dövrdə İtaliya və Rusiyada nümunəsini gördüyümüz sistemlərə həmişə bütün qəlbimlə qarşı çıxmışam. Dövrümüzdə Avropada hökm sürən demokratiya formasına olan inamsızlıq və güvənsizliyin səbəbi demokratiya ideyasının özü yox, hökümətlərin başında dayananların yetərsizliyi və seçki sisteminin şəxssiz xarakteridir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının düzgün yolda olduğuna inanıram. Kifayət qədər uzun bir müddətə seçilmiş və həqiqətən məsuliyyət götürmək üçün yetəri qədər səlahiyyətə malik bir prezidentləri var (Həmin dövrdə ABŞ-ın prezidenti Harry S.Truman olmuşdur-tərc). Digər tərəfdən bizim siyasi sistemimizdə ən dəyər verdiyim şey isə xəstəlik və ya ehtiyac halında olan şəxsə geniş təhcizatlı və hərtərəfli yardım göstərilməsidir. Həyat deyilən bu macərada ən çox qiymətləndirdiyim şey dövlət deyil, sürünün səthi düşüncə və hisslərinin əksinə, nəcib və ulu olanı ortaya çıxaran yaradıcı və intuitiv fərd və şəxsiyyətdir.
Bu mövzu məni sürü təbiətinin ən pis sahəsinə, nifrət etdiyim hərbi sistemə gətirib çıxarır. Bir insanın orkestr musiqisinə uyğun yeriməkdən zövq alması ona nifrət etməyim üçün yetərli səbəbdir. Görünür, həmin insana o böyüklükdə beyin səhvən verilib, sadəcə bir onurğa ilə yaşaya bilərmiş. Mədəniyyət bu vəbadan tezliklə xilas olmalıdır. Əmrlə edilən qəhrəmanlıq, hissiz zorakılıq və vətənpərvərlik adı altında aparılan yoluxucu axmaqlıq; onlara elə nifrət edirəm ki! Müharibə mənim üçün pis niyyətli və bədxah bir şeydir. Bu rəzilliyin bir hissəsi olmaqdansa kiçik hissələrə parçalanmağı üstün tutaram. Hər şeyə rəğmən, insan  irqinə olan inamım o qədər yüksəkdir ki, millətlər iqtisadi və siyasi mənafelər səbəbindən, məktəblər və KİV vasitəsiylə sistemli şəkildə pozulmasaydılar, bu qulyabanıdan çoxdan xilas olmuş olabiləcəyimizə inanıram.
Yaşaya biləcəyimiz ən diqqəti çəkən təcrübə sirli olanın araşdırılmasıdır. Bu həqiqi incəsənət və elmin mənşəyində dayanan ən əsas hissdir. Hər şeyi bilən birisi nə maraq hiss edər, nə də təəccüblənər. Belə biri ölü kimi hissizdir, sönmüş bir şam kimidir. Hər nə qədər qorxu ilə qarışmış olsa da, dini ortaya çıxaran da elə bu sirli olandır. Ağlımızın yalnız bəsit şəkildə qavrayabildiyi, dərinliklərinə nüfuz etmək iqtidarında olmadığımız bir şeyin mövcudluğu haqqında bilik, ən iti ağlın və ən parlaq gözəlliyin təzahürü… Bu bilik və duyğular həqiqi dini münasibəti formalaşdırır. Mən yalnız və yalnız bu anlamda dindaram. Yaratdığı insanları mükafatlandıran və cəzalandıran, ya da bizim, yəni şüurlu varlıqlarınkına bənzəyən iradəyə sahib olan Tanrı fikrini dərk edə bilmirəm. Fiziki ölümdən sonra həyata davam edən bir fərd isə nə anlayabiləcəyim, nə də ki arzu etdiyim bir vəziyyətdir. Belə düşüncələr zəif ruhların qorxularından və axmaq eqoizmdən qaynaqlanır. Halbuki mənim üçün həyatın sonsuzluğunun sirri, həqiqətin ecazkar quruluşuna dair intuisiya və özünü təbiətdə göstərən ağlın kiçik sayılmayacaq bir parçasını anlamağa yönəlmiş fəaliyyət kifayətdir.

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Disqus Shortname

Comments system

Powered by Blogger.