Albert Enşteyn - "Mənim gözümdən dünya"

by 10:00 AM
Biz fanilərin vəziyyəti necə də qəribədir! Hər birimiz dünyada müvəqqəti olaraq mövcuduq; niyə burada olduğumuzu bilmədən və bəzən bu məqsədin nə olduğunu bildiyimizi zənn edərək. Ancaq çox dərinə getmədən, gündəlik həyatdan çıxış edərək digər insanlar üçün mövcud olduğumuzu deyə bilərik; ilk növbədə, xoşbəxt ola bilmək üçün üzlərinin gülməsini və rifahının yaxşı olmasını arzuladığımız yaxınlarımız üçün, sonra isə şəxsən tanımadığımıza baxmayaraq, emosional əlaqələrlə ortaq taleyi bölüşdüyümüz digərləri üçün.
Hər gün dəfələrlə öz-özümə, həm daxili, həm də zahiri yaşantılarımın həyatda olan və ya olmayan bir çox insanın əməyinə bağlı olduğunu və onlardan aldığım qədərini yenidən onlara qaytara bilmək üçün çalışmalı olduğumu xatırladıram. Mən sadə bir həyat arzusundayam və eyni taleyi bölüşdüyüm insanların əməklərini boş yerə sərf edib, onlara əziyyət verdiyimi düşündükcə sıxılıram. Məncə, siniflər arasındakı fərqlər ədalətli deyil və son nəticədə məcburiyyətə söykənir. Hesab edirəm ki, sadə həyat həm fiziki, həm də psixi cəhətdən ən yaxşı həyatdır.
Fəlsəfi mənada insan azadlığına qətiyyən inanmadığımı qeyd etmək istəyirəm. Bütün davranışlarımız yalnız xarici təsirlərlə deyil, eyni zamanda daxili məcburiyyətlərlə də istiqamətləndirilir. Şopenhauerin “İnsan istədiyi kimi davrana bilər, ancaq istədiyi kimi istəyə bilməz” fikri gəncliyimdən bəri məni ilhamlandırmış və həyatın çətinlikləri qarşısında daim təsəlli və səbr mənbəyi olmuşdur. Bu hiss insanın həyatını asanlıqla iflic edə biləcək məsuliyyət hissini yüngülləşdirir, həm özümüzü, həm də başqalarını həddən artıq ciddi qəbul etməyimizin qarşısını alır, yumor hissinin bunlardan yüksəkdə durduğu bir dünyagörüşünə sahib olmağımıza şərait yaradır.
İnsanın öz mövcudluğunun və ya ümumi mənada, yaradılışının məqsəd və mənasını tapmağa çalışması mənə həmişə mənasız görünüb. Ancaq nəzərə almaq lazımdır ki, hər kəsin səy və qərarlarına istiqamət verən idealları var. Bu mənada, hər şeydən uzaq, öz daxilində məqsəd olan şeylərə çox da yaxşı baxmıram. Onları daha çox bir donuz sürüsü üçün uyğun olan əxlaqi əsas olaraq görürəm. Yolumu işıqlandıran və vaxt keçdikcə mənə həyatı təbəssümlə qarşılamaq cəsarəti verən ideallarım Həqiqət, Xeyirxahlıq və Gözəllikdir. Bu cür düşünənlərlə yanaşı, qəbul etməyənlər də ola bilər, ancaq elm və incəsənətin əlçatmaz görünən məqsədləri üçün heç bir zəhmət çəkilməyən həyat boş və mənasız olardı. İnsanların mülkiyyət, şöhrət və dəbdəbə kimi məqsədlərini hər zaman nifrətə layiq hesab etmişəm.
Mənim sosial ədalətə və ictimai məsuliyyətə olan sarsılmaz inamım, məni insanlar və insan birlikləri ilə birbaşa əlaqə ehtiyacından uzaq saxlayan azadlığımla qəribə bir ziddiyyət içərisindədir. Mən həmişə tənha olmağı seçmişəm. Özümü heç vaxt bütün qəlbimlə ölkəmə, evimə, dostlarıma və hətta ailəmə aid hiss etməmişəm. Bütün bu münasibətlərdən təkidlə uzaq durmaq istəyim heç vaxt azalmadı və yalnızlıq ehtiyacım hər il daha da artdı. İnsan öz növündən olanlara qarşı hiss etdiyi yaxınlıq və qarşılıqlı anlaşmanın sərhədlərini çox ciddi şəkildə müəyyənləşdirir və buna çox da heyfslənmir. Belə bir insan, əlbəttə ki, həyat enerjisi və qayğısızlıq baxımından bəzi şeyləri itirmişdir, ancaq digər tərəfdən özünü başqalarının baxışlarından, adətlərindən və qərarlarından azad edərək vəziyyətini bu cür təhlükəli əsas üzərində qurmağı qəbul etməmiş olur.
Demokratiyanı, yəni hər insana bir fərd olaraq hörmət edilməsini və heç kəsə pərəstiş edilməməsini siyasi idealım olaraq mənimsəyirəm. Mənim layiq olmadığım qədər heyranlıq və hörmət qazanmağım isə taleyin ironiyasıdır. Bunun səbəbi, əlbəttə ki, taqətdən düşənə qədər işləyərək irəli sürdüyüm bir-iki baxışı anlamaq arzusu ola bilər. Ancaq bu bəziləri üçün mümkünsüz bir arzudur. Çətin vəzifələrin uğurla reallaşdırılması üçün düşünmə, istiqamətləndirmə və məsuliyyət kimi məsələləri yalnız bir nəfərin öhdəsinə götürməli olduğunu bilirəm. Ancaq idarə edilənlər heç bir şeyə məcbur edilməməli və liderlərini özləri seçməlidirlər. Fikrimcə, məcburiyyətə əsaslanan despotik hakimiyyət qısa müddət ərzində məhv olmağa məhkumdur. Çünki güc hakimiyyəti yalnız əxlaqsızlar üçün əlverişlidir və tiranların fırıldaqçılar vasitəsilə uğur qazanması dəyişilməz qaydadır. Bu səbəblə, indiki dövrdə İtaliya və Rusiyada nümunəsini gördüyümüz sistemlərə həmişə bütün qəlbimlə qarşı çıxmışam. Dövrümüzdə Avropada hökm sürən demokratiya formasına olan inamsızlıq və güvənsizliyin səbəbi demokratiya ideyasının özü yox, hökümətlərin başında dayananların yetərsizliyi və seçki sisteminin şəxssiz xarakteridir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının düzgün yolda olduğuna inanıram. Kifayət qədər uzun bir müddətə seçilmiş və həqiqətən məsuliyyət götürmək üçün yetəri qədər səlahiyyətə malik bir prezidentləri var (Həmin dövrdə ABŞ-ın prezidenti Harry S.Truman olmuşdur-tərc). Digər tərəfdən bizim siyasi sistemimizdə ən dəyər verdiyim şey isə xəstəlik və ya ehtiyac halında olan şəxsə geniş təhcizatlı və hərtərəfli yardım göstərilməsidir. Həyat deyilən bu macərada ən çox qiymətləndirdiyim şey dövlət deyil, sürünün səthi düşüncə və hisslərinin əksinə, nəcib və ulu olanı ortaya çıxaran yaradıcı və intuitiv fərd və şəxsiyyətdir.
Bu mövzu məni sürü təbiətinin ən pis sahəsinə, nifrət etdiyim hərbi sistemə gətirib çıxarır. Bir insanın orkestr musiqisinə uyğun yeriməkdən zövq alması ona nifrət etməyim üçün yetərli səbəbdir. Görünür, həmin insana o böyüklükdə beyin səhvən verilib, sadəcə bir onurğa ilə yaşaya bilərmiş. Mədəniyyət bu vəbadan tezliklə xilas olmalıdır. Əmrlə edilən qəhrəmanlıq, hissiz zorakılıq və vətənpərvərlik adı altında aparılan yoluxucu axmaqlıq; onlara elə nifrət edirəm ki! Müharibə mənim üçün pis niyyətli və bədxah bir şeydir. Bu rəzilliyin bir hissəsi olmaqdansa kiçik hissələrə parçalanmağı üstün tutaram. Hər şeyə rəğmən, insan  irqinə olan inamım o qədər yüksəkdir ki, millətlər iqtisadi və siyasi mənafelər səbəbindən, məktəblər və KİV vasitəsiylə sistemli şəkildə pozulmasaydılar, bu qulyabanıdan çoxdan xilas olmuş olabiləcəyimizə inanıram.
Yaşaya biləcəyimiz ən diqqəti çəkən təcrübə sirli olanın araşdırılmasıdır. Bu həqiqi incəsənət və elmin mənşəyində dayanan ən əsas hissdir. Hər şeyi bilən birisi nə maraq hiss edər, nə də təəccüblənər. Belə biri ölü kimi hissizdir, sönmüş bir şam kimidir. Hər nə qədər qorxu ilə qarışmış olsa da, dini ortaya çıxaran da elə bu sirli olandır. Ağlımızın yalnız bəsit şəkildə qavrayabildiyi, dərinliklərinə nüfuz etmək iqtidarında olmadığımız bir şeyin mövcudluğu haqqında bilik, ən iti ağlın və ən parlaq gözəlliyin təzahürü… Bu bilik və duyğular həqiqi dini münasibəti formalaşdırır. Mən yalnız və yalnız bu anlamda dindaram. Yaratdığı insanları mükafatlandıran və cəzalandıran, ya da bizim, yəni şüurlu varlıqlarınkına bənzəyən iradəyə sahib olan Tanrı fikrini dərk edə bilmirəm. Fiziki ölümdən sonra həyata davam edən bir fərd isə nə anlayabiləcəyim, nə də ki arzu etdiyim bir vəziyyətdir. Belə düşüncələr zəif ruhların qorxularından və axmaq eqoizmdən qaynaqlanır. Halbuki mənim üçün həyatın sonsuzluğunun sirri, həqiqətin ecazkar quruluşuna dair intuisiya və özünü təbiətdə göstərən ağlın kiçik sayılmayacaq bir parçasını anlamağa yönəlmiş fəaliyyət kifayətdir.

Reankarnasiya haqqında ümumi məlumat

by 8:28 AM
İnsan ruhunun ölməzliyi, bir bədəndən digər bədənə keçərək yaşamını davam etdirməsi haqqında ideyalar ən qədim dövrlərdən bəri mövcuddur. Bu fikirlər ilk əvvəl Şərqdə, daha dəqiq desək, Misir və Hindistanda yaranmışdır. Ruhun bir bədəndən digər bədənə keçməsi müasir elmdə “reankarnasiya” olaraq bilinir. Ruhun köç etməsi ideyasının tarixi Qədim Misir və Hindistana gedib çıxır. Bununla yanaşı, qədim skandinav və kelt mifologiyalarında da ruhun köçü, reankarnasiya ilə bağlı müəyyən ideyalar vardır. Bu mifologiyalarda daha çox müqəddəslərin ruhunun köçməsi ideyası özünü göstərir. Misirdə isə ölən insanın yenidən dünyaya gələcəyinə inandıqları üçün onun yanına müxtəlif əşyalar qoyurdular. Bir çox Misir mifologiyalarında günahkar insanların ölümdən sonra Tanrılar qarşısında öz əməllərinə görə cavab verəcəyi göstərilir. Ruhun bir bədəndən digər bədənə keçməsi ideyası (reankarnasiya) Hinduizm, Caynizm və Buddizmdə “sansara”, İslamda və digər səmavi dinlərdə “tənasüh” adı ilə bəllidir. Qədim Hind dini kitabları olan Vedaların fəlsəfi hissəsi Upanişadlarda ruhun köçməsi ilə bağlı məsələlər şərh edilir. Burada ruhun köçməsi (sansara) və insanın əməllərinə görə cavab verməsi (karma) prosesləri səbəbiyyət zəncirinin halqaları kimi təsvir olunur. Daha sonra bu ideyalar Buddizm və Hinduizmdə inkişaf etdirilib.
Bəzi inanclara görə, reankarnasiyanın əsas məqsədi ruhun kamilləşməsidir, yəni öz varlığını və mahiyyətini dərketməsidir. Çünki insan ruhu bir həyatla kamilləşə bilməz. Hinduizm və buddizm də reankarnasiya və ya sansara prosesi insan ruhunun yerdəyişməsini ifadə edir. Bu qanuna görə, ruhun dünyaya yenidən qayıdışı təkcə insan formasında yox, heyvan, bitki, hətta daş və digər cansız cisimlər formasında da ola bilər. Buna görə bəzi hindu təlimlərində “heç bir canlıya ziyan verməmək” kimi əxlaq qanunları inkişaf etdirilir. Əlavə məlumat üçün demək olar ki, caynizm ( insanın öz nəfsinə qalib gəlməsini əsas götürən təlim) təliminin davamçıları canlıları hətta təsadüfən belə incitməmək üçün ağızlarını parça ilə bağlayır və ət yeməkdən imtina edirlər. Hinduizmin davamçılarına görə insanın ruhu cisimləri dəyişməkdə davam edir, yəni dəyişən ruh deyil, cisimdir. Həmin proses insanın öz varlığını və bu dünyanı dərk etməsinə, yəni “Nirvana”ya çatmasına qədər davam edir.
Karma və Sansara bir-biri ilə əlaqəli proseslərdir. Karma sözünün mənası “hərəkət, fəaliyyət” deməkdir. Karmanın iki növü fərqləndirilir: qara və ağ karma. Buddizm nəzəriyyəçilərinə görə, qara karma və ya xeyirxah olmayan karma insanın etdiyi pis əməllərin nəticəsidir. Yaşadığı həyatı boyu pis əməllərlə məşğul olan insan bununla öz gələcək karmasını, qara karmasını formalaşdırır. Yəni növbəti həyatında o daha eybəcər, kasıb, indi mənsub olduğu kastadan (təbəqədən) daha aşağı kastaya mənsub biri olaraq doğula bilər. Ağ karma isə yalnız yaxşı əməllərin nəticəsi kimi  ortaya çıxır. Yəni yaşadığı dövr ərzində xeyirxah əməllərlə məşğul olan insan növbəti həyatında daha yaraşıqlı, daha varlı, daha yüksək kastaya mənsub biri kimi, hətta müqəddəs olaraq doğula bilər. Karma qanunu yalnız insanın əməli fəaliyyətinə deyil, həm də düşüncələrinə də aiddir. Bu isə o deməkdir ki, insan ağ karmaya malik olmaq üçün həm də yaxşı şeylər, əməllər haqqında fikirləşməlidir. İnsanın pis və ya yaxşı karmaya malik olması, təkcə onun əməllərindən deyil, düşüncələrindən də asılıdır. Buddizmdə karma anlayışı insanın başa düşərək etdiyi əməllərin nəticəsini ifadə edir. İlk buddist fikir toplusu olan “Dhammapada”da belə deyilir: “Biz bu gün, dünənki  fikirlərimizik. Bugünkü fikirlərimiz isə bizim sabahımızı yaradır. Beləliklə, bizim həyatımız bizim fikirlərimizin, ağlımızın  yaradıcılıq məhsuludur.”  Deməli, karma qanunlarına əsasən insanlar öz gələcək həyatlarını özləri formalaşdırırlar.  İnsanın heç bir əməli qarşılıqsız qalmayacaq və onlar gələcək həyatlarının birində mütləq yaxşı əmələ görə mükafatlandırılacaq, pis əmələ görə isə cəzalandırılacaq. Hinduistlərə görə, karma gələcək həyatda kasta (təbəqə) sistemində yüksəlişi və enməni də şərtləndirir.


Bütünlükdə reankarnasiya haqqındakı fikirlərin yaranma səbəbi insanın qəlbindəki sonsuz yaşama meylidir. Həyatın sonluluğunu qəbul etməmə cəhdidir. Sonralar səmavi dinlərə də təsirini göstərən bu fikirlər Yəhudilikdə, Xristianlıqda və İslamda Cənnət, Cəhənnəm, “O biri dünya”-axirət dünyası, yenidən dirilmə, əməllərə görə cavab verilməsi və s. kimi məsələlərdə öz əksini tapıb. 

Humanizm anlayışı və onun mahiyyəti

by 12:07 PM

“Humanizm” anlayışı birincisi elə bir dünyagörüşünü ifadə edir ki, onda insan hüquq və ləyaqətinə hörmət, onun şəxsiyyət kimi dəyəri, insanların rifahına, onların harmonik inkişafına qayğı, insanlara əlverişli ictimai həyat şəraitinin yaradılması, yer üzündəki bitki və heyvan aləminin, ekoloji cəhətdən əlverişli mühitin qorunmasına qayğı, biosferin normal, stabil vəziyyətinin mühafizə edilməsi qeyd edilir. İkincisi, fərdlərin, millətin, bütövlükdə cəmiyyətin  fiziki sağlamlığının və intellektual inkişafının möhkəmlənməsinə, cəmiyyətin və biosferin normal fəaliyyətinin təmininə istiqamətin ifadə olunduğu fəaliyyətin motivləri və sövqedici qüvvələri ifadə edilir. Üçüncü, elə fəaliyyət və onların həyata keçmə vasitələrini özündə ehtiva edir ki, onların tamamlayıcı effekti biosferin vəziyyətindəki tarazlığı və cəmiyyətin normal həyat fəaliyyətini təmin edir.
Humanizmin təzahür dərəcəsinə müxtəlif faktorlar təsir edir. Humanizmin təzahürünün xarateri və dərəcəsinin asılı olduğu əsas faktorlar insanların tələbatları,  maraqları və dəyər oriyentasiyalarıdır. Bu və ya digər konkret insanın heç də  tələbatları,  maraqları və dəyər oriyentasiyalarını humanist adlandırmaq olmaz. Məsələn, narkomanların  narkotikə olan tələbatlarını, insanın xuliqan davranışını humanist hesab etmək olmaz. Buna görə də söhbət ağıllı tələbatlar və onların meyarlarından getməlidir. Təbii ki, bunların əsasında da humanizmin mahiyyəti ifadə olunur.
Şəxsiyyətin bu və ya digər marağının humanistliyi onun tələbatlarının  və bu tələbatların təmin edilməsi vasitələrinin humanistliyi ilə müəyyən olunur. Ağıllı tələbatlar və maraqlar əsasında formalaşan dəyərlər humanist xarakter daşıyır.
Müasir dövrün elmi-texniki inqilabla şərtlənən  ziddiyyətlərinə gerçəkliyin humanist anlaşılması nöqteyi-nəzərindən baxan bəzi müəlliflər belə qənaətə gəlirlər ki, bütün “günahlarda” humanizm günahkardır. Humanizm haqqında mühakimələr ya senimentallıq, real qəddar gerçəkliyin tam başa düşülməməsi, ya da şüurlu riyakarlıqdır;  hər bir humanist frazeologiya həyat reallıqlarını qaraldır, ondan imtina etmək lazımdır, belə ki, humanizm idealının qəbul edilməsi təhlükəli nəticələrə gətirir, məhz humanizm varlığın harmoniyasına təcavüzü təmin etmişdir.  Humanizm probleminə dair müasir ədəbiyyatda olan mübahisələr  humanizmin dar mənada anlaşılması  və müasir ictimai proseslərin və onların dəyişilməsi tendesiyayalarına  humanist baxışın hələ kifayət qədər nəzəri işlənməməsi  ilə bağlıdır. Humanist baxış  humanizmin ümumiləşdirilmiş anlaşılması əsasında həyata keçirildikdə bütün bu anlaşmazlıqlar aradan qaldırılır.     
 Beləliklə də, humanizm anlayışı mədəniyyət və fəlsəfə tarixində yüksək əhəmiyyət daşıyan, insanın bir fərd və şəxsiyyət olaraq mükəmməl inkişafına istiqamətlənən baxışların və nəzəriyyələrin məcmusunu əhatə edir. "Humanitas" sözünün latın dilində ilk dəfə e.ə. 83-84-ci illərdə yazarı məlum olmayan "Rhetor ika ad Herennium" adlı mətndə istifadə edildiyi güman edilir. Lakin bu sözə Latın dilində tam mənasıyla hüquq qazandıran Siseron olmuşdur və o, həmin anlayışı təxminən e.ə. 80-ci illərində istifadə etmişdir. Müasir mənada bu anlayış fransız sözü olan “humanisme” sözündən götürülmüş və “insan təbiətinə xas özəlliklərin tamlığı” mənasına gəlir. Bu söz Azərbaycan dilində “insansevərlik” mənasını ifadə edir.  Hal-hazırda ədəbiyyatlarda humanizm daha çox aşağıdakı iki mənada işlədilir:
1.     Antik Yunan mədəniyyətinə və Latın dilinə bələd olan şəxs;
2.     İnsansevərlik.
Humanizm anlayışına toxunarkən ağla ilk gələn insan məhfumudur. Bu da təsadüfi deyil. İntibah dövründən bəri humanist dünyagörüşünün əsas mahyyətini insan, onun təbiəti və həyatı təşkl edir. Bu dünyagörüşünə görə  insan özünü və dünyadakı yerini axtaran bir varlıqdır. Humanizm əxlaqi əsaslara malik olan bir dünyagörüşüdür. Bəzi ədəbiyyatlarda insanın azad olmaq üçün mübarizəsinin humanizmin əsl məqsədi olduğu fikri irəli sürülür. Bu fikir müəyyən qədər doğrudur, çünki azadlıq insanın varlığının əsas meyarlarından biridir.
Humanizm insanın qabiliyyət və bacarıqlarına optimist mövqedən yanaşır. Bu o deməkdir ki, hər bir insan mütləq şəkildə yaxşı və ya fədakar deyil. Lakin o, öz daxilindəki yaxşı tərəfləri inkişaf etdirmək potensialına malikdir. Humanizm fəlsəfəsinin əsas məsələlərindən biri məhz insan potensialının tədqiq və inkişaf etdirilməsi məsələsidir.
Minilliyin əvvəllərindən etibarən insanlar və bəşəriyyət ciddi problemlərlə qarşı-qarşıya idi. Bu problemləri iqtisadi, siyasi, naturfəlsəfi və mənəvi olmaq etibarilə bir neçə qrupda təsnif etmək mümkündür.
Bir çox filosoflar qeyd edir ki, dinlər bəşəriyyətin qarşılaşdığı problemləri həll etməyə qadir deyildir. Buna sübut kimi, bu günə qədər insanlıq tarixində dinin həll etdiyi tək bir problemin olmamasını göstərirlər. Hər hansı bir problemi həll etməyə çalışdıqları zamanlarda isə terrordan istifadə etmişlər. Məsələn, müsəlman ölkələrində baş verən terror hadisələrində müsəlmanlar çarəsiz qalmış, əks qruplaşma yaratmaqdan başqa bir şey edə bilməmişlər. Tarixin səhifələrinə nəzər saldıqda xristian dünyasının da işğallarının mənəvi dəstəyi kimi dindən istifadə etdiyi aydın olur. Ancaq bütün bunların insanlar tərəfindən həyata keçirildiyi unudulmamalıdır.
Humanizm termini hərfi mənada “sevgi” anlayışını deyil, daha fəlsəfi və elmi bir təməli ifadə edir. Bunu “insanmərkəzçilik” də adlandırmaq olar. Yəni tanrı mərkəzçillik müəyyən mənada arxa planda qalır, insan mərkəzçilik əsas götürülür. Məsələn, bir hərəkətin qiymətləndirməsində “tanrının və ya tanrıların məmnuniyyəti” deyil, həmin hərəkətin və ya fəaliyyətin “insana faydası, onun məmnuniyyəti” əsas götürülür. Bu baxımdan da onun sekulyarizmlə möhkəm bir əlaqəsi olduğu qeyd oluna bilər. Ümumiyyətlə deizm, ateizm və aqnostisizm ilə oxşarlıq təşkil edə bilər, lakin humanizm anlayışı onlarla eyni deyil. Humanizm fövqəltəbii qüvvələrin varlığına əsaslanmayan etik əsaslı bir dünyagörüşüdür. Dünyəvi  həyat mövqeyi və insanı azad etmək səyləri humanizmin mahiyyətini qısa olaraq ifadə edir.
Humanizmə görə həqiqəti axtarmaq insanın ən mühüm xüsusiyyətlərindəndir. Lakin həqiqəti mistik, qeyri-elmi və ya ümumi müddəalarla tapmaq mümkünsüzdür. Bu baxımdan gerçəklik axtarışında humanistlərin seçdiyi yol və ya metod mütləq elmi əsaslara malik olmalıdır. Avtoritarlığı və taleyin hadisələr üzərində təsirini qəbul etməyən humanistlər, həqiqi və ya yalan biliklərin sadəcə fərdi şəkildə dərk oluna biləcəyi fikrini müdafiə edirlər. Həqiqətə olan istək elmi skeptisizm və elmi üsullarla təmin olunmalıdır. Bu fəlsəfi baxış, həmçinin, nüfuzu və həddən artıq şübhəni, taleyin insan həyatına təsirini də qəbul etmir.
Humanizm insanın digər canlılardan üstün varlıq olması iddiası ilə razılaşmır. Filosof Piter Singer “İstisna halların olmasına baxmayaraq, humanistlərin bir çoxu özlərini ən böyük qəlibdən, yəni növlərə görə (insan və heyvan) münasibətdən azad ola bilmir. Humanistlər bütün canlı növlərinə qarşı düşüncəsiz istismarın əleyhinə mübarizə aparmalıdır." deyərək humanizmin təbiət və heyvan sevgisini də birləşdirdiyini göstərir. O, insanın digər canlılar üzərində əzəldən verilmiş bir üstünlüyü olmadığını əlavə edir.

İnsanı yüksək dəyər kimi qiymətləndirən humanizm insan ləyaqətinin iqtisadi, siyasi, mənəvi, ideoloji, dini və digər cəhətlərdən qorunmasını tələb edir, inkişaf edən dünyada kəşflərin, yeniliklərin insanlıq mövqeyindən qiymətləndirilməsi üçün çalışır.

Xarici ölkələrdə və Azərbaycanda vətəndaşlıq şərtləri

by 11:30 AM
Hamının ölkədən qaçmağa çalışdığı bir dövrdə Azərbaycan daxil bir çox ölkələrin vətəndaşlıq şərtlərini bilmək maraqlı olar deyə düşünürəm. Araşdırdığım ölkələr sırasında vətəndaşlıq alma müddəti və şərtləri kifayət qədər fərqlidir. Bəzi ölkələr ümumiyyətlə vətəndaşlıq vermədiyi halda, bəzi ölkələrdə pulun varsa vətəndaşlıq ala bilirsən.
İlk olaraq, Azərbaycan vətəndaşları üçün viza tələb olunan və olunmayan ölkələr haqqında məlumat vermək istəyirəm. AR vətəndaşları 60-dan çox ölkəyə vizasız gedib-gəlmək imkanına malikdir. Bunlar sırasında viza tələb olunmayan ölkələr (Türkiyə, İndoneziya və əksər MDB ölkələri), sərhəddə viza verən ölkələr(İran, İraq, Bolivya, Yamayka, Banqladeş, Küveyt, Nepal, İsrail və bir çox Afrika ölkələri) və Diplomatik və ya xüsusi pasportla getmək mümkün olan ölkələr (Albaniya, Almaniya, Avstriya, Belçika, BƏƏ, Çin, Çexiya, Kipr, Finlandiya, Fransa, Litva, Latviya, Norveç, Niderland, Yunanistan və s.) vardır.
ABŞ
Amerika qanunlarına görə, bu ölkənin vətəndaşlığını ala bilməyin bir neçə yolu var. Bunlar Green Card(bundan sonra Yaşıl Kart), nigah və əsgərlikdir. Amerikaya Yaşıl Kart və ya turist vizası ilə getmək mümkündür. Bilindiyi kimi turist vizası almaq üçün ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət etmək lazımdır. Bəs Yaşıl Kart nədir? Yaşıl Kart miqrantlara daimi yaşamaq və işləmək icazəsi verən viza proqramıdır. Ölkənin ucqar bölgələrində 500 min dollarlıq, şəhərlərində isə 1 milyon dollarlıq sərmayə qoymaqla və ya lotoreya yolu ilə Yaşıl Kart almaq mümkündür. Yaşıl Kartla beş il müddətində ölkə ərazisində yaşadıqdan sonra vətəndaşlıq üçün müraciət edə bilərsiniz. Ancaq yenə də bir sıra şərtlər mövcuddur:
-Ölkədə keçirdiyiniz 5 ilin ən azı 30 ayını burada keçirməlisiniz.
-İngilis dilini yaxşı bilməlisiniz.
-18 yaşından yuxarı olmalısınız.
İkinci yol, Amerika vətəndaşı ilə evlənməkdir. Ancaq bu da sizə qısa müddətdə vətəndaşlıq əldə etmək imkanı vermir. Vətəndaşlığa müraciət edə bilmək üçün ilk növbədə 3 il müddətinə müvəqqəti yaşamaq icazəsi alırsınız. Həmin üç ilin ən az 18 ayını Amerikada olmalısınız. Və vətəndaşlıq üçün müraciət etdiyiniz şəhərdə ən azı 3 aydır yaşamaqda olmalısınız. Üçüncü bir yol isə, Amerikan ordusunda ən azı 1 il əsgər olmaqdır. Bu zaman siz, əgər:
-18 yaşından yuxarısınızsa;
-Amerikada 5 ildir yaşayırsınızsa;
-Həmin 5 ilin 30 ayını bu ölkədə olmusunuzsa;
-İngilis dilini yaxşı bilirsinizsə;
-Və Amerika tarixi və qanunları haqqında məlumatınız varsa, vətəndaşlıq üçün müraciət edə bilərsiniz.
Həmçinin, Amerika sərhədləri daxilində doğulmuş uşaq avtomatik olaraq, Amerika vətəndaşı sayılır.

Kanada
Kanadaya gedə bilmək üçün əvvəlcə özünüzə uyğun viza proqramını seçməlisiniz. Bu proqramlar içərisində ən geniş yayılanları Turist vizası, İş vizası, Təhsil vizası və s.-dir. Vizaların verilməsi şərtləri sırasında şəxsin sağlamlıq vəziyyəti, cinayət tarixçəsinin olmaması, varsa belə qanuni olaraq silinmiş olması əsas yer tutur.
Kanadada vətəndaşlıq ala bilmək üçün aşağıdakı şərtlərə cavab vermək lazımdır:
-18 yaşından yuxarı olmaq;
-Rəsmi icazə ilə ölkə ərazisində ən azı 3 il yaşamaq;
-Ölkənin rəsmi dillərindən heç olmasa birini yüksək səviyyədə bilmək;
-Ölkənin tarixi, siyasəti və qanunlarına bələd olmaq.
Bu şərtlər ödəndiyi təqdirdə Vətəndaşlıq İmtahanına girmək imkanı qazanırsınız.

Birləşmiş Krallıq
İngiltərə vətəndaşlığı almaq bir çox ölkəyə nəzərən daha sadədir. Çünki əgər yaşınız 18-dən çoxdursa və ən azı beş il rəsmi icazə ilə İngiltərədə yaşamısınızsa vətəndaşlıq üçün müraciət edə bilərsiniz. Eyni zamanda İngiltərə vətəndaşı ilə üç il evli olmaqla da vətəndaşlıq üçün müraciət etmək mümkündür. İngiltərə həm də 1 milyon funtsterliq sərmayə ilə müvvəqqəti yaşamaq icazəsi, 5 il sonra isə vətəndaşlıq verir.

Almaniya
Əgər 16 yaşınız tamamdırsa, kifayət qədər alman dili bilirsinizsə, Almaniyada ən azı 8 ildir rəsmi icazə ilə yaşamısınızsa və bu müddət ərzində heç bir cinayət məsuliyyətinə cəlb olunmamısınızsa Alman vətəndaşlığı üçün müraciət edə bilərsiniz.

Avstriya
Avstriyada 10 il yaşayan və Alman dilini bilən hər kəs vətəndaşlıq üçün müraciət edə bilər. Həmçinin, əgər 5 ildir Avstriya vətəndaşı ilə evlisinizsə və ən azı 6 ildir burada yaşayırsınızsa, vətəndaşlıq üçün müraciət edə bilərsiniz. Avstriyada da “pulu verən tütəyi çalar” məsəli keçərlidir. Burada hər hansı bir yardım fonduna və ya elmi layihəyə 3 milyon avro miqdarında maliyyə yardımı göstərməklə vətəndaşlığa müraciət etmək haqqı qazanırsınız.

İsveçrə
İsveçrə vətəndaşı ola bilmək üçün ən azı 12 il rəsmi icazə ilə burada yaşamalısınız. Və ya İsveçrə vətəndaşı ilə 3 il nigahda qalmalı və 5 il ölkədə yaşamalısınız. Bir çox ölkələrdən fərqli olaraq İsveçrədə doğulan uşaq bu ölkənin vətəndaşı olmur. Bunun üçün valideynlərdən ən azı biri İsveçrə vətəndaşı olmalıdır.

Avstraliya
Avstraliyada rəsmi icazə ilə 4 il yaşayan hər kəs vətəndaşlıq üçün müraciət edə bilər. Burada da valideynlərdən biri ölkə vətəndaşıdırsa və ya ən azından rəsmi yaşayış icazəsinə sahibdirsə, doğulan uşaq da Avstraliya vətəndaşı hesab olunur. Əlbəttə, bu zaman valideynin ən azı iki il Avstraliyada yaşaması kimi bir şərt daha var.

Yaponiya
Yaponiyada vətəndaşlıq almaq üçün 5 il rəsmi icazə ilə ölkədə yaşamaq, Yapon dilini bilmək, 18 yaşından yuxarı olmaq və cinayət tarixcənin olmaması tələb olunur.

Yunanıstan
Yunanıstanda 7 il yaşayaraq vətəndaşlıq almaq mümkündür. Həmçinin, əgər etnik kökəninizin yunan olduğunu sübut edə bilsəniz, vətəndaşlıq ala bilərsiniz.

Ukraniya
Ukraniyada rəsmi icazə ilə 5 il müddətdə yaşayan, ölkənin dilini və konstitusiyasını bilən şəxslər vətəndaşlıq üçün müraciət edə bilər.

Belçika
Digər Aİ ölkələrinə nəzərən Belçikada vətəndaşlıq prosesi nisbətən asandır. Çünki bunun üçün ölkə ərazisində rəsmi icazə ilə 3 il yaşamaq kifayətdir.

Fransa
Fransa vətəndaşlığı ala bilmək üçün burada 5 il rəsmi icazə ilə yaşamaq kifayət edir. Ancaq əgər hər hansı bir Fransa universitetində təhsil alırsınızsa, fransız dilini yaxşı bilirsinizsə, 18 yaşınız varsa və cinayət tarixcəniz yoxdursa, bu müddət iki ilə qədər enir. Həmçinin Fransız vətəndaşı ilə 4 il evli qaldıqda da vətəndaşlıq üçün müraciət edə bilirsiniz.

Azərbaycan
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, AR vətəndaşı ola bilmək üçün iki il ardıcıl olaraq birillik müvvəqqəti yaşamaq icazəsi, ardından isə 5 illik daimi yaşamaq icazəsi almalısınız. 7 ilin tamamında AR vətəndaşlığı üçün müraciət etmək şansı qazanırsınız. Ancaq Azərbaycanın müvəqqəti və daimi yaşayış icazəsi üçün kifayət qədər çətin şərtləri var. İlk növbədə qeyd edim ki, AR-da təhsil alırsınızsa, əyani təhsil üçün universitet tərəfindən müvəqqəti yaşayış vəsiqəsi verilir, ancaq sonradan vətəndaşlıq almaq üçün bu vəsiqələr rol oynamır. Yəni təhsil müddəti bitdi, salam-əleykum bitdi. Vətəndaşlıq ala bilmək üçün yenidən həmin çətin şərtlərlə üz-üzə qalırsınız. Yaşama icazəsinin alınması üçün tələb olunan şərtlərdən bir neçəsini, Miqrasiya məcəlləsinə əsasən, nəzərinizə çatdırıram:
-Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
-ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda;
- iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
-Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
-Azərbaycan vətəndaşı ilə rəsmi nigahda olduqda.
Ümumiyyətlə, Azərbaycan Miqrasiya Məcəlləsi oxu-oxu bitməyənlərdəndir. İşdir əgər bu şərtlərdən birini ödəyirsinizsə, o zaman 7 ilin sonunda vətəndaşlıq almaq üçün sizə aşağıdakılar lazım olacaq(yenə də Miqrasiya Məcəlləsinə əsasən):
1.       Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket;
2.       4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
3.       yaşayış yerindən ailə tərkibi haqqında arayış;
4.       dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
5.       Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
6.       Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
7.       Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
8.       şəxsiyyəti təsdiq edən sənədin surəti;
9.       qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) ;
10.       “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.


Həqiqətənmi fəlsəfə elmə uduzur?

by 12:04 AM
Müasir dövrün qarşıya qoyduğu ən mühüm suallardan biri budur: Fəlsəfə, yoxsa Elm həyatla bağlı ən vacib suallara cavab verə bilər?


Bir dünyagörüşü və metodologiya kimi fəlsəfənin dəyəri onun həyatla əlaqəsi ilə ölçülür. Bu əlaqə həm birbaşa, həm də dolayı yolla elm, incəsənət, hüquq, əxlaq, din və siyasət də daxil olmaqla bütöv mədəniyyət sistemini əhatə edir.

Fəlsəfə və elm arasındakı münasibətlər əsrlər boyu müzakirə mövzusu olsa da, hələ də heç bir vahid görüş yoxdur. Bəzi baxışlar onların münasibətini ayrılmaz hesab edir, digərləri isə fəlsəfənin öz, elmin isə öz yolu olduğunu müdafiə edirlər. Bu baxışın tərəfdarları hesab edirlər ki, elm heç bir aktual fəlsəfi problemi nəzərə almadan bütün suallara cavab verə biləcək qədər inkişaf edib.

Fransız sosioloqu Oqyust Kont tərəfindən irəli sürülən pozitivizm nəzəriyyəsinə görə, elmə heç bir fəlsəfə lazım deyil. Hər bir elm özü üçün fəlsəfədir. Buna görə ayrıca bir sahəyə ehtiyac yoxdur. Kontun fəlsəfə ilə barışmazlığı onun praktik, təcrübi biliyə üstünlük verməsində irəli gəlirdi. Bildiyimiz kimi fəlsəfə isə ilk olaraq nəzəri biliklərin yaradıcısı kimi çıxış edir. Ancaq Kont fəlsəfənin empirik tərəflərini nəzərə almamaqla onu məhdudlaşdırır və yanlış təsvir edirdi.

Bəs fəlsəfə elmin dəstəyi olmadan inkişaf edə bilərmi? Və ya elm fəlsəfəsiz bu surətini saxlaya bilərmi?

Fəlsəfədən imtina etmənin əsassızlığını izah etmək üçün ortaya belə bir məsələ qoyaq. Hər hansı bir alim atomun nə olduğunu bilmədən, onu dərk etmədən, xüsusiyyətlərinə bələd olmadan hansı təcrübəni apara bilər? Bu sualı elmi terminologiyanın bütün anlayışlarına şamil etmək olar. Məhz, fəlsəfə həmin termin və anlayışları şərh və izah edir. Ən sadə dillə, əgər insanlar tarix başlayandan bəri düşünməsəydilər, səbəblərlə maraqlanmasaydılar, indi necə bir dünyada yaşayardıq? Bu sual bəlkə də məsələnin həlli üçün əsas suallardan biridir və özü ilə digər çoxsaylı sualları gətirir. Düşünmək sənəti olan fəlsəfə, məhz, bu səbəbdən elmdən kənarlaşdırıla, ayrıla bilməz. Spirkinin təbirincə desək, elm və fəlsəfə daim bir-birindən öyrənib. Elm fəlsəfənin qoyduğu suallar sayəsində saysız kəşflər edir. Fəlsəfə isə elmin nailiyyətləri sayəsində yenilənir, yeni ideyalar ortaya qoyur.  Spirkin fəlsəfə tarixinə yaxşı bələd idi və hələ elmin fəlsəfədən ayrılıb müstəqil bir sahəyə çevrilmədiyi dövrlərdə bütün alimlərin həm də filosof olduğunu bilirdi. Demək olar ki, bir çox həyati əhəmiyyətli kəşflər fəlsəfi ideyalar vasitəsilə irəli sürülüb. Məsələn, atomun müəyyən quruluşa malik olması haqqında ideya Antik dövr filosofu Demokrit tərəfindən irəli sürülmüşdü. Təbii seçmə haqqında ilk ideyalar isə qədim dövrdə Lukretsi, onun ardından isə yeni dövrdə fransız filosofu Deni Didro tərəfindən ortaya atılmışdı. Materiyanın vahidliyi, hərəkət, məkan və zaman, fasiləlilik və fasiləsizlik, sonluluq və sonsuzluq haqqında ideyalar fəlsəfi düşüncənin məhsuludur.

Fəlsəfi prinsiplər, konsepsiyalar və qanunlar müxtəlif elm sahələri üçün təkanverici qüvvə rolunu oynayır. Məsələn, Evklid həndəsəsi, əsrlər boyu insanların düşüncələrinə təsir edən Qaliley və Nyutonun mexanikası, Kopernikin kainatın mərkəzini yenidən “yaradan” heliosentrik sistemi, insanın təbiətdəki yerini göstərən Darvinin təkamül nəzəriyyəsi, materiyanı daha yaxşı anlamağımıza səbəb olan Mendeleyevin kimyəvi elementlər sistemi, materiya, hərəkət, zaman və məkan arasındakı əlaqələri izah edən Eynşteynin nisbilik nəzəriyyəsi, kvant fizikası, əqli fəaliyyətin maddi əsasları haqqında biliklərimizi formalaşdıran İ.Pavlov və M.Seçenovun ali sinir fəaliyyəti nəzəriyyəsi, texnologiya və cəmiyyət arasındakı münasibətlərdə yeni üfüqlər açan kibernetika nəzəriyyəsi və digər bir çox dünya əhəmiyyətli kəşflər elm və fəlsəfənin ortaq məhsuludur.

Fəlsəfə elmi əvəz etmək niyyətində deyil. Əksinə o, elmi anlayışları şərh və izah edir, elmi nəzəri təfəkkürün prinsipləri və metodları ilə silahlandırır. İxtisaslaşdırılmış və inteqrasiyalaşmış elm sahələrinə nəzərən fəlsəfə daha ümumi və geniş məzmun kəsb edir. Mahiyyət etibarilə ilə bütün elmlərə xas məlumatları bu və ya digər şəkildə birləşdirib əlaqələndirməsini nəzərə alaraq onu “elmlər elmi” adlandırmaq olar.

Son dövrlər belə bir fikir ortaya atılır ki, fəlsəfə elmin ardıcıl və sürətli nailiyyətləri ilə ayaqlaşa bilmir. Ancaq bu haqsız iraddır. Bildiyimiz kimi, elmin və texnologiyanın bu cür inkişafı özü ilə birlikdə qlobal problemləri gətirib. Məsələn, elmi-texniki inqilab nəticəsində təbiətin şiddətli istismarı, zavod və avtomobillərin havaya buraxdığı zəhərli maddələr şiddətli ekoloji problemlərə və xəstəliklərə səbəb olur. Həmçinin texnologiyanın sürətli inkişafı insanların mənəvi aləminə də mənfi təsir göstərir, texnoloji inkişaf nəticəsində iş yerlərində insanların maşınlarla əvəz olunması dünya miqyasında işsizlik və özgələşmə problemi yaradır.

Müasir dövrdə elm öz axarı ilə getsə də, fəlsəfə öz ənənəvi məsələləri ilə yanaşı, həm də qlobal miqyaslı həmin problemlərin həlli ilə də məşğul olur. Və bu onun məzmununu bir tərəfdən genişləndirir, digər tərəfdən isə daha da zənginləşdirir. Belə ki, müasir fəlsəfə elmin inkişaf istiqamətlərini və törədə biləcəyi nəticələri əvvəlcədən proqnozlaşdıraraq həm cəmiyyətin, həm də yaşadığımız dünyanın gələcəyini formalaşdırır.



http://xeber365.com/

Disqus Shortname

Comments system

Powered by Blogger.