Xarici ölkələrdə və Azərbaycanda vətəndaşlıq şərtləri

Hamının ölkədən qaçmağa çalışdığı bir dövrdə Azərbaycan daxil bir çox ölkələrin vətəndaşlıq şərtlərini bilmək maraqlı olar deyə düşünürəm. Araşdırdığım ölkələr sırasında vətəndaşlıq alma müddəti və şərtləri kifayət qədər fərqlidir. Bəzi ölkələr ümumiyyətlə vətəndaşlıq vermədiyi halda, bəzi ölkələrdə pulun varsa vətəndaşlıq ala bilirsən.
İlk olaraq, Azərbaycan vətəndaşları üçün viza tələb olunan və olunmayan ölkələr haqqında məlumat vermək istəyirəm. AR vətəndaşları 60-dan çox ölkəyə vizasız gedib-gəlmək imkanına malikdir. Bunlar sırasında viza tələb olunmayan ölkələr (Türkiyə, İndoneziya və əksər MDB ölkələri), sərhəddə viza verən ölkələr(İran, İraq, Bolivya, Yamayka, Banqladeş, Küveyt, Nepal, İsrail və bir çox Afrika ölkələri) və Diplomatik və ya xüsusi pasportla getmək mümkün olan ölkələr (Albaniya, Almaniya, Avstriya, Belçika, BƏƏ, Çin, Çexiya, Kipr, Finlandiya, Fransa, Litva, Latviya, Norveç, Niderland, Yunanistan və s.) vardır.
ABŞ
Amerika qanunlarına görə, bu ölkənin vətəndaşlığını ala bilməyin bir neçə yolu var. Bunlar Green Card(bundan sonra Yaşıl Kart), nigah və əsgərlikdir. Amerikaya Yaşıl Kart və ya turist vizası ilə getmək mümkündür. Bilindiyi kimi turist vizası almaq üçün ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət etmək lazımdır. Bəs Yaşıl Kart nədir? Yaşıl Kart miqrantlara daimi yaşamaq və işləmək icazəsi verən viza proqramıdır. Ölkənin ucqar bölgələrində 500 min dollarlıq, şəhərlərində isə 1 milyon dollarlıq sərmayə qoymaqla və ya lotoreya yolu ilə Yaşıl Kart almaq mümkündür. Yaşıl Kartla beş il müddətində ölkə ərazisində yaşadıqdan sonra vətəndaşlıq üçün müraciət edə bilərsiniz. Ancaq yenə də bir sıra şərtlər mövcuddur:
-Ölkədə keçirdiyiniz 5 ilin ən azı 30 ayını burada keçirməlisiniz.
-İngilis dilini yaxşı bilməlisiniz.
-18 yaşından yuxarı olmalısınız.
İkinci yol, Amerika vətəndaşı ilə evlənməkdir. Ancaq bu da sizə qısa müddətdə vətəndaşlıq əldə etmək imkanı vermir. Vətəndaşlığa müraciət edə bilmək üçün ilk növbədə 3 il müddətinə müvəqqəti yaşamaq icazəsi alırsınız. Həmin üç ilin ən az 18 ayını Amerikada olmalısınız. Və vətəndaşlıq üçün müraciət etdiyiniz şəhərdə ən azı 3 aydır yaşamaqda olmalısınız. Üçüncü bir yol isə, Amerikan ordusunda ən azı 1 il əsgər olmaqdır. Bu zaman siz, əgər:
-18 yaşından yuxarısınızsa;
-Amerikada 5 ildir yaşayırsınızsa;
-Həmin 5 ilin 30 ayını bu ölkədə olmusunuzsa;
-İngilis dilini yaxşı bilirsinizsə;
-Və Amerika tarixi və qanunları haqqında məlumatınız varsa, vətəndaşlıq üçün müraciət edə bilərsiniz.
Həmçinin, Amerika sərhədləri daxilində doğulmuş uşaq avtomatik olaraq, Amerika vətəndaşı sayılır.

Kanada
Kanadaya gedə bilmək üçün əvvəlcə özünüzə uyğun viza proqramını seçməlisiniz. Bu proqramlar içərisində ən geniş yayılanları Turist vizası, İş vizası, Təhsil vizası və s.-dir. Vizaların verilməsi şərtləri sırasında şəxsin sağlamlıq vəziyyəti, cinayət tarixçəsinin olmaması, varsa belə qanuni olaraq silinmiş olması əsas yer tutur.
Kanadada vətəndaşlıq ala bilmək üçün aşağıdakı şərtlərə cavab vermək lazımdır:
-18 yaşından yuxarı olmaq;
-Rəsmi icazə ilə ölkə ərazisində ən azı 3 il yaşamaq;
-Ölkənin rəsmi dillərindən heç olmasa birini yüksək səviyyədə bilmək;
-Ölkənin tarixi, siyasəti və qanunlarına bələd olmaq.
Bu şərtlər ödəndiyi təqdirdə Vətəndaşlıq İmtahanına girmək imkanı qazanırsınız.

Birləşmiş Krallıq
İngiltərə vətəndaşlığı almaq bir çox ölkəyə nəzərən daha sadədir. Çünki əgər yaşınız 18-dən çoxdursa və ən azı beş il rəsmi icazə ilə İngiltərədə yaşamısınızsa vətəndaşlıq üçün müraciət edə bilərsiniz. Eyni zamanda İngiltərə vətəndaşı ilə üç il evli olmaqla da vətəndaşlıq üçün müraciət etmək mümkündür. İngiltərə həm də 1 milyon funtsterliq sərmayə ilə müvvəqqəti yaşamaq icazəsi, 5 il sonra isə vətəndaşlıq verir.

Almaniya
Əgər 16 yaşınız tamamdırsa, kifayət qədər alman dili bilirsinizsə, Almaniyada ən azı 8 ildir rəsmi icazə ilə yaşamısınızsa və bu müddət ərzində heç bir cinayət məsuliyyətinə cəlb olunmamısınızsa Alman vətəndaşlığı üçün müraciət edə bilərsiniz.

Avstriya
Avstriyada 10 il yaşayan və Alman dilini bilən hər kəs vətəndaşlıq üçün müraciət edə bilər. Həmçinin, əgər 5 ildir Avstriya vətəndaşı ilə evlisinizsə və ən azı 6 ildir burada yaşayırsınızsa, vətəndaşlıq üçün müraciət edə bilərsiniz. Avstriyada da “pulu verən tütəyi çalar” məsəli keçərlidir. Burada hər hansı bir yardım fonduna və ya elmi layihəyə 3 milyon avro miqdarında maliyyə yardımı göstərməklə vətəndaşlığa müraciət etmək haqqı qazanırsınız.

İsveçrə
İsveçrə vətəndaşı ola bilmək üçün ən azı 12 il rəsmi icazə ilə burada yaşamalısınız. Və ya İsveçrə vətəndaşı ilə 3 il nigahda qalmalı və 5 il ölkədə yaşamalısınız. Bir çox ölkələrdən fərqli olaraq İsveçrədə doğulan uşaq bu ölkənin vətəndaşı olmur. Bunun üçün valideynlərdən ən azı biri İsveçrə vətəndaşı olmalıdır.

Avstraliya
Avstraliyada rəsmi icazə ilə 4 il yaşayan hər kəs vətəndaşlıq üçün müraciət edə bilər. Burada da valideynlərdən biri ölkə vətəndaşıdırsa və ya ən azından rəsmi yaşayış icazəsinə sahibdirsə, doğulan uşaq da Avstraliya vətəndaşı hesab olunur. Əlbəttə, bu zaman valideynin ən azı iki il Avstraliyada yaşaması kimi bir şərt daha var.

Yaponiya
Yaponiyada vətəndaşlıq almaq üçün 5 il rəsmi icazə ilə ölkədə yaşamaq, Yapon dilini bilmək, 18 yaşından yuxarı olmaq və cinayət tarixcənin olmaması tələb olunur.

Yunanıstan
Yunanıstanda 7 il yaşayaraq vətəndaşlıq almaq mümkündür. Həmçinin, əgər etnik kökəninizin yunan olduğunu sübut edə bilsəniz, vətəndaşlıq ala bilərsiniz.

Ukraniya
Ukraniyada rəsmi icazə ilə 5 il müddətdə yaşayan, ölkənin dilini və konstitusiyasını bilən şəxslər vətəndaşlıq üçün müraciət edə bilər.

Belçika
Digər Aİ ölkələrinə nəzərən Belçikada vətəndaşlıq prosesi nisbətən asandır. Çünki bunun üçün ölkə ərazisində rəsmi icazə ilə 3 il yaşamaq kifayətdir.

Fransa
Fransa vətəndaşlığı ala bilmək üçün burada 5 il rəsmi icazə ilə yaşamaq kifayət edir. Ancaq əgər hər hansı bir Fransa universitetində təhsil alırsınızsa, fransız dilini yaxşı bilirsinizsə, 18 yaşınız varsa və cinayət tarixcəniz yoxdursa, bu müddət iki ilə qədər enir. Həmçinin Fransız vətəndaşı ilə 4 il evli qaldıqda da vətəndaşlıq üçün müraciət edə bilirsiniz.

Azərbaycan
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, AR vətəndaşı ola bilmək üçün iki il ardıcıl olaraq birillik müvvəqqəti yaşamaq icazəsi, ardından isə 5 illik daimi yaşamaq icazəsi almalısınız. 7 ilin tamamında AR vətəndaşlığı üçün müraciət etmək şansı qazanırsınız. Ancaq Azərbaycanın müvəqqəti və daimi yaşayış icazəsi üçün kifayət qədər çətin şərtləri var. İlk növbədə qeyd edim ki, AR-da təhsil alırsınızsa, əyani təhsil üçün universitet tərəfindən müvəqqəti yaşayış vəsiqəsi verilir, ancaq sonradan vətəndaşlıq almaq üçün bu vəsiqələr rol oynamır. Yəni təhsil müddəti bitdi, salam-əleykum bitdi. Vətəndaşlıq ala bilmək üçün yenidən həmin çətin şərtlərlə üz-üzə qalırsınız. Yaşama icazəsinin alınması üçün tələb olunan şərtlərdən bir neçəsini, Miqrasiya məcəlləsinə əsasən, nəzərinizə çatdırıram:
-Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
-ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda;
- iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
-Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
-Azərbaycan vətəndaşı ilə rəsmi nigahda olduqda.
Ümumiyyətlə, Azərbaycan Miqrasiya Məcəlləsi oxu-oxu bitməyənlərdəndir. İşdir əgər bu şərtlərdən birini ödəyirsinizsə, o zaman 7 ilin sonunda vətəndaşlıq almaq üçün sizə aşağıdakılar lazım olacaq(yenə də Miqrasiya Məcəlləsinə əsasən):
1.       Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket;
2.       4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
3.       yaşayış yerindən ailə tərkibi haqqında arayış;
4.       dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
5.       Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
6.       Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
7.       Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
8.       şəxsiyyəti təsdiq edən sənədin surəti;
9.       qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) ;
10.       “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.


1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Disqus Shortname

Comments system

Powered by Blogger.